Sürücülərin pulunu kim yeyir – BNA yoxsa sahibkarlar?
- 13-07-2020, 01:01
- 1 370
Pandemiya dövründə digər sahələr kimi nəqliyyat sistemi də çətinliklərlə üzləşib. Xüsusi karantin rejimi günlərində sərnişinlərin azlığı, ciddi karantin rejimində isə avtobusların tamam işləməməsi sahibkarlara xeyli ziyan vurub. Lakin dövlət büdcəsindən bu zərəri kompensasiya etmək üçün digər sahələrə olduğu kimi, nəqliyyat sisteminə də külli miqdarda vəsait ayrılıb. Əldə olunan məlumata görə bu vəsaitin məbləği ümumilikdə 217 milyon manat (rəsmilər dəqiq rəqəm desə düzəliş edərik) olub. Bu məbləğin bir hissəsi “BakuBus” MMC-nin nəzdində yeni M (metro) marşurutların açılmasına, digər məbləğ isə birbaşa sahibkarların hesabına köçürülüb. Bu minvalla sahibkarlara demək olar ki, elə də ziyan dəyməyib. Ona görə də ağır şəraitdə işləyən sürücülərin əmək haqlarına da təsir olmamalı idi. Amma vəziyyət heç də belə deyil, “BakuBus” MMC-yə, “Xaliq Faiqoğlu” MMC-yə məxsus marşrutlar üzrə işləyən sürücülər (nisbətən kiçik həcmli avtobuslarda hər yol vərəqi üçün 52 manat, böyük həcmli avtobuslarda isə hər yol vərəqi üçün 57 manat) əmək haqlarını əvvəlki qaydada ala bilsələr də, digər marşrutlarda əmək haqqının xeyli hissəsi kəsilib. Bu məbləğ hər yol vərəqəsinə görə müxtəlif marşrutlar üzrə 30-40 manata qədər endirilib. Ən acınacaqlı vəziyyətdə olan 4, 26, 38, 67, 202 saylı marşurut xətlərində işləyən sürücülərdir. Bu marşurutlar üzrə sürücülərin aylıq iş günləri də xeyli azaldılıb. Hətta ay ərzində 6-7 yol vərəqəsi yazılan sürücülər var. Beləliklə bu marçurutlarda işləyənlərin karantin rejimində aylıq əmək haqqı ən yaxşı halda 450 manat, pis halda isə 180 manat və ondan da aşağı olub. Həmin marşrutda çalışan sürücülərin bildirdiyinə görə “Xaliq Faiqoğlu” MMC və” BakuBus” MMC-yə məxsus marşurutlarda işləyən sürücülərə karantin rejimi olan aylarda əlavə olaraq 140 manat birdəfəlik yardımlar da verilib, onlar isə bu yardımdan da məhrum olublar. Bundan əlavə həmin sürücülərlə olan əmək müqavilələrində də çatışmazlıq olduğu bildirilir.
Yazıda qeyd qeyd olunan faktlar göstərilən marşurut xətlərində çalışan ayrı-ayrı sürücülərlə söhbət zamanı toplanıb. Bakı Nəqliyat Agentliyi və adı çəkilən xətlər üzrə nəqliyyat vasitələrinin sahiblərinin mövqeyini də dərc etməyə hazırıq.