SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Əli İnsanova sui-qəsd ola bilərmi?

Əli İnsanova sui-qəsd ola bilərmi?

Tarix:

14-04-2017, 10:03

/ 111 138 dəfə oxundu.
Əli İnsanova sui-qəsd ola bilərmi?

Əvəz Zeynallı: “Orada kimisə öldürmək su içmək qədər asandır”; Məmməd Zeynalov: “Əli İnsanovun yanına dəfələrlə cinayət törətmiş bir şəxsi sala bilərlər, o da...”
Sabiq səhiyyə naziri Əli İnsanovun 11 illik həbs cəzasının bitməsinə 56 gün qalmış barəsində başlanmış yeni cinayət işinə hazırda Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə baxılır.
Yeni ittiham veriləndən sonra sabiq naziri saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına (BİT) köçürüblər. Ə.İnsanovun son məhkəmə prosesində dediklərindən belə anlaşılır ki, BİT-də onun həyatına qəsd ola bilər. Qəsd baş tuta bilərmi? Əli İnsanovu BİT-də necə öldürə bilərlər?
1 ildən artıq BİT-də saxlanılmış “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı sualımıza belə cavab verib: “Bakı İstintaq Təcridxanasında, Azərbaycan türmələrində adam öldürmək mümkün deyil. Amma sifariş verilərsə, bunun tam əksi baş verə bilər - yəni orada adam öldürməkdən asan heç nə yoxdur. Adamı öldürmək üçün bir an yetər”.
Ə.Zeynallı deyib ki, Ə.İnsanovun məhkəməsinin keçirilmə qaydası belə hər şeyi deyir: “Azərbaycanda 20 ildən artıq vəzifədə işləmiş, YAP-ın qurucularından biri olan Əli İnsanovun məhkəməsində 6 oturacaqlı zal olmalıdır?
Jurnalist deyir ki, özü 2014-cü ildə həbsdən azad ediləndən sonra Ə.İnsanovun həbsdən çıxmayacağı ilə bağlı dəfələrlə yazılar yazıb: “Bu gün də fikrim dəyişməyib. Əli İnsanovun həbsdən çıxması çox ciddi sual qarşısındadır”.
Ə.Zeynallı iddiasını belə əsaslandırıb: “Ona görə belə fikriləşirəm ki, Əli İnsanovun həbsdən çıxmasını siyasi hakimiyyət istəmir. O, 11 il həbsdə qalandan sonra heç bir hadisə olmaya-olmaya idmançı cüssəli, Əli İnsanovun atası ilə dostluq etdiyi, ailəsi ilə yaxın olduğu şəxsi üzünə qoyublar. Ona görə də Əli İnsanovun həbsdən azad ediləcəyinə inanmıram”.
Baş redaktorun sözlərinə görə, Ə.İnsanovla bağlı Avropa Məhkəməsinin qərarı icra olunmayıb: “Azərbaycanda belədir ki, beynəlxalq təşkilatların diqqət göstərdiyi, azadlığa buraxılmasını tələb etdiyi dustaqların vəziyyəti daha da ağırlaşdırılır”.
Ə.Zeynallı Ə.İnsanovun son məhkəməsində müşahidə etdiklərini də dedi: “Hiss etdim ki, Əli İnsanov əvvəlkindən də qətiyyətlidir. Ona dedim ki, söz verin ki, azad olunandan ilk müsahibəni ”Qaynar qazan"a verəcəksiniz, o da cavab verdi ki, Əvəz, sən bilirsən ki, mən buradan çıxmayacağam".
Ə.Zeynallı xüsusi olaraq vurğulayıb ki, BİT-də dustağı öldürmək mümkün deyil: “Dustaqlar ora ”üç ulduzlu hotel" deyir. MTN polkovniki İlqar Əliyevin nümunəsi ortadadır. Mən onun ölümü ilə bağlı fikirlərimi dedim. Bundan sonra məni BİT-ə çağırıb bir neçə yekə albomu qarşıma qoyub onun fotolarını göstərdilər. Mən o vaxt təcridxananın rəisi Azər Seyidova dedim ki, mənə bu fotoları göstərmək lazım deyil, həmin otaqlarda 19 ay qalmışam. Həmin otaqlarda adam özünü asmaz. Bu mümkün deyil. Azər Seyidov mənə 4-5 cild göstərmişdi, orada intihar edənlərin siyahısı da var idi. Siyahıda 1 ay ərzində 27-28 şəxs intihara təşəbbüs göstərmişdi. Necə olub ki, intihara təşəbbüs göstərən 27-28 nəfərə mane ola biliblər, amma İlqar Əliyev rahat şəkildə özünü asıb. Bu orada mümkün deyil. Orada əksər otaqlar dinlənilir, birbaşa videoya çəkilir. Yəni orada nəzarətsiz yerlər yoxdur. Hamama belə kamera qoyublar. Qanunsuz izləmə, dinləmə ilə yanaşı, nəzarətçilər də daim iş başındadırlar. Ona görə də MTN polkovnikinin orada intihar etməyi mümkün deyil. İlqar Əliyev niyə intihar etməli idi? Bu gün Akif Çovdarov da orada saxlanılır və öldürüləcəyini deyir. Təbii ki, Çovdarov özü dustaqları necə öldürürlər bunu çox yaxşı bilir. Orada adam öldürmək həmin mexanizmi bilənlər üçün o qədər asan məsələdir ki..."
Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov da deyir ki, cəza yerində, təcridxanada istənilən şəxsi öldürə bilərlər: “Orada istənilən adamı öldürə bilərlər. Amma cəzasızlıq mühiti də deyil. Əgər cəzaçəkmə yerində, istintaq təcridxanasında kimisə öldürəcəklərsə, öldürən cəzasını çəkəcək. Yəni bir dustaq digərini öldürürsə, öldürən dustağın cəzasını məhkəmə verir. Əli İnsanovun yanına dəfələrlə cinayət törətmiş bir şəxsi sala bilərlər, o da ona xətər yetirə, ölümünə səbəb olan zərbə vura bilər. Bunu fərziyə kimi deyirəm. Yəni bu istisna deyil”.
M.Zeynalov deyib ki, həbsdə ikən Ə.İnsanovun başına bir iş gəlsə, bu, Azərbaycan üçün yaxşı nəticələr verməyəcək: “Azərbaycan böyük bir skandalın mərkəzinə gələ bilər. Əli İnsanov o qədər təhlükəli adam deyil ki, hətta Avropa Məhkəməsinin qərarını saya salmayıb onu həbsdə saxlayırlar. O, həkimdir, alimdir. Ona bu münasibətin sərgilənməsi kiminsə qəzəbinə gəlməsi ilə bağlıdır. Əgər başına bir iş gəlsə, böyük söz-söhbət olacaq, ciddi rezonans doğuracaq”.
Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması) maddələri üzrə cinayət işi başlanıb.
Ə.İnsanov 2005-ci ilin oktyabrında həbs olunub. O, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilsə də, sonradan qanunsuz özəlləşdirilmənin təşkilində ittiham edilib. 2007-ci ilin aprelində əmlakı müsadirə olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabrında başa çatıb.

Şərhlər

XƏBƏR LENTİ