SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Oliqarxların “pul gölü” qurudulur - 121 süni balıq gölünün fəaliyyəti dayandırılıb

Oliqarxların “pul gölü” qurudulur - 121 süni balıq gölünün fəaliyyəti dayandırılıb

Tarix:

30-11-2018, 09:45

/ 1 543 dəfə oxundu.
Oliqarxların “pul gölü” qurudulur - 121 süni balıq gölünün fəaliyyəti dayandırılıb

Torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb; bəzi ekspertlər hesab edir ki, həmin göllərin fəaliyyətini leqallaşdırmaq lazımdır

Balıq yetişdirmək üçün yaradılan süni göllərin əksəriyyəti bağlanacaq. Hökumətin 2016-cı ildən başladığı bu proses davam edir.

Hökumət qurumları hesab edir ki, həmin göllər vətəndaşların mülkiyyətinə pay torpağı kimi verilmiş əkin sahələrində, dövlət mülkiyyətinə aid qış otlaqlarında, dövlət ehtiyat fondu torpaqlarında və bələdiyyə mülkiyyətinə aid örüş-otlaq sahələrində yaradılıb. Buna görə də torpaqların bərpası üçün süni balıq göllərinin ləğvi vacibdir.

Balıqçılığın inkişafı təbi ki, ölkə iqtisadiyyatına xeyli fayda verə bilər. Ancaq qanunsuz olaraq yaradılan süni balıq gölləri bəzi hallarda həm iqtisadi, həm də ekoloji olaraq mənfi fəsadlar törədir. Belə halların qarşısının alınması üçün ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin fəaliyyəti nəzarətə götürülür.

Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində respublika üzrə ümumilikdə 30 rayon üzrə 537 süni balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb. Bunların 131-i Salyan rayonunda, 83-ü Neftçalada, 32-si Biləsuvarda, 22-si Hacıqabul rayonunda, qalanı isə digər bölgələrdə aşkar edilib. Müəyyən olunub ki, süni balıq gölləri əsasən kənd təsərrüfatı təyinatlı pay torpaqlarında, dövlət və bələdiyyə mülkiyyətinə aid otlaq sahələrində, qış otlaqlarında qeyri-qanuni olaraq yaradılıb.

Aparılan monitorinq zamanı qanun pozuntusu halları olan 121 gölün fəaliyyəti dayandırılıb, torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb. Balıq gölünün 269-u barədə inzibati protokollar yazılıb, cinayət əməlinin əlamətləri aşkar olunan 25 göllə bağlı sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.

“Yeni Müsavat” xatırladır ki, süni göllərlə bağlı məsələ hələ 2016-cı ildə kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin başqa məqsədlərlə istifadəsinin dayandırılması və yenidən əkin fonduna qaytarılması siyasəti çərçivəsində gündəmə gəlib. Hələ o zaman da xeyli sayda süni göllərin fəaliyyəti dayandırılmışdı. Gözlənilir ki, ləğv edilmiş balıqçılıq təsərrüfatlarının tutduğu ərazilər yenə əkin fonduna veriləcək. Salyan və Neftçala rayon icra hakimiyyətlərinin başçılarına bununla bağlı xüsusi tapşırıq verildiyi də deyilir.

Süni yaradılan göllərdə yetişdirilən balıqlar göllərin suyu vaxtlı-vaxtında dəyişdirilmədiyindən o qədər də keyfiyyətli olmur. Bu səbəbdən də bu balıqların qiyməti nisbətən ucuz olur. Ən müxtəlif iddialara görə, Azərbaycan özünün balıq və balıq məhsullarına olan tələbatının yalnız 30 faizini ödəyə bilir. Bu səbəbdən də son illər bəzi oliqarxların dəstəyi ilə süni göllər yaradıldı, xüsusilə Aran bölgəsində balıqçılıqla məşğul olanların sayı artdı. Bəzi ekspertlər isə belə hesab edir ki, həmin göllərin fəaliyyətini leqallaşdırmaq, vergiyə cəlb etmək lazımdır ki, biznesin bu növü də inkişaf etsin. Çünki əhalinin balıq və balıq məhsulları ilə təchizatında bu göllərin əhəmiyyətli rolu var.

Süni balıq göllərinin əksəriyyətinin ayrı-ayrı məmurlara məxsus olması sirr deyil. Aydındır ki, süni göllərə nəzarətin gücləndirilməsi balıq biznesindən milyonlar qazanan oliqarxları da xeyli ziyana salacaq. Süni balıq göllərinin ləğvinin sürətlənməsinin balığın qiymətinə də təsir edəcəyi və bu məhsulun bahalaşacağı gözləniləndir.

Şərhlər

XƏBƏR LENTİ