SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar – FOTO

Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar – FOTO

Tarix:

23-01-2017, 11:43

/ 1 673 dəfə oxundu.
Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar – FOTO

Ukraynadakı azərbaycanlıların 20 Yanvarla bağlı təşkil etdiyi tədbir-yürüşə bu olkədəki səfirimiz qatılmayıb. Bu isə soydaşlarımızın böyük narazılığına səbəb olub. Məsələ ilə bağlı geniş yazı hazırlanıb. Həmin yazıda Ukraynaya yeni təyin olunmuş səfirimiz Azər Xudiyev diasporumuzu parçalamaqda, Prezidentin bu sahədə verdiyi tapşırıqları yerinə yetirməməkdə, vəzifəsinin öhtəsindən gələ bilməməkdə ittiham olunub.
Həmin yazını təqdim edirik:

Ötən həftə Azərbaycan və dünyada yaşayan azərbaycanlılar 1990-cı il 20 yanvar tarixində Bakıda baş vermiş "Qanlı Yanvar” hadisələrini müxtəlif formada qeyd etdilər. Bizim üçün ən maraqlısı 27 il bundan əvvəl baş verən bu qətliamın dünyanın müxtəlif ölkələrində hansı səviyyədə qeyd olunmasıdır. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi həm də Azərbaycan həqiqətlərinin dünyaya bir daha çatdırılması demək idi. Azərbaycanın xaricdəki səfirlikləri və diaspor təşkilatlarının vəzifə və vicdan borcu olan bu kimi tədbirlər onların həm də yaşadıqları cəmiyyətlərlə necə işləmələrinin göstəricisi olacaqdı.


Əlbəttə, səfirliklərimiz və diaspor təşkilatlarının elektron poçtlarımızı dolduran plagiat press-relizləri və 5-10 adamın toplaşdığı dəyirmi masalardan çəkilmiş "qalstuklu fotoları” bir neçə il bundan əvvələ qədər "başımızın altına yastıq qoyurdu”. Amma bu gün elə deyil. Nə yaxşı ki, sosial şəbəkələr var və biz bu şəbəkələr vasitəsi ilə kimin harada "gözdən pərdə asdığını” açıq-aydın müşahidə edirik.

Bu dəfə son günlər mətbuatın gündəmini daha çox zəbt edən Ukrayna ilə maraqlandıq. O Ukraynaya ki, orda Azərbaycanın yeni səfiri və iddiaları boylarını aşan, hətta erməni həmkarları ilə "dil tapmağı” bacaran diaspor təşkilatlarımız var. Çox yaxşı və bütün bunlar varsa niyə səfirlik və diaspor təşkilatları 27 ildir millət olaraq bizləri "unutmadıq” deməyə məcbur edən bu qətliamı yüksək səviyyədə qeyd etmədilər? Yox, pardon, qeyd etdilər, amma necə?


Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ermənilərlə qol-boyun olan azərbaycanlıların hansısa birləşmiş konqresi və bu ölkədə yaşayan millətlər birliyinin sədri ilə qoşalaşaraq yanvarın 19-da 10-15 adamın iştirakı ilə (onların da 7-si azərbaycanlıdı) anım tədbiri keçirir. Və bu tədbir sosial şəbəkələrdə canlı "yayımlanır”, fotoları gözümüzə girir, kadrları hətta "AzTV” ekranlarına qədər gedir çıxır. Və hamı bu dar çərçivədən Azərbaycan həqiqətlərini "öyrənir”...

Deyək ki, Ukrayna Azər Xudiyevin səfir kimi ilk iş yeridir və cənab diplomat hələ adaptasiya mərhələsindədir. Yaxşı bəs, minlərlə azərbaycanlıya, Ukraynada yaşayan hansısa qeyri-millətlər birliyinə rəhbərlik edən Rövşən Tağıyevə nə olmuşdu? Ukraynada yaşayan azərbaycanlılar qalsın bir kənarda, olmazdımı rəhbərlik etdiyi qeyri-millətlər birliyindən 100-200 adamı toplayıb normal bir tədbir keçirəydi?! Deməli, olmur, əgər bacarsaydılar və bu millətin acılarını paylaşmaq üçün pul, vaxt, enerji xərcləmək istəsəydilər, böyük bir yer kirayələyib normal tədbir keçirmək olardı. Necə ki, düz 20 gün əvvəl erməni diasporunun rəhbəri Aşotla qol-boyun olub yeni il şənliyini təm-təraqla keçirmişdilər. Bu barədə çox yazıldığından əlavə şərhə ehtiyac duymuruq.

Sosial şəbəkələr Ukraynada 20 Yanvarla bağlı başqa bir tədbiri də bizə nümayiş etdirir. Statuslardan və mətbuatda çıxan məlumatlardan da aydın olur ki, yanvarın 20-də Ukraynanın Dnepr şəhərində keçirilən tədbirin təşkilatçıları Dnepropetrovsk Azərbaycanlılarının Birləşmiş İcmasıdır. İcma paytaxt Kiyevdə səfirin və Birləşmiş Konqresin "birləşərək” bir gün əvvəl təşkil etdikləri tədbirdən qat-qat səviyyəli - 1000 nəfərin iştirakı ilə anım təşkil etmişdi.


Görüntülərdən də müşahidə edirik ki, T.Şevçenko adına teatrın böyük salonunda keçirilən tədbirdə Dnepropetrovsk şəhəri qubernatorunun müavini, deputatlar, Kiyevdən və Ukraynanın müxtəlif şəhərlərindən həm yerli sakinlər, həm də yüzlərlə soydaşımız iştirak edir. Tədbirin özəlliyi həm də ondan ibarət idi ki, rəsmi hissədən başqa, təşkilatçılar Donbasda həlak olan müxtəlif millətlərin nümayəndələrinin dəfn edildiyi məzarları ziyarət edərək "Qanlı Yanvar” hadisələri ilə paralellik aparırlar. Azərbaycan və Ukrayna bayrağı ilə bəzədilən yüzlərlə maşın karvanı Dneprin küçələrində insanlara Azərbaycanı - "Qanlı Yanvar”ı xatırladır.

Təəssüf ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev nədənsə bu tədbiri boykot edir, anım mərasimində iştirakla bağlı şəxsinə ünvanlanan dəvəti geri çevirir, nəyinki özü, ümumiyyətlə diplomatik korpusdan tədbirdə iştirak etmək üçün heç kimi göndərmir. Beləliklə, bölgədə yaşayan minlərlə azərbaycanlıya hörmətsizlik edir. Əcəba niyə?

Bəlkə, cənab Azər Xudiyev 2016-cı il, iyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin aşağıdakı tələbini unudub: "...Dövlət orqanları ilə Azərbaycan diaspor təşkilatlarının əlaqələri daimi olmalıdır, güclənməlidir. Bizim xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz də bu işdə çox fəal olmalıdırlar. Mən onlara da dəfələrlə tövsiyə etmişəm, göstəriş vermişəm ki, diaspor təşkilatları ilə daim əlaqədə olsunlar. Mən xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər bir çıxışda xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor təşkilatlarına kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir...”

Baş verənlər göstərir ki, səfir Xudiyev nəyinki azərbaycanlılara kömək edir, əksinə bu kimi ümummilli tədbirlərdə iştirak etməməklə Ukraynada yaşayan azərbaycanlılar arasında hörmətdən düşür. O da mümkündür ki, səfir statusundan bu qədər xoşhal olan cənab Xudiyev Prezident İlham Əliyevin birlik və bərabərlik çağırışlarını belə unudub: "Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum və qeyd edim ki, birlik əsas məsələdir...”

Göründüyü kimi, üç-dörd aylıq fəaliyyətində dövlət başçısının bu ya digər tövsiyələrini nəzərə almayan səfir Azər Xudiyev Ukrayna azərbaycanlılarını birləşdirmək, ümummilli məsələlərdə onların hamısını "bir damın altına toplamaq” əvəzinə daha çox parçalamaq siyasəti aparır. Bu da əlbəttə ki, səfirə - dövlətin Ukraynadakı birinci dərəcəli nümayəndəsinə etimadsızlıq yaradır.

Fotolardan da göründüyü kimi, pulu-parası qalsın bir yana, bəzi vicdanlı soydaşlarımız birləşərək bu kimi tədbirlərə günlərlə hazırlaşırlar, canlarını, ruhlarını qoyurlar. Bu insanlara onsuz da dəstək olmursunuz, heç olmazsa yanlarında olun, iki cümlə sözlə də olsa həmrəylik nümayiş etdirin.

Axı siz orda dövlətsiniz, cənablar!

Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar – FOTO
Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar – FOTO
Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar – FOTO
Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar – FOTO

Şərhlər

XƏBƏR LENTİ