SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Bəzi komitələr, universitetlər gərəksizdir - Deputat gözlənilən İSLAHATLARDAN danışdı

Bəzi komitələr, universitetlər gərəksizdir - Deputat gözlənilən İSLAHATLARDAN danışdı

Tarix:

19-01-2017, 10:03

/ 1 564 dəfə oxundu.
Bəzi komitələr, universitetlər gərəksizdir - Deputat gözlənilən İSLAHATLARDAN danışdı

Prezident İlham Əliyev 2017-ci ilin dərin iqtisadi islahatlar ili olacağı anonsunu verib. Ölkə başçısının bu anonsu cəmiyyət arasında böyük gözləntilərlə müşayiət olunur. Xüsusilə referendumdan sonra Azərbaycanda idarəetmə sistemində, eləcə də siyasi, iqtisadi, sosial sferada böyük dəyişikliklərin olacağı gözləntiləri var.

Ölkə başçısı dəfələrlə Azərbaycanda olan paralel strukturların ləğv edilməsinin böyük iqtisadi səmərə verəcəyini vurğulayıb. İslahatların nəticəsi olaraq ölkədə bir sıra nazirliklər, dövlət qurumları ləğv edilib, yaxud bazasında yeni qurumlar yaradılıb. Amma proses hələ də yekunlaşmayıb...
Məhz bir sıra ağır bürokratik aparatın mövcudluğu və hakimiyyətlə vətəndaşlar arasında çoxpilləliyin olması bəzi hallarda keçilməz əngəllər yaradır.

Milli Məclisin deputatı Zahid Oruc deyib ki, vətəndaşların gözləntilərində hökumətin buraxılmasından söhbət gedirsə, bu barədə mötəbər, qəti fikir söyləmək çətindir:

“Hər bir qurumun fəaliyyəti dövlət başçısına bəllidir”

“Çünki bütün bu məsələlər ölkə başçısının səlahiyyətindədir. Biz parlament üzvü olaraq, müxtəlif nazirliklərin fəaliyyətindəki qüsur və nöqsanları, inkişaf elementlərini qabarda bilərik. Amma bütövlükdə hər bir qurumun fəaliyyətinin açıq və konfidensial tərəfləri, cəmiyyət üçün yararlılığı dövlət başçısına bəllidir.
Belə olan təqdirdə, hətta vitse-prezidentlik institutunun yaradılmasının özünü də Nazirlər Kabinetinin 1990-cı illərdə bu modeldə yaranmasına qarşı qoyaraq, tamam kəskin kordinal dəyişikliyin aparılacağını söyləyənlər ifrata varırlar. Əgər Amerika idarəetmə sistemindən danışılırsa, həqiqətən də prezident və onun administrasiyası var, hökumət üzvləri də oraya daxildir. Ayrıca götürülmüş halda müxtəlif sahələr üzrə nazirlər yoxdur, yalnız dövlət katibi institutu mövcuddur. Onlar da qeyd etdiyimiz xarici siyasət funksiyalarını həyata keçirir”.

“Azərbaycanda məmur sayı əhali sayına adekvat deyil”


Deputat bildirib ki, bunun federal ölkələrin tipi üçün xarakterik olduğunu nəzərə almalıyıq:
“Bəzən unitar quruluşlarda həmin mexanizm işləməyə bilər. Bəs nazirliklərin, komitələrin, dövlət şirkətlərinin sayı Azərbaycanın əhali sayına uyğundurmu? Cavab birmənalı olaraq xeyrdir. Çünki ölkəmizdə məmur sayı qat-qat artıqdır. Bu öz-özlüyündə ciddi problemlər yaradır. Paralel fəaliyyətlər, bürokratik əngəllər meydana çıxır, bəzi hallarda korrupsiyaya yol açılır. Eyni zamanda iqtisadi, sahibkarlıq subyektlərində fəaliyyət göstərənlər üçün ciddi yükə çevrilir. Müxtəlif qurumlardan keçmək məsələsi qarşıya çıxır.
Belə olan təqdirdə insanlarımız çox haqlı olaraq söyləyirlər ki, bu qurumların bir çoxunun səlahiyyəti “ASAN xidmət”ə keçəcəyi təqdirdə vətəndaş da udacaq, dövlət də. Çünki proses şəffaf olacaq. Hökumətin içərisində çətin xidmət aparan, eyni zamanda iki il öncə dağıdılan və yenidən qurulan məlum nazirliklərdəki kimi, bir neçə istiqamətli cinayətlər mövcuddur. Ona görə də insanlarımızın yenilik, kəskin islahatlar, dəyişiklər gözləntisi başadüşüləndir.
Burada ən önəmli hal odur ki, Azərbaycan insanı qəti addımları məhz ölkə başçısı İlham Əliyev cənablarından gözləyir. Çünki ondan başqa heç bir qüvvə nə ölkədəki təhlükəsizliyin, sabitliyin qarantiyasını verə bilir, nə də Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərini xarici maraqlar çevrəsində qorunub saxlanmasını təmin edir.
Bunun üçün də hansısa nazirliklərin fəaliyyətinin optimallaşdırılmasına gedilməlidir. Bir sıra komitələr, qurumların fəaliyyəti tamamilə artıqdır. Biz bununla bağlı konkretləşdirilmiş şəkildə açıqlamalar və təkliflər vermişik. Yekun olaraq mən düşünürəm ki, dövlət böyük özəlləşmə proqramını elan edib. Ötən dəfə 325 müəssisə, indi isə 72 müxtəlif təşkilatın özəl sferaya açılması üçün müvafiq prosedurlar elan edib. Bu qədər yükün onların üzərində saxlanması, şişirdilmiş rəqəmlər, neqativ hadisələr, nəzarətdənkənar maxinasiyaların baş verməsi bəlli səbəblərdən olurdu. Ona görə də neft bumu sönən kimi hökumətin fəaliyyətinin dəqiq çərçivəsi tam aşkarlığı ilə cəmiyyətə aydın oldu. Dünənə qədər böyük pullara sərəncam verən qurumlar indi menecment işi, regionu öyrənmək, xarici əlaqələr qurmaq, tərəfdaşlar tapmaq, prosesləri tender yolu ilə şəffaf həyata keçirmək öhdəliyi və tələbləri qarşısındadırlar. Bunlar asan məsələ deyil. Gerçəkdən də dünən böyük məsrəflər halında vətəndaşlar hətta bəzən cinayət baş verdiyini bilə-bilə dözüm nümayiş etdirirdilər. İndi isə hər manat vətəndaş maraqlarına ciddi şəkildə toxunur.
Cəmiyyətin sorğuları, istəkləri yaxşı mənada artıb. Ona görə də nazirliklərin hər biri qarşısında “dövlət, millət üçün yararlı olmaq” prinsipi ortaya çıxır.
Bu mənada 2017-ci ildə bir çox komitələri, qurumları dövlətin üzərində yük kimi saxlamaqdan, büdcə vəsaitlərində o qurumlara daha çox ayırmalar etməkdən qəti şəkildə imtina ediləcək. Əslində 2016-cı ilin ortalarından başlayaraq cənab prezident tərəfindən qəbul olunmuş islahat proqramı istər idxal-ixrac əməliyyatlarındakı şəffalığa, isenziyaların verilməsinə, istərsə də sahibkarlıq subyektlərinin yoxlanılmasının azalmasına təsir göstərir. Əminik ki, bu proses 2017-ci ilin regional dünyanın böhranı fonunda daha da sürətlənmiş olacaq. Biz hər hansı bir nazirin, hər hansı bir məmurun sadəcə qapısını bağlamaq, onları çölə atmağı təklif etmirik, daha çox optimallaşdırmadan danışırıq. Eyni zamanda, islahat gedəcəyi təqdirdə daha yeni-yeni sahələri ayağa qaldırmaq üçün investisiya yatırmaq mümkündür ki, o qüvvələr də özlərinə yeni fəaliyyət sahəsi tapsınlar”.

“Karton istehsalı məşğul olan universitetlər bağlanmaqda davam edəcək”
Z.Oruc son 3 gün ərzində ölkədə iki universitetin bağlanmasını da optimallaşdırmanın davamı kimi qiymətləndirib:

“Düşünürəm ki, onlar sadəcə karton diplom istehsalı ilə məşğul olan təsisatlar idi. Bu heç kəsə də sirr deyildi. Azərbaycanın daxili həyatında uzun illər ərzində təhsil əvəzinə yalnız hazır sənəd almağa xidmət edən və ticari keyfiyyətlərlə işləyən bu ünvanlar hamıya bəllidir. Təəssüf edirəm ki, onlar hələ də var. Bu iki universitetlə iş bitmir. Bildiyim qədəri ilə Təhsil Nazirliyi bu istiqamətdə mühüm planlara malikdir. Addım-addım, ciddi şəkildə hər bir ali təhsil müəssisəsinin yüksək standartlar altında fəaliyyətini təmin edəcək bir xətti, siyasəti həyata keçirmək istədilər. Ona görə də Təhsil Nazirliyinin bu mövqeləri də cəmiyyət tərəfindən müdafiə olunur. Əhalinin böyük bir hissəsi keçmişdə “ABU epidemiyasına” (Azərbaycan Beynəlxalq Universiteti-red.) yoluxmuşdu. Bunun da nəticəsində həmin universitet bağlananda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulundan kənarda müxtəlif, bəlli rüşvət qaydaları ilə qəbul olunmuş 6 minə yaxın şəxs havada qaldı. Onlar uzun müddət parlamentə və digər orqanlara üz tutmaqda idilər ki, məsələyə hüquqi çözüm verilsin. Lakin bu da asan deyildi. Çünki vaxtında kimlərinsə maraqlarına xidmət etmişdilər. Düşünürəm ki, Azərbaycanda nəhayət, həm dövlət idarəetmə sistemində, həm də təhsil sferasında müxtəlif qurumların pozucu, ümumiyyətlə, ictimai həyatına, millət kimi varlığına zərbə vuran bu tendensiyaları da aradan qaldırmaq mümkün olacaq”.

“200 balla tələbə qəbul edən universitetlərin hamısı bağlanmalıdır”

Parlament üzvü təhsil sahəsində beynəlxalq məkanda istifadə edilən təcrübəni əsas götürmək lazım olduğuna diqqət çəkib:
“Təhsil standartları bərqərar olunub, verilən sertifikatlar da həmin tələbləri ödəməlidir. İmtahanlarda 200 balla özünə tələbə qəbul edən universitetin problemli səviyyədə olmasına şübhə yoxdur. Bu bal göstəricisi olan insanlar necə mütəxəssissə çevriləcəklər? O universitetlərdə bircə il semestr imtahanlarındakı vəziyyəti izləyin, hətta onların kandarından içəri daxil olanda mühit, əsl ab-hava sizi real vəziyyətlə tanış edəcək. Dünyada özünə hörmət edən millətlər təhsil sferasında bu cür cinayətlərə getmirlər. Ona görə bir daha söyləyirəm ki, nazirlik mexaniki olaraq hər hansı bir qurumun fəaliyyətinə xitam verməyi deyil, daha optimal, daha ağıllı, sosial zərbələrinin az olmasını təmin edən yol seçməlidir. Bu gün Müəllimlər İnstitutunun böyük bir hissəsinin Pedoqoji Universitetlə birləşdirilməsi faktı bizə bəllidir. Belə olan təqdirdə hesab edirəm ki, bizim niyyətimiz böyük müəllim ordusunu, yaxud tələbələri qanundankənar hesab etmək, süni şəkildə onların elmi, bilik göstəricilərini artmağı tələb etmək deyil. Biz sağlam təhsil yolunda səmərəli fəaliyyət göstərməliyik”.

Şərhlər

XƏBƏR LENTİ