SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Qaçan” milyonlar... - “Qaçqınkom”un yeni sədri nələri dəyişəcək?

“Qaçan” milyonlar... - “Qaçqınkom”un yeni sədri nələri dəyişəcək?

Tarix:

5-09-2018, 16:32

/ 1 626 dəfə oxundu.
“Qaçan” milyonlar... - “Qaçqınkom”un yeni sədri nələri dəyişəcək?

25 ildən çoxdur, Azərbaycan özünün ən böyük dərdlərindən birinə çevrilən, daim diqqət və qayğı, eyni zamanda böyük maliyyə tələb edən qaçqın və məcburi köçkünlərin sosial problemləri ilə çarpışır. Yurd-yuvalarından didərgin düşən günahsız insanlara dövlət daim dəstək durub və durmalıdır da. Nəzərə alsaq ki, bu insanların xeyli hissəsi təkcə rahat mənzillərini, iş yerlərini itirməyib, həm də qohum-əqrəbasını, ailə üzvlərini, sağlamlığını, bütün arzularını itirib, onda bu sahənin nə qədər mürəkkəb olduğunu və necə həssaslıq tələb etdiyini izah etməyə ehtiyac qalmır. Elə bu məqamlara görə qaçqınlara daim diqqət və xüsusi güzəştlər edilib. Buna baxmayaraq, bu sahə də problemlərdən halı deyil. Qaçqınlara ayrılan vəsaitlərin bir qisminin mənimsənilməsi, onlar üçün tikilən mənzillərin kənar şəxslərə pulla satılması, eyni zamanda qaçqın statusundan sui-istifadə halları, dövlətdən daha çox "qoparmaq” cəhdləri barədə həmişə təkzib edilməz informasiyalar yayılıb. Baxmayaraq ki, bu sahəyə yeni rəhbər təyin edilib, yenə də qeyd olunan neqativlərlə bağlı mətbuatda məlumatlar tirajlanır.

Məlum olduğu kimi Azərbaycanda keçirilən son prezident seçkilərindən sonra ölkə rəhbərliyi bu sahədə işləri daha da effektiv hala gətirmək üçün Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin illərdir dəyişməyən rəhbərini işdən azad etdi, yerinə millət vəkili Rövşən Rzayev təyin edildi. İşə başladıqdan sonra o, qaçqın və məcburi köçkünlərlə görüşlər təşkil etdi, onların şəraiti ilə maraqlandı, problemli məsələlərin həllinə çalışacağına söz verdi...

Bəs bu mümkündürmü? Yeni sədr olduqca mürəkkəb bir sahəni çirkabdan qurtara biləcəkmi? "Qaçqınkom”un yeni rəhbərliyi ilk növbədə hansı işləri görməlidir?

BakuPost-un əməkdaşı suallarla Xankəndi seçki məntəqəsindən deputat seçilmiş Flora Qasımovaya müraciət edib. Millət vəkili saytımıza açıqlamasında deyib ki, Rövşən Rzayevin təyin edildikdən sonra gördüyü ən böyük iş zirzəmilərdə yaşayan 200-ə yaxın köçkün ailəsini yeni mənzillərə yerləşdirmək oldu.

KÖÇKÜNLƏR ARASINDA İKİLİ STANDARTLAR

F. Qasımova köçkünlərin mənzillə təmin edilməsində yaşanan əsas problemlərdən danışıb: "Onların hərəsi bir rayonda məskunlaşıb, illərdir, orada işləyib, həyatını orada qurub. Onların yeni bir yerə köçürülməsi, yeni işlə təmin edilməsi qarşıda duran ən böyük problem olacaq.

Bununla bağlı Rövşən müəllimlə görüşümüz olub. Yeni iş yerlərinin yaradılması, əmək birjalarının açılması ilə bağlı söhbətimiz oldu. İnanıram ki, həll olunacaq.

Digər bir problem isə kommunal xərclərin ödənilməsidir. Köçkünlər var ki, dövlət tərəfindən həm mənzillə təmin ediliblər, həm də kommunal xərcləri qarşılanır. Eləsi də var ki, illərlə əziyyət çəkib özünə ev alıb, amma kommunal xərcləri də özü ödəyir. Düşünürəm ki, bu kimi hallar araşdırılmalıdır. Çox güman ki, buna görə qanunlara əlavə və dəyişiklik ediləcək”.

ƏRİNDƏN YALANDAN BOŞANIR Kİ, DÖVLƏTDƏN EV ALA BİLSİN

Deputat köçkünlərin boşanmalarla bağlı yaşadığı problemləri də açıqlayıb: "Məni narahat edən məsələlərdən biri də boşanmalarla bağlıdır. Köçkün bir qadın yerli kişiyə ərə gedir, sonradan yalandan boşanır. Araşdıranda məlum olur ki, əslində bir yerdə yaşayırlar, sadəcə dövlətdən ev almaq üçün boşanıblar.
Eləsi də var ki, ailəsi həqiqətən dağılır, uşaqlar anada qalır, amma uşaqlar köçkün statusu ala bilmirlər. Ona görə konkret qanun layihəsi hazırlayıb, ucdan tutma hamıya tətbiq etmək olmur. Belə ikili hallar mövcuddur. Bildiyimə görə, belə hallara yenidən baxılacaq. Ər-arvad boşanırsa, uşaqlar anada qalırsa, o uşaqlar da köçkün sayılmalıdırlar. Çünki ana öz torpağına qayıdanda uşaqları burada qoyub getməyəcək ki. Onlar da köçkün kimi getməlidirlər”.

Картинки по запросу zirzəmidə yaşayan qaçqın

İqtisadçı-ekspert Natiq Cəfərli "Qaçqınkom”un son 25 ildə ən çox maliyyə vəsaiti ayrılan qurumlardan biri olduğunu deyib: "Azərbaycanda büdcədən ayrılan pulların şəffaf şəkildə xərclənməsində ciddi problemlər var. Bunu prezident də öz çıxışlarında deyib, nazirlər də dəfələrlə bu mövzuda tənqidlər səsləndirib. Hesablama Palatası dəfələrlə yoxlamalar apararaq qeyri-effektiv xərcləmələri üzə çıxarıb. Hətta rəsmi rəqəmlər, rəsmi sözlərə istinad etsək, "Qaçqınkom”da belə faktların olduğu heç kimə sirr deyil. Azərbaycanda son 25 ildə büdcə vəsaitlərinin, Neft Fondundan vəsaitlərin ən çox ayrıldığı orqanlardan biri "Qaçqınkom”dur. Həm dövlət büdcəsindən kifayət qədər dotasiyalar və pullar ayrılıb, həm də Neft Fondundan hər il qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunması üçün büdcədənkənar 100 milyonlarla vəsait ayrılır. Bunlara baxmayaraq, bu sahədə hələ də problemlər varsa, deməli ayrılan vəsaitlərin normal və şəffaf xərclənməsi problemi var”.

""QAÇQINKOM” HƏR QƏPİYİ NECƏ XƏRCLƏDİYİNİ AÇIQLAMAĞA BORCUDUR”

Ekspertin sözlərinə görə, şəffaflıq üçün quruma ictimai nəzarət güclü olmalıdır: ""Qaçqınkom”un özünün də mediaya açıq olması vacibdir. Onlara hər hansı rəqəmlərlə bağlı sorğu göndərəndə dərhal cavab verməlidirlər. Bu da böyük problemdir. İctimai nəzarətin olmaması, dövlət və hökumət idarələrinin daha gec və tam olmayan cavablar verməsi bu sahədə şəffaflığın xeyli dərəcədə aşağı olmasına gətirib çıxarır”.

N. Cəfərli yeni sədrə kifayət qədər böyük ümidlər olduğunu deyib: "Hamı inanır ki, Rövşən Rzayev keçmişdən mövcud olan problemləri aradan qaldıracaq. Bunların aradan qalxması üçün ən vacibi bu sahədə olan problemlərin həllində biliyə, təcrübəyə malik müstəqil ekspertlər qrupunun fikirlərini nəzərə almaq, mediaya açıq olmaq, hesabatları öz saytlarında online qaydada daha açıq şəkildə yerləşdirməkdir - burada hər hansı dövlət sirri, məhdudlaşdırıcı amil yoxdur, büdcədən ayrılmış vəsaitdir və "Qaçqınkom”un borcudur ki, vəsaitin hər qəpiyinin necə xərcləndiyi ilə bağlı ictimaiyyətə məlumat versin”.

"QƏRBİ AZƏRBAYCAN QAÇQINLARI "AZƏRBAYCAN KÖÇKÜNLƏRİ”NİN MALİK OLDUQLARI BÜTÜN HÜQUQ VƏ İMTİYAZLARDAN MƏHRUMDUR”

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli bu sahədə mövcud olan bir başqa problemə toxunub. O, Qərbi Azərbaycandan gəlmiş qaçqınlarla məcburi köçkünlər arasında ikili standart tətbiq edildiyini deyib: "Qaçqın və köçkünlərin bu günə kimi həll edilməyən problemləri məsələsinə baxdıqda, mən burada qaçqınlarla məcburi köçkünləri eyni müstəvidə nəzərdən keçirmək istəməzdim. Ona görə ki, Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə münasibətdə tam bir ikili standart mövcuddur. Etiraf etmək lazımdır ki, məcburi köçkünlərin, yəni Azərbaycan Respublikası ərazisindən didərgin salınmış soydaşlarımızın sosial problemlərinin həlli üçün Azərbaycan hökuməti, demək olar ki, hər şey edir. Əlbəttə, biz bunu alqışlayır və qiymətləndiririk, o insanlar uzun illər məhrumiyyətlər içərisində yaşayıblar və hər cür qayğı və diqqəti haqq edirlər. Lakin bunu qaçqınlar – Qərbi Azərbaycan, yəni Ermənistan ərazisindəki ata-baba yurdlarından qovulmuş soydaşlarımız haqqında qətiyyən deyə bilmərik. Qərbi Azərbaycan qaçqınları "Azərbaycan köçkünləri”nin malik olduqları bütün hüquq və imtiyazlardan məhrumdurlar. Azərbaycanda heç bir rəsmi dövlət qurumu Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olmur. Azərbaycanda 1988-1991-ci illərdə soydaşlarımızın Qərbi Azərbaycandan qovulması ilə bağlı tam bir informasiyasızlıq hökm sürür. Azərbaycan xalqının bu ümummilli tarixi faciəsinin, demək olar ki, heç bir aspekti öyrənilməyib. Həmin hadisələrin bu il 30-cu ildönümüdür, hadisələrin şahidi olan insanların böyük əksəriyyəti artıq dünyasını dəyişib. 20-30 ildən sonra o hadisələri xatırlayan bir insan belə qalmayacaq. Bəs itirilən bu zamanın tarixi məsuliyyətini kim daşıyacaq? Qərbi Azərbaycan qaçqınları ilə bağlı vəziyyət belədir ki, bu insanlar həmişə Azərbaycanda ikinci növ qaçqın olublar, indi də olaraq qalırlar və bir qaçqın kimi, onların problemləri ilə heç kəs məşğul olmur”.

""SİZİN QAÇQINLIQ STATUSUNUZ LƏĞV OLUNUB” DEYİB QAPIDAN QOVURLAR”

Ə. Ələkbərli qeyd edib ki, onun rəhbəri olduğu QHT-yə şikayət ən çox qərbi azərbaycanlılardan gəlir. Onun sözlərinə görə, hətta bu qəbildən olan qaçqınları qurumların qapılarından qovurlar: "Bizə əsas müraciətlər qaçqınlar – Qərbi Azərbaycan qaçqınları tərəfindən olur. Çünki bütün dövlət qurumlarında "siz qaçqın deyilsiniz”, "sizin qaçqınlıq statusunuz ləğv olunub” deyə onları qapıdan qovurlar. Belə çıxır ki, bu məmurların Azərbaycan qanunlarından, dövlət sərəncamlarından ya xəbərləri yoxdur, ya da özlərini qanunların fövqündə hiss edirlər. Təəssüf ki, belə məmurları heç kəs cəzalandırmır və cəzasızlıq sindromu onları daha böyük qanunsuzluqlara, səlahiyyətdən sui-istifadəyə və özbaşınalığa sürükləyir”.

PROBLEMLƏRİN HƏLLİ ÜÇÜN 2 TƏKLİF

QHT rəhbəri problemlərin həlliüçün bəzi təkliflər verib: "Qaçqınların və Məcburi Köçkünlərin İşləriüzrə Dövlət Komitəsi son 20 ildə məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində möhtəşəm işlər görüb. Təkcə onu xatırlatmaq kifayətdir ki, bu illərdə 100-ə qədər qəsəbə və yaşayış kompleksi tikilib və 250 min nəfərdən çox məcburi köçkün vaqonlardan, qaçqın düşərgələrindən köçürülərək müasir mənzillərdə yerləşdirilib. Bu iş bu gün də davam etdirilir. Belə hesab edirəm ki, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində səmərəli fəaliyyət üçün onlara bugünkü diqqət və qayğını azaltmamaq yetərlidir.

Amma Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri olaraq Komitənin fəaliyyəti ilə bağlı iki təklifim də var: birincisi, Komitə ancaq məcburi köçkünlərin işi ilə deyil, eyni zamanda, adına və Nizamnaməsinə müvafiq olaraq qaçqınların da problemləri ilə gündəlik məşğul olmalıdır. Bunun üçün isə Komitə sədrinin iki müavini məcburi köçkünlərin işi ilə məşğul olursa, heç olmasa bir müavini də sırf qaçqınların problemləri ilə məşğul olmalıdır. İkinci təklifim isə ondan ibarətdir ki, Komitə öz fəaliyyətini ancaq məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması və digər sosial-məişət problemlərinin həlli ilə məhdudlaşdırmamalıdır, həm də bu işin ideoloji tərəfi üçün məsuliyyət daşımalı, müntəzəm olaraq bu istiqamətdə əməli işlər görməli, Azərbaycanda və xaricdə konfranslar, müzakirələr, görüşlər, müzakirələr, dəyirmi masalar təşkil etməlidir”.

QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN 2 ƏN VACİB PROBLEMİ

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirib ki, qaçqın və məcburi köçkünlərin 2 əsas problemi var: ev və iş: ""Qaçqınkom”a yeni rəhbər gələndən sonra müəyyən addımlar atılır. Ən əsası odur ki, qurumun qapıları insanların üzünə açılıb. İnsanlar aylarla, illərlə "Qaçqınkom”un sədrinin qəbuluna düşə bilmirdi. Buradan çıxış edərək deyə bilərəm ki, problemlərin həlli istiqamətində birinci addım atılıb.

İkinci məsələ, bütün idarələr qaçqın və köçkünlərin üzünə açıq olmalıdır. İmkan daxilində problemləri həll olunmalıdır.

Qaçqınların ilk problemi mənzildir. İkinci və ən vacibi isə iş problemidir. Məcburi köçkünlərin böyük əksəriyyəti işsizdir”.

Şərhlər

XƏBƏR LENTİ