SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Jurnalistlərə “rədd olun” deyən qadın generalı yumşaldan səbəb...

Jurnalistlərə “rədd olun” deyən qadın generalı yumşaldan səbəb...

Tarix:

23-02-2017, 09:51

/ 1 439 dəfə oxundu.
Jurnalistlərə “rədd olun” deyən qadın generalı yumşaldan səbəb...

Ləğv edilmiş MTN-in hazırda ev dustaqlığında olan Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova ötən həftə “rədd olun” dediyi jurnalistlərə bir həftə sonra “sizə hörmət edirəm” söylədi.

Generalı bir həftə içərisində dəyişdirən nə oldu?

Öncə xatırladaq ki, fevralın 14-də keçirilən məhkəmə prosesindən sonra ev dustaqlığında olan Natəvan Mürvətova jurnalistlərin kameralarından yayınmaq üçün məhkəmə binasını ən sonda tərk edib.

Amma buna baxmayaraq, jurnalistlər MTN-in ilk qadın generalının fotolarını lentə ala biliblər.

Xanım generalın jurnalistlərin “ittihama münasibətiniz necədir” sualına cavabı kobud olub. Vəkili və bir nəfər şəxslə avtomobilə əyləşən N.Mürvətova jurnalistlərə “rədd olun” deyərək şəklinin çəkilməməsinə çalışıb.

Fevralın 21-də keçirilən növbəti məhkəmə prosesindən sonra da xanım general jurnalistlərə açıqlama verməkdən imtina edib. Lakin o, bu imtinasını, ötən dəfəkindən fərqli olaraq xeyli mədəni tərzdə edib. Belə ki, o bildirib ki, ittiham barəsində danışmaq istəmir:

“Xahiş edirəm, haqsız şeylər yazmayın. Mən sizə hörmət edirəm. Bu haqda danışmaq istəmirəm”.

Generalın bir həftədə bu cür dəyişməsinin səbəbləri barəsində “Yeni Müsavat”a onun fotosunu çəkməyə çalışan məhkəmə jurnalistləri danışıblar.

“Report” İnformasiya Agentliyinin jurnalisti İsmayıl Nəsibli bildirib ki, general məhkəmənin il günü bizə peşə borcumuzu yerinə yetirməyə imkan vermədi: “Biz gözləmədiyimiz halda xanım general bizə ”rədd olun" deyib, maşına əyləşib getdi. Növbəti məhkəmə prosesindən sonra biz yenə də qapıdan çıxan kimi onun yanına gedib, ittihamlara münasibət bildirməsini istədik. Yenə də gözləmədiyimiz halda, bizi normal qarşıladı, soruşdu ki, kimsiniz, özünüzü təqdim edin. Onun dəyişməsinə gəlincə isə bəlkə də generalın bizə “rədd ol” deməsindən sonra mətbuatda gedən yazılar ona təsir edib və buna görə jurnalistlərə qarşı xoş münasibət göstərmək fikrinə düşüb. Lakin məhkəmənin qarşısında dayanan jurnalistləri bu dəfə söyməsə də, açıqlama vermədi".

Lent.az saytının əməkdaşı Səlcuq Elçin isə söyləyib ki, onun bu cür dəyişməsi medianın gücünün göstəricisidir: “Birinci məhkəmə sonrası bizi təhqir etsə də, ikinci prosesdə belə olmadı. Bizə bildirdi ki, mənim şəkilimi çəkməyiniz qanunsuzdur və vəsiqəmizi istədi. Biz də ona vəsiqəmizi təqdim etdik. Bundan sonra isə mehriban şəkildə danışaraq, söylədi ki, yalan şeylər yazmayın, doğrunu yazın. Yəqin ki, onun bu cür dəyişməsi medianın gücü, məsələnin ictimailəşdirilməsidir”.

“Yeni Müsavat”ın məhkəmədə iştirak edən əməkdaşı İlkin Muradov isə hadisə barəsində aşağıdakıları söylədi: “Akif Çovdarov və MTN zabitlərinin məhkəmə proseslərini jurnalistlərlə yanaşı hər kəs maraqla izləyir. Bildiyim qədəri ilə bu bir ilkdir ki, 6-7 nəfəri general olmaqla, onlarla yüksək rütbəli hüquq-mühafizə orqanının əməkdaşı həbs edilir. Təbii ki, hər kəs bu şəxslərin əməlləri, vəzifədə olduqları müddət ərzində tutduqları qanunsuz əməllər barədə geniş məlumat əldə etmək istəyir. Onlar həbs ediləndən bu günə qədər barələrində xeyli yazılıb, ittiham dolu ifadələr səsləndirilib. Amma generallar və digərləri bunlarla razılaşmır. Bizim də istəyimiz məhkəmə proseslərini canlı izləmək və işıqlandırmaqdır. Ancaq ”MTN işi" üzrə məhkəmə prosesləri heç bir səbəb göstərilmədən jurnalistlər üçün qapalı keçirilir.

Natəvan Mürvətovanın aqressiv olmasına gəlincə isə deyim ki, o, təqsirləndirilən MTN vəzifəliləri arasında ev dustaqlığında olan yeganə şəxsdir. Akif Çovdarov və digərləri həbsxanada olsa da, Mürvətova evindədir. Jurnalistlər də məhkəmə prosesi başlayandan onun görüntülərini əldə etmək üçün saatlarla məhkəmə binası önündə gözləyirdi. Nəhayət, onun məhkəmədən çıxışını lentə ala bildik. Jurnalistləri gördüyünə təəccübləndi və bunu aqressiv şəkildə nümayiş etdirdi. Sonrakı prosesdə isə mehriban və xoş münasibət göstərməsinin səbəbi, məncə, budur ki, o artıq başa düşürdü ki, hər məhkəmə prosesinə gəldiyi zaman bizimlə qarşılaşacaq. Və hər dəfə qaçdı-tutdu oynamaq mənasızdır. Əgər ilk dəfə normal olaraq bir neçə cümləlik münasibət bildirsə idi, məsələ bu qədər uzanmazdı".

Şərhlər

XƏBƏR LENTİ