SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Bacısı Milli Şuranın mitinqində dolanışıqdan şikayətlənən biznesmen itinə toy elədi...

Bacısı Milli Şuranın mitinqində dolanışıqdan şikayətlənən biznesmen itinə toy elədi...

Tarix:

25-04-2017, 12:38

/ 63 713 dəfə oxundu.
Bacısı Milli Şuranın mitinqində dolanışıqdan şikayətlənən biznesmen itinə toy elədi...

Ölkədə görünməmiş olay baş verdi; itin adına bişirilən tort, onlara yedizdirilən aş və daha nələr; toy sahibi inkar etdi, prosesi müdafiə edənlər tapıldı, amma...
Azərbaycanda şok hadisə baş verib. Goranboy rayonunda yaşayan tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlu Amon və İsida adlı cins itlərinə toy edib. Avtosfer saytı günün əvvəlində xəbər yaydı ki, toy məclisi bugünlərdə Goranboy rayonunda həmin iş adamına məxsus “Qalib Group” MMC-nin zavodunun həyətində baş tutub. Məclisdə çoxlu qonaqlar olub. Onların arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, “Turba Əli” kimi tanınan şəxs də olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb.
Sayt yazır ki, Q. Mustafayev əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib. Məclisdə iştirak edən digər qonaqlar da itlərin şəninə sağlıq deyib onlara xoşbəxtlik arzulayıblar.
Məclisi aşıq idarə edib və saz və balabanla mahnılar səslənib, itlərin sağlığına xoş sözlər deyilib.
Qeyd edək ki, Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbaycana elektronika malları gətizdirir.
Qalib Mustafayev həmçinin “Evalar”, “Regular”, “Supermax” firmalarının rəhbəridir. Bu firmaların hamısı “Qalib Group” MMC-nin tərkibindədir. Onun “Bentley” və “Jeep Wrangler” markalı maşınlara sahib olduğu bildirilir. Oğlunun və qızının da bahalı “Porshce”, “Mercedes” və “Jeep” markalı maşınları var.
Maraqlıdır ki, Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafayeva Nüşabə Hidayət qızı müxalifətin mitinqlərində iştirak edərək dolanışığının aşağı səviyyədə olmasından gileylənib. O, 35 il müəllimə işlədiyini və indi aldığı pensiyanın az olduğunu deyib.
Qalib Mustafayev: “Mən toy etməmişəm....”
Məsələyə münasibət bildirən Qalib Mustafayev bildirib ki, həmin vaxt dostları ilə bir araya gələrək yeyib-içirmişlər: “Biz 4-5 nəfər bir yerə toplaşıb, yemək yemişik. Buna haqqımız yoxdurmu? Zarafat etməyə haqqımız var. Hamı öz dostu ilə zarafat edir, deyib gülür də. Biz də öz aramızda zarafatlaşmışıq. Niyə insanların şəxsi həyatına müdaxilə edirlər? Mən 200-ə yaxın ailəyə çörək verirəm. Belə xəbərləri gözü götürməyən insanlar yayıb. İmicimə zərbə vurmaq istəyirlər. Məni gözdən salmağa çalışmasınlar. Hansı ağıllı itə toy edər?! Bu gülüncdür. Bizim itimiz, pişiyimiz, qoyunumuz da var. Heyvanlar aləmini sevirik. Həmin it o boyda şirkəti qoruyur. Kimisə işdən çıxarmışıq, bizdən heyf almaq üçün bu videonu yayıb. Bizi tanıyan tanıyır
Camaat itinə kostyum geyindirir. Burada ayıb nə var ki?”
Videogörüntülərdə it toyunun təfərrüatları da öz əksini tapıb. Üzərində “evləndirilən” itlərin adları olan tort, eyni zamanda onların “bəy-gəlin” aksessuarlarındakı görüntüləri, daha sonra masadakı “toy aşından” itlərə də yedizdirilməsi bunun heç də sıradan dost məclisi olmadığını sübut edir. Əksinə, it həvəskarı olan iş adamının buna bir hobbi olaraq baxması, it toyunu da ekstrim, dəyişiklik həvəskarı olaraq keçirməsi sübut olunur. Amma bu yazdıqlarımız heç də dünyada ilk it toyunun Azərbaycanda olması anlamına gəlmir. Indiyə qədər xəbərlərdən də izlədiyiniz kimi, dünyanın bir çox ölkələrində heyvansevərlər çoxlu sayda it toyları keçiriblər, dəbdəbəli mərasimlər dünya mediasında hallanıb. Onlardan bir neçəsini xatırladıb, nümunələrə diqqət edək.
Gəlin itin geyimi 1.6 min dollara hazırlanıb
Avstraliyada “Pug Rescue and Adoption Victoria” adlı xeyriyyəçi təşkilat iki mops cinsli iti evləndirib. Yeni evlənən itlərin toy mərasimi bütün halları ilə nəzərə alınıb. Qonaqlar, tort və içkilərə qonaq ediliblər. Bahalı bəy-gəlin geyimləri isə göz oxşayıb. Toy mərasimində 60 it, 250 insan iştirak edib. Mərasimə giriş pullu olub. Biletlər isə internet vasitəsilə satılıb. Əldə edilən gəlir evsiz heyvanların saxlanması mərkəzinə verilib.
İtlərin nikah mərasimi çoxsaylı gül-çiçəklə bəzədilmiş geniş zalda həyata keçirilib. Nişan üzükləri yerinə bəy və gəlin mopslar yaxalıqlar taxıblar.
Xeyriyyəçi təşkilatın rəhbəri deyib ki, toy mərasiminə biletlər bir neçə gün öncədən satılıb. Jasmin və Casper adlı itlər isə toylarına qədər düz 7 il birlikdə yaşayıblar.
O da qeyd olunub ki, gəlinliyi avstraliyalı modelyer Kreyq Breybuq hazırlayıb və onun qiyməti 1,6 min dolları təşkil edib. Bəy üçün kostyumu isə Melbrundan olan dizayner Qodvin Hilli hazırlayıb.

Amerikada it toyuna 250 min dollar xərclənib

Nyu-Yorkun “Jumeirah Essex House” otelində dünyanın ən bahalı it toyu olub. Gəlin Beybi Houpdur. Onun sahibi itlərin hüquqlarının müdafiəçisi Vendi Dayamonddur. Həmin qadın Beybini yetimxanadan götürüb və qızlığa qəbul edib - ona öz familiyasını verib.
Bəy isə virciniyalı kaniş (rusca “pudel” deyirlər) Çilli Pasternakdır. Toya 250 min ABŞ dolları xərclənib. Toy paltarı 6 min dollara başa gəlib. 300-dən çox insan və it toya dəvət edilib. Yemək xərci 5 min ABŞ dolları təşkil edib. Musiqiçilərə isə 15 min dollar verilib. Toy salonunu bir vaxtlar Bill Klintonla işləmiş çiçək mağazaları bəzəyiblər. Tortu isə “Cake Boss” realiti-şoudan Baddi Valastro hazırlayıb.
Toyda qonaqlara 5000 dollar dəyərində suşi təqdim edilib. Heyvanlar üçün bu şad gündə 7 nəfərdən ibarət orkestr qonaqları əyləndirib. Musiqiçilər 15 min dollar qarşılığında toya gəlməyə razılıq veriblər.
Məlumata görə, evli itlər mərasimdən sonra bal ayına göndəriliblər. Toyda stolun qiymətinin 250-10000 dollar arasında dəyişdiyi bildirilir.
Toydan əldə edilən gəlir sahibsiz və xəstə heyvanlar üçün vəsait toplayan dərnəyə veriləcək.
Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında iki it üçün səs-küylü bir toy mərasimi keçirilib.
Tədbirə 5 min nəfər qonaq qatılıb. Toyun daha şən keçməsi üçün dicey də çağırılıb. Bundan başqa, it toyunda qədim hind ənənə və rituallarına əməl olunub və insanların nikah mərasimini xatırladıb.
Mərasimdən sonra heyvanları güllərlə bəzədilmiş maşına mindirib aparıblar.
Çinin paytaxtı Pekində itlərin kütləvi toy mərasimi baş tutub. Aprelin 12-də şəhərin parklarının birində keçirilən toy mərasimində 21 it cütlüyü, onların sahibləri və çox sayda qonaq iştirak edib. Bəzi it sahibləri öz sevimli heyvanlarını limuzin və idman kadilaklarında gətiriblər. Gəlin itlər ağ paltarda, bəylər isə pencək və kəpənək-qalstuklarda olublar. Toy marşının sədaları altında it sahiblərinə nikah şəhadətnaməsi təqdim olunub. İtlərin toyuna isə Pekinin toy xidməti komitəsinin baş katibi Şi Kanqninq rəhbərlik edib. Toyun təşkilatçılarından biri Çjan Zhonqşan deyib ki, mərasim yalnız insanların öz sevimli heyvanlarına sevgisini deyil, həm də ev heyvanlarının sahibləri üçün xidmət sənayesinin sürətlə inkişaf etdiyini göstərir.
Qeyd edək ki, 2014-cü ilin ortalarında Peruda da kütləvi it toyu keçirilib. Həmin vaxt təqribən 40 heyvan iştirak edib. 2013-cü ilin avqustunda isə Şri Lankada doqquz it cütlüyünün nikah mərasimi keçirilib.
Bir neçə il bundan əvvəl isə Türkiyədə heyvansevər bir cütlük öz toylarında maraqlı bir jest etmişdi. Onlar toya gələcək qonaqlardan onlara hər hansı hədiyyə əvəzinə, sahibsiz itlərə yardım məqsədilə it yeməyi gətirməsini xahiş etmişdi. Yəni bu formada it sevgisi də olur. Amma Azərbaycandakı nümunə hər zamankı kimi, bərbaddır. Çünki ölkədə insanların aclıq və səfalət içində yaşadığı bir dönəmdə belə dəbdəbəli məclislər ilk növbədə qıcıq doğurur. Psixoloqlar isə sübut edib ki, əslində heyvanlarla bağlı keçirilən bütün şou xarakterli tədbirlər insan eqoizminin bir təzahürüdür. İnsanlar itləri sevmələrindən daha çox bunu ətraf aləmə nümayiş etdirmək istəyirlər.
Amma buna pozitiv baxanlar da var. Məsələn, yazar Aysel Əlizadə baş vermiş bu hadisəyə fərqli rakursdan baxıb: “İtləri öldürürlər, həşir salırıq. Evləndirib əzizləyirlər, həşir salırıq. İndi bir nəfər itlərini evləndirir, lokal çevrədə məclis qurub əylənir. Mənə maraqlı gəldi, düzü. Heyvanlara sevgidir. İşıqlıdır, fərqli dünyası var adamın. Deyir malını insana etibar edərsən, əldən gedər, itə etibar edərsən, qoruyar. Nəyi pisdi, anlamadım. İmkan vermirik bir adam fərqli nəsə etsin. Gedib şadlıq evi bağlatdırmayıb. Sadə masadır, dostları ilə öz ərazisində parti edir. Biabırçılıq da görmədim”.
"YM"

Bacısı Milli Şuranın mitinqində dolanışıqdan şikayətlənən biznesmen itinə toy elədi...
Bacısı Milli Şuranın mitinqində dolanışıqdan şikayətlənən biznesmen itinə toy elədi...
Bacısı Milli Şuranın mitinqində dolanışıqdan şikayətlənən biznesmen itinə toy elədi...
Bacısı Milli Şuranın mitinqində dolanışıqdan şikayətlənən biznesmen itinə toy elədi...

Şərhlər

XƏBƏR LENTİ