yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakıda hakim FETÖ-çuların xeyrinə qərar çıxartdı - Şok

Bakıda hakim FETÖ-çuların xeyrinə qərar çıxartdı - Şok
13-03-2017, 17:25 506 dəfə baxılıb

Uzun müddətdir “Zaman-Azərbaycan” qəzeti ilə Axar.az arasında davam edən məhkəmə çəkişməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsi növbəti qərarını açıqlayıb.

Bu gün Bakı Apelyasiya Məhkəməsindən daxil olan qətnamənin surətindən belə aydın olur ki, proses 02 mart 2017-ci ildə, hakim Azad İmanovun sədrliyi ilə keçirilib və qərar da verilib. Ancaq prosesə qədər sayt rəhbərliyinin bu barədə heç bir məlumatı olmayıb. Çünki proses artıq yekunlaşmış, qətnamə çıxarılmış, iddiaçı tərəf – “Zaman-Azərbaycan” isə 15 iyul 2016-cı ildə Türkiyədə baş verən qiyamın ardınca Bakıdakı fəaliyyətini dayandırdığını elan etmiş, qurumun rəhbərliyi ölkədən getdiyini açıqlamışdı. Ancaq görünür, özləri getsə də, onlara dəstək verənlər var.

Məlumat üçün qeyd edək ki, “Zaman-Azərbaycan” qəzeti Axar.az saytını 11 mart 2014-cü ildə dərc edilən “Nurçular bu il Azərbaycanda 4 milyon pul paylayıb” məqaləsinə görə məhkəməyə vermişdi. Sözügedən məqalə redaksiyanın ünvanına daxil olan məktub əsasında hazırlanmış, məqalədə məktubun və sənədlərin surəti dərc edilmişdi. Həmin məktubda adı çəkilən Gülən şəbəkəsinə bağlı olduğu bildirilən “Zaman-Azərbaycan” qəzeti çap, mətbəə və yayım xərcləri üçün Gülən şəbəkəsindən 413 min dollar aldığını təkzib edən rəsmi məktubu da guya ünvanımıza göndərdiyini iddia edir (Redaksiyaya belə bir müraciət daxil olmayıb, əksinə, Axar.az bir neçə dəfə bu qurumdan rəsmi açıqlama almaq istəyi ilə müraciət edib).

Beləliklə, Nərimanov Məhkəməsində Axar.az saytının iddia barədə heç bir məlumatı olmadan proses keçirilmiş və 4 may 2015-ci ildə “Zaman-Azərbaycan”ın iddiasını təmin edən qiyabi qətnamə çıxarılmışdı.

Maraqlıdır ki, cavabdeh olaraq bizi “tapa bilməyənlər” nədənsə qərar verdikdən sonra qətnaməni dəqiq ünvana göndərə bilirlər. Sözügedən qiyabi qətnamə də beləcə redaksiyaya daxil olandan sonra şikayət verildi və Nərimanov Məhkəməsinin 22 iyul 2015-ci il tarixli qərarı ilə qiyabi qətnamə ləğv edildi. Bundan sonra isə “əyani” proses başladı və redaksiyanı tanınmış hüquqşünas Səməd Vəkilov təmsil etdi.

Nərimanov Məhkəməsində keçirilən prosesin nəticəsi olaraq 15 yanvar 2016-cı il tarixli qətnamədə “Zaman-Azərbaycan”ın iddiası rədd edildi.

“Zaman-Azərbaycan”ın iddiası əsasında baş tutan Apelyasiya Məhkəməsində də 21 aprel 2016-cı il tarixdə qətnamə çıxarıldı və iddia yenidən rədd edildi.

Bunun ardınca isə 15 iyul 2016-cı il qiyamı baş verdi və “Zaman-Azərbaycan” qəzeti və saytı Azərbaycanda fəaliyyətini rəsmi açıqlama yayaraq dayandırdı, rəhbərliyi isə ölkədən getdi. Proses də bununla yekunlaşdı.

Ancaq sən demə, gülənçi olduqları artıq heç kimdə şübhə doğurmayan bu şəbəkə fəaliyyətini davam etdirirmiş. Beləliklə, cavabdeh tərəfə - yəni Axar.az saytının rəhbərliyinə heç bir məlumat vermədən və bizim təmsilçiliyimiz olmadan Ali Məhkəmə Apelyasiya Məhkəməsinin 21 aprel 2016-cı il qərarını 07 dekabr 2016-cı ildə ləğv edərək, işin yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə göndərib.

Apelyasiya Məhkəməsində isə proses hakim Azad İmanovun sədrliyi ilə aparılıb. “Gündəlik Teleqraf” MMC rəhbərinin ünvanına göndərilən və “buradan köçüb” cavabını alan məhkəmə prosesə yenə də Axar.az saytının təmsilçisinin iştirakı olmadan baxıb və “Zaman-Azərbaycan”ın iddiasını təmin edib. Axar.az saytı “Zaman-Azərbaycan”ın işgüzar nüfuzuna zərbə vurduğuna və imicini ləkələdiyinə görə 2100 manat civarında cərimələnib.

Əlbəttə, iddia veriləcək və proses davam edəcək. Ancaq bizim üçün maraqlıdır:

1. Hakim Azad İmanovun köməkçisi qərar verərkən saytın təmsilçisinin işin içində olan telefon nömrələri ilə niyə əlaqə saxlamayıb və redaksiyanın hüquqi ünvanına niyə müraciət etməyib?

2. Məhkəməyə çağırış vərəqi göndərməyə “ünvan tapmayan” məhkəmə qətnamənin surətini nə əcəb dəqiq ünvana göndərə bilib?

3. Hakim Azad İmanov FETÖ qiyamından sonra bağlanan və rəhbərliyi ölkədən gedən, faktiki olaraq mövcud olmayan “Zaman-Azərbaycan” qəzetinin hansı nüfuzunu və işgüzar fəaliyyətini ləkələdiyimizi düşünür? “Zaman-Azərbaycan”ın hansı nüfuzu var və yaxud qalıb? FETÖ-çu nüfuzu qorunur?

4. Ümumiyyətlə, Axar.az-ı heç vaxt ictimailəşdirməyi lazım bilmədiyi və bircə dəfə də yazmadığı bu proseslərə – nurçuların məhkəmə və təhqirlərinə aidiyyəti qurumlar nə zamana qədər hədəf edəcək? 2013-cü ildə fəaliyyətə başladığı ilk günlərdən gülənçilərə qarşı yazdığı yazılara görə Azərbaycandakı FETÖ-çulardan minlərlə təhqir mesajı, Bakıdakı Gülən şəbəkəsindən onlarla məhkəmə iddiası almışıq. Proses FETÖ şəbəkəsi ifşa olunandan sonra da davam edirsə, bunun məntiqi izahı nədir?

Ümid edirik ki, FETÖ-nun yerdə qalan tör-töküntülərinin bu əməllərinə qarşı hüquq mühafizə orqanları son sözü deyəcək...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ