SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » İntihara aparan səbəblər: İnsanlar niyə ölmək istəyir? - ARAŞDIRMA

İntihara aparan səbəblər: İnsanlar niyə ölmək istəyir? - ARAŞDIRMA

Tarix:

26-02-2021, 09:53

/ 946 dəfə oxundu.
İntihara aparan səbəblər: İnsanlar niyə ölmək istəyir? - ARAŞDIRMA

Bir neçə gün öncə 20 yaşlı Sevil Atakişiyevanın özünü 20-ci mərtəbədən ataraq intihar etməsi cəmiyyətdə geniş əks-səda doğurdu. İntiharın ardınca Sevilin sosial şəbəkədə yazdığı statuslar, mesajlar müzakirələrə səbəb oldu. Həmin mesajlarda gənc qızın psixoloji sarsıntı yaşadığı, normal həyata qayıtmağa çalışsa da, buna nail ola bilmədiyi hiss olunur.
Yaxın günlər ərzində Sevillə yanaşı daha bir neçə gənc çıxış yolunu intiharda görərək canına qəsd edib. Belə ki, Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib. 20 yaşlı Fidan İsmayılzadə isə Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən doqquzmərtəbəli binanın 8-ci mərtəbəsindən ataraq həyatına son qoyub. Hər iki gəncin intihar səbəbləri məlum olmasa da, onların bu əməlləri cəmiyyətdə ciddi narahatlıq yaradır.

Təəssüflər olsun ki, son günlər intihara əl atanların sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə və cəmiyyətdə müzakirələr zamanı intiharların səbəbləri barədə müxtəlif versiyalar irəli sürülür. Bəziləri bunun arxasında ailələrin olduğunu, qızların təzyiqlərə məruz qaldığını deyir, digərləri isə intihar hallarını psixoloji amillərlə bağlayır.

Haqqında bəhs etdiyimiz 20 yaşlı Sevilin mesajlarında ailəsinə olan münasibəti, yaşadığı qorxu aydın sezilir. Sevilin ailəsi isə deyilənləri inkar edir, qızlarını sevgi ilə böyütdüklərini söyləyirlər.

Bəs gənclər niyə intihar edir?

İntihar hər dövrün aktual problemlərindən olub. Bununla bağlı geniş araşdırmalar aparılsa da, hansı səbəbdən baş verməsi tam bəlli deyil. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər il təxminən 800 000 insan intihar səbəbindən həyatını itirir, hər 40 saniyədən bir kimsə, həyatına qəsd edir.

ÜST intiharın (suisidin) 800 səbəbini göstərir. Bunlardan 41 faizi məlum deyil, 19 faizi cəzalanman qorxusuna görə, 18 faizi ruhi xəstəliyə, 18 faizi evdəki məhrumiyyətlərə, 6 faizi ehtirasa, 3 faizi pul itkisinə, 1,4 faizi həyatdan doyduğuna, 1,2 faizi fiziki xəstəliyə görə intiharlardır.

İntihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlinir. Bəzən intiharları insanların maddi vəziyyətinin aşağı olması, insanların xoşbəxt olmaması ilə əlaqələndirirlər. Lakin dünyanın ən varlı və xoşbəxt ölkələri intihar edənlərin sayına görə liderlik edir. Hətta son günlər intihar hallarının artdığı Yaponiyada insanların sosial vəziyyətinin araşdırılması, tək yaşayan təkcə ahıllar deyil, gənclərin müəyyən olunması üçün sorğu keçirməyi planlaşdırırlar. Belə bir sorğu onların psixoloji vəziyyətini müəyyənləşdirmək və tək yaşayan gənclərə yardım etmək, intihar hallarının qarşısını almaq məqsədi daşıyır.

Müxtəlif dövrlərdə aparılan tədqiqatlarda intiharın əsas səbəbinin depressiya olduğu göstərilir. Amma depressiyadan əlavə ruhi və sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdən sui-istifadə, bipolyar affektiv pozuntu, təşviş pozuntuları, posttravmatik stress pozuntusu, şizofreniya kimi hallar da intihara meyillilik yaradır.

“İntihar hallarının artmasının bir səbəbi də budur”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məsələ ilə bağlı Azvision.az-a bildirilib ki, insanların, xüsusilə, uşaq və gənclərin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönəldir, mənəvi boşluq, ümidsizlik yaradır, hər hansı fəaliyyətə, aktivliyə marağı söndürür.

“Belə hallar sonda intihara yol aça bilir. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi çox önəmlidir. Onların hansı məşğuliyyətlərə maraq göstərməsini müəyyən etmək, yaxud belə maraqların yaranması üçün lazım olan şərait və vasitələrdən istifadə etmək vacibdir. Çünki, onların özlərini ifadə və təsdiq edə biləcəkləri məşğuliyyətlərə cəlb olunması müsbət nəticələr verir”.

Komitədən, həmçinin qeyd edilib ki, hər bir tarixi dövr öz yaşantıları ilə nələrisə diqtə edir.
“Heç kimə sirr deyil ki, bütün dünyada, o cümlədən ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi insanlarda bir sıra maddi, sosial problemlərə yol açaraq ardından psixoloji sarsıntıları gətirməkdədir. İnsanların evlərə qapanması, aktiv həyat tərzindən uzaqlaşması, sosial mühitdən kənar qalması, müharibə və xəstəlik səbəbindən yaxınlarını itirmək qorxusu, mütəmadi olaraq ətrafdan eşidilən neqativ xəbərlər, gündəlik qeyri-müəyyənlik bir növ depressiv vəziyyət formalaşdırır. Son aylarda intihar hallarının artmasının bir səbəbi də budur”.

Dünya ölkələri ilə müqayisədə Azərbaycanda intihar sayının az olmasına baxmayaraq, belə halların mövcudluğu və son illərdə artım tendensiyası onunla fəal və kollektiv mübarizə apatılmasını diktə edir. Bunun üçün profilaktik tədbirlər kompleks və əlaqəli şəkildə aparılmalıdır.

“İntihar etmək istəyən şəxsin necə davrandığını bilmək vacibdir. İntihar edən şəxs bunu törətməmişdən öncə mütləq bu barədə danışır, sanki mesaj verir, onu bu fikirdən daşındırmaq üçün səbəb axtarır. Diqqət etmisinizsə, intihar hadisələrindən sonra yaxınları bununla bağlı mütləq bir neçə fakt söyləyə bilir. Buradan belə nəticəyə gəlmək olar ki, əslində, intihar etmək istəyən şəxs eyni dərəcədə həm yaşamaq, həm də ölmək istəyir, sadəcə olduğu vəziyyətdən çıxış yolunu tapa bilmir. Bu səbəbdən çox zaman intiharlar aşkar şəkildə, hamının görə biləcəyi yerlərdə törədilir. İntihar edən şəxs bir növ “olum, ya ölüm?” sualının cavabını insanların öhtəsinə buraxır. Xüsusilə də, son vaxtlar baş verən intihar hallarında bu məqam özünü göstərir. Buradan belə qənaətə gəlmək olar ki, dost və doğmalarda bununla bağlı hər hansı şübhə, eyham hiss etdikdə, buna ciddi yanaşmaq, ona yaxın olmağa, dinləməyə, çətinliklərini həll etməyə çalışmaq, lazım olduğu halda mütəxəssisə müraciət etmək lazımdır”.

Azvision.az

Şərhlər

XƏBƏR LENTİ