SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Eldar Mahmudov və "çete"sinin daha bir cinayəti

Eldar Mahmudov və "çete"sinin daha bir cinayəti

Tarix:

18-03-2017, 10:37

/ 1 967 dəfə oxundu.
Eldar Mahmudov və "çete"sinin daha bir cinayəti

MTN-çilərin adamların başına açdıqları oyunlarla bağlı cinayət işlərinin bir hissəsi məhkəməyə göndərilsə də, hələ istintaq araşdırmaları başa çatmayan işlər də var. Onlardan biri də Çindən yapışdırıcı lent və pirotexnik mallara aid “fişənglər” gətirib, Gürcüstandan satmaq üçün İrana apararkən Azərbaycanda MTN-in hədəfinə çevrilən adamlardır. Bu adamların başına gələnləri oxuduqca, dinlədikcə insan dəhşətə gəlir.
Heç bir günahı olmadan qanunsuz həbs olunub, MTN-in qurbanına çevrilən Sərdar İsmayılov və Orxan Abdullayev başlarına açılan oyunlar haqda ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya yazdıqları məktubda ətraflı yazıb:
MTN generalı Gömrük Komitəsinin generalını saymadı…
“Biz ikimiz birlikdə 2013-cü ilin martında Çindən Gürcüstana satmaq üçün “skoç” və “fişənglər gətirdik. Lakin həmin malların Gürcüstanda satışında bizə problemlər yaratdılar. Həmin problemlər də yerli qanunvericiliklə yox, orada bizimlə əməkdaşlıq edən iş adamları ilə bağlı idi. Vəziyyəti belə görüb, maddi ziyana düşməmək üçün qərara gəldik ki, malları tam həcmdə pirotexnik malların satışında heç bir məhdudiyyət və qadağa qoyulmayan İrana aparıb orada sataq. Bu məqsədlə də malların tranzit yolla Azərbaycandan keçirilərək, İrana aparılması barədə Gürcüstanda tam gömrük sənədləşməsi aparıldı. Bundan sonra mallar xüsusi nəzarət altında Azərbaycan sərhədini keçəndən sonra yerli gömrük orqanının əməkdaşlarının birbaşa müşayiəti altında 11 sentyabr 2013-cü ildə Astara gömrük postuna yola salındı. Biz də mallarımızı müşayiət edirdik.
Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayevin sonradan MTN-in İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevə ünvanladığı 25 sentyabr 2013-cü il tarixli məktubda da yazılıb ki, “malların olduğu “Kamaz” markalı yük maşını Tovuz Gömrük İdarəsinin mobil bölməsinin əməkdaşları tərəfindən gömrük müşayiəti altında təyinat gömrük orqanı olan Astara Gömrük İdarəsinə çatdırılması barədə qərar qəbul olunub”. Yük maşınındakı mallar da qanuna uyğun şəkildə gömrük nəzarəti altına alınıb, malların olduğu qoşqunun yük yeri möhürlənib.
Amma sentyabrın 11-də yük maşınının gömrük müşayiəti ilə Astara Gömrük İdarəsinə göndərilməsi üçün aidiyyəti tədbirlər görülən zaman yük maşınının yanına MTN-in Qazax şöbəsinin işçiləri və nazirliyin Bakıdan gəlmiş 4 əməkdaşı yaxınlaşaraq, gömrük təminatı ilə möhürlənmiş, gömrük nəzarəti altında olan yük maşınını Bakıya aparacaqlarını bildirdilər. Səbəbini də belə izah ediblər ki, yük maşınında ölkəyə gətirilməsi qadağan edilən qaçaqmallar olması haqda MTN-ə məlumat daxil olub. Bu məlumatla bağlı MTN-in İstintaq İdarəsində cinayət işi başlanıb, istintaq gedir.
Gömrük əməkdaşları müdaxilə edərək, MTN əməkdaşlarının maşını aparmasının qarşısını alıb. Gömrükçülər malların gömrük nəzarəti altında olduğunu əsas gətirərək, yük maşınına Qazaxda gömrük əməkdaşlarının iştirakı ilə baxış keçirilməsinə razılıq veriblər. Gömrük əməkdaşlarının iştirakı ilə MTN-çilər yük-müşayiət sənədləri ilə tanış olmadan olmadan baxış keçiriblər, Yük yerindən gömrük orqanlarına bəyan olunmuş mallar aşkarlanıb. Yəni maşında gömrüyə bəyan edilməmiş qaçaqmal olmayıb. MTN əməkdaşları baxışın nəticəsi ilə bağlı protokol tərtib ediblər. Gömrük əməkdaşları da daxil olmaqla, bütün iştirakçılar protokolu imzalayıb. Amma MTN əməkdaşları protokolun surətini verməkdən imtina edib. Maşının yük yerini də MTN möhürü ilə möhürləyib, Bakıya aparılacağını bildiriblər. Gömrük əməkdaşları irad bildiriblər ki, mal hələ də gömrük nəzarəti altında olduğuna görə gömrük təminatı ilə möhürlənməlidir. Amma MTN əməkdaşları buna məhəl qoymayıb. Yükə aid sənədlər gömrük postunda qalmasına baxmayaraq, MTN əməkdaşları maşını gömrük nəzarətindən çıxarıb Bakıya gətiriblər.
“Bizdən 212 min manat alıb, xəstə olmağımız haqda rəylə həbsdən buraxdılar”
MTN əməkdaşları sonradan bizə qarşı zor tətbiq etmək, şantajla külli miqdarda rüşvət almaq məqsədilə CM-nin 29,192-ci (qanunsuz sahibkarlığa cəhd) və 206-cı (qaçaqmalçılıq) maddələrilə bizə ittiham verib, cinayət məsuliyyətinə cəlb elədilər. Bizimlə yanaşı, Elman Məsimov, Məcid Anqubazov, Əfsəl Həsənəliyev və Cahangir Məmmədovu da heç bir əsas olmadan cinayət məsuliyyətinə cəlb etdilər. Bizdən külli miqdarda pul almaq üçün barəmizdə həbs-qətimkan tədbiri də seçdilər.
Daha sonra istintaq zamanı bizə təzyiqlər göstərərk, hər birimizdə külli miqdarda pul aldılar – Sərdar İsmayılov və Orxan Abdullayevin hər birindən 50 min manat, Əfsəl Həsənəliyevdən 32 min, Cahangir Məmmədovdan isə 80 min. Qalan iki nəfərin verməyə pulu olmadığına görə hər biri qanunsuz olaraq, bir il həbsdə yatdı.
Bizim dördümüzdən də pul alınandan sonra müstəntiq ekspertizadan guya, bizim ürək xəstəsi olduğumuz haqda rəy aldı, dördümüzü də bu əsasla həbsdən buraxdılar. Dörd adam birdən-birə necə ağır xəstə olub, eyni gündə buraxıla bilərdi? Müstəntiq bu oyunları həyata keçirərkən prokurorluğun əməkdaşları hara baxırdı? Bu da deməyə əsas verir ki, onlar da bu işlərdə əlbir olublar.
MTN-ə görə dəhşətli intihar…
MTN-in tələb etdiyi məbləği vermək üçün Cahangir Məmmədovun və Əfsəl Həsənəliyevin ailələri evlərini banka girov qoyub pul götürdülər. Sonradan bank bu borca görə Cahangir Məmmədovun evini ailəsinin əlindən almaq istəyəndə o, əvvəlcə damarlarını kəsdi, amma həyatı xilas olundu. Buna baxmayaraq, daha sonra özü öz ürəyinə bıçaqla xəsarət yetirdi. Bu dəfə də həkimlər onu xilas etdilər. Nizami rayonunda yerləşən xəstəxanada ayılıb, sağ qaldığını görəndə isə özünü yuxarı mərtəbədən atıb, intihar etdi. Bütün bunlarla bağlı Baş Prokurorluqda araşdırmalar gedir.
MTN əməkdaşları iş adamlarının əlindən aldıqları malları necə satdırırmış?
Sonradan o da məlum oldu ki, MTN əməkdaşları bizdən aldıqları malları əvvəlcə Yasamal rayonu ərazisində, “Range Rover” salonunun arxasında yerləşən həyətdəki anbarda saxlayıblar. Sonradan – 25 dekabr 2014-cü ildə bu əmlakı Zöhrab Mehdiyev və onun müdiri Çingiz Ağayevə veriblər. Məqsəd də bu olub ki, adları çəkilən şəxslər həmin malları satıb, pulları onlara versinlər.
Bizim araşdırmalarımıza görə, malların o adamlara verilməsi belə baş verib. Çingiz Ağayev işçisi olan Zöhrab Mehdiyevi çağıraraq, gedib yuxarıda qeyd olunan həyətdə malları MTN əməkdaşlarından götürsün. Zöhrab Mehdiyev də öz yanında fəhlə işləyən qardaşı oğlu Camal Mehdiyevi çağırıb eyni işi ona tapşırıb. Camal Mehdiyev də iki yük maşını kirayələyib, ona deyilən ünvana gedib. Əvvəlcə onu həyətə buraxmayıblar. Belə olan halda, Çingiz Ağayevə zəng edib. O da öz növbəsində tapşırıb ki, həyətdə onu içəri girməyə qoymayan adamlara “Adil müəllim deyən adamam” desin. Adil müəllimin adını çəkən kimi onu buraxıblar. Çingiz Mehdiyev özü də orada olub. Onlar MTN əməkdaşlarının icazəsi ilə yük maşınının üstündəki qıfılı qoparıb, malları özləri gətirdikləri maşınlara yükləyiblər. Həmin vaxt orada olan MTN əməkdaşlarının hərəsi özünə 1-2 qutu fişəng götürüb. Malları gətirib Dərnəgüldə Çingiz Ağayevin şəriki olan Yaşar Cabbarova məxsus mağazanın arxasındakı anbara boşaldıblar. Sonradan Zöhrab Mehdiyev göstəriş verib ki, tabeliyində işləyən qohumları gedib malları çeşidləsinlər. Çeşidləmə başa çatandan sonra Zöhrab Mehdiyev anbara gəlib baxır, belə qərara gəlir ki, qutuları dəyişdiriləndən sonra satışa buraxılasın. Amma qutuları dəyişmirlər. Çingiz Ağayev malların satışına müvəqqəti qadağa qoyur. Yanvarın 5-də Çingiz Ağayev bildiri ki, mallarda kəsir var. Onlar Camaldan şübhələnib, onun mobil telefonlarını əlindən alırlar. Özünü də Çingiz Ağayev və Yaşar Cabbarova məxsus, tikintisi başa çatmamış obyektə gətirib, orada ona hədə-qorxu gəlib, gecə saat 5-ə qədər soyuq yerdə saxlayıb işgəncə verirlər. Orada şəriklərin öz aralarındakı söhbətdən Camal başa düşür ki, bunlar Orxan Abdullayev və Sərdar İsmayılovun mallarıdır.
Bundan sonra Camal bu işdə əmisinin də iştirakı olmasına baxmayaraq, baş verənləri ifşa etmək qərarına gəlir, məlumatları bizə çatdırır.
Bizim araşdırmalarımız nəticəsində məlum olur ki, bizim həbsimizdə Çingiz Ağayev və Yaşar Cabbarovun da rolu var. Onlara bizimlə bağlı məlumatları çatdıranlar isə Zöhrab Mehdiyev olub. Çingiz Ağayev hazırda həbsdə olan MTN generalı, nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş Sübahir Qurbanovun həmyerlisidir, həm də yaxşı münasibətləri olub.
Bizim satmaq üçün İrana apardığımız malları zorakılıqla əlimizdən alan MTN əməkdaşları biz həbs edib, buraxılmağımız üçün aldıqları 212 min manatdan əlavə, həm də bizim mallarımızı satdırmaqla, daha 700 min manat qazanc əldə edib, öz aralarında bölüşdürüblər.
Mənə maraqlıdır ki, necə olur, Dövlət Gömrük Komitəsinin sədr müavinininməsələyə tam aydınlıq gətirən, əslində isə MTN əməkdaşlarının qanunsuzluqlarına etiraz xarakterli məktubunu MTN-in İstintaq İdarəsinin rəisi niyə nəzərə almayıb?
Barəmizdə düzülüb-qoşulmuş saxta cinayət işini istintaqa nəzarət orqanı olan prokurorluq niyə təsdiqləyib?
“Prokurorluq bizə kömək eləmək istəmir”
MTN-in yüksək vəzifəli şəxslərinin açıq-aşkar cinatkar fəaliyyətlə məşğul olduğu üzə çıxandan sonra da bizə dəymiş ziyanın ödənilib-ödənilməyəcəyi haqda bizə heç nə deyilmir. Bu gün MTN əməkdaşları barəsində istintaq aparan Baş Prokurorluğun əməkdaşları hər vasitə ilə bizə dəymiş ziyanın ödənilməsinə yardımçı olmaqdan yayınır.
Bizim başımıza gələnlər sübut-dəlillə ortada olduğu halda, bizi MTN-lə bağlı işdə şahid kimi dindirilər. Müstəntiq Əli Babayevə başımıza açılan oyunlarla bağlı bütün sübutlardan tutmuş, mallarımızın “Sədərək” bazarında satılmasına qədər xeyli faktlar təqdim eləmişik. Amma o adamların barəsində tədbir görülmür. Əli Babayev bu cinayət işinin istintaqını süründürməçiliyə salır. Belə çıxır ki, kimlərsə yenə bizim üzərimizdə oynamaqda davam edir”.

Şərhlər

XƏBƏR LENTİ