SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qatı açılmayan "İSTİNTAQ İŞİNDƏN" Prezidentə şikayət

Qatı açılmayan "İSTİNTAQ İŞİNDƏN" Prezidentə şikayət

Tarix:

6-04-2018, 14:50

/ 1 368 dəfə oxundu.
Qatı açılmayan "İSTİNTAQ İŞİNDƏN" Prezidentə şikayət

3 iyun 2017-ci il tarixində Bakı şəhəri Xətai rayonu, Zığ yolu 22 b ünvanı yaxınlığında baş verən avtoqəzada Mirzəzadə Toğrul Mirheydər oğlunun idarə etdiyi 10 A 919 dövlət nömrə nişanlı motosikletlə Nəciyev Nəriman Ocaqqulu oğlunun idarə etdiyi Qaz-33021-212 markalı 90-FL 361 dövlət nömrə nişanlı avtomobil toqquşmuş və nəticədə motosikleti idarə edən T. Mirzəzadə hadisə yerində aldığı xəsarətlərdən həlak olmuşdur.
Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru İsmayıl Məmmədov tərəfindən aparılmış təhqiqat materiallarına əsasən 01 sentyabr 2017-ci il tarixində cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilib. Qərarda göstərilir ki, “baş vermiş yol-nəqliyyat hadisəsi Harley markalı 10 A 919 dövlət nömrə nişanlı motosiklin sürücüsü Mirzəzadə Toğrul Mirheydər oğlunun təqsiri üzündən baş vermişdir və nəticədə özü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.” Bunlara əsasən Azərbaycan Respublikası CPM-nin 85, 39.1.2, 39.1.5 və 280-cı maddələrini rəhbər tutaraq İsmayıl Məmmədov “cinayət işi üzrə təqsirkar şəxs olan Mirzəzadə Toğrul Mirheydər oğlu öldüyünə görə cinayət işi üzrə icraata xitam verilməsi, Nəciyev Nəriman Ocaqqulu oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi” barəsində qərar qəbul edib.
Həmçinin İ. Mmmədov tərəfindən 18 yanvar 2018-ci il tarixində də cinayət işi üzrə icraata xitam verilməsi haqqında bənzər qərar qəbul etmişdir.
Rubrika.az saytına müraciət edən mərhum T. Mirzəzadənin həyat yoldaşı Mirzəzadə Nəzakət Qabil qızı cinayət işinin obyektiv araşdırılmadığını, işə birtərəfli yanaşıldığını və nəticədə ölümlə nəticələnən qəzanın ört-basdır edildiyini bildirərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova müraciət edərək ədalətin bərqərar olunmasına yardımçı olmalarını xahiş edir.
N. Mirzəzadə bildirir ki, İsmayıl Məmmədov tərəfindən 01 sentyabr 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qəbul edilən qərardan verilmiş şikayət əsasında həmin qərar ləğv edilmiş və təəccüblü olsa da işin istintaqının aparılması yenidən İ. Məmmədova həvalə tapşırılıb.
Rubrika.Az-a daxil olan məlumata görə, zərərçəkmiş şəxsin hüquqi varisi olan N. Mirzəzadə hesab edir ki, iş üzrə istintaq qeyri-obyektiv aparılmış, hadisənin baş vermə mexanizmi məqsədyönlü şəkildə saxtalaşdırılaraq elə qurulmuşdur ki, həmin mexanizm üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasından Nəriman Nəciyevin təqsirsizliyi barədə rəy alınmışdır. Müraciət müəllifi bildirir :
“ İstintaqın gəldiyi nəticəyə görə guya hadisənin baş verməsində mərhum həyat yoldaşım Toğrul Mirzəzadə təqsirli olmuşdur. Lakin istintaq orqanı nə qədər işin hallarını saxtalaşdırmağa çalışsa da bu mümkün olmamışdır.
Belə ki, hadisə yerində çəkilmiş fotoşəkildən açıq-aydın görünür ki, həmin avtomaşınla döngənin arasında bir hərəkət zolağı da var. Bu isə o deməkdir ki, Nəriman Nəciyev düzünə hərəkətdə olan zaman onun hərəkəti istiqamətində solunda boş hərəkət zolağı olmuş və o döngəyə çataraq sola manevr edərkən arxadan solunda yerləşən zolaqla onunla eyni istiqamətdə hərəkətdə olan və ötmə əməliyyatını həyata keçirən həyat yoldaşımın motoskletini görmədən, arxaya baxmadan öz soluna manevr etmiş, nəticədə toqquşma baş vermişdir.
İş üzrə ən böyük saxtakarlıq ondan ibarətdir ki, həyat yoldaşımın idarə etdiyi motosklet Nəriman Nəciyevin avtomaşınının arxa sol yan hissəsi ilə deyil, qabaq təkəri və buferin tin hissəsi ilə toqquşmuşdur. Hadisə yerində çəkimiş fotoşəklildən də aydın görünür ki, avtomaşının arxa yan hissəsində heç bir çızılma, sürtünmə, motosikletlə kontaktda olma izləri yoxdur. Avtomaşının qabaq təkərinin və qabaq buferin sol tininin çöl səthində isə tünd qara rəngli, qeyri-müəyyən formalı təzə sürtülmə-cızılma izlərinin olması və avtomobilin güzgüsünün sınması açıq-aşkar görünür. Eyni zamanda açıq-aşkar görünür ki, qabaq buferin sürücü yeri tərəfdən tini yerindən bir qədər qopmuş və zərbə alt hissəyə yaxın yerdən olduğundan buferin alt hissəsi daha çox qabağa getmişdir. Bu da həmin buferin əvvəldən bu vəziyyətdə olmamasını, açıq-aşkar hadisədən sonra bu vəziyyətə düşdüyünü göstərir. Bu qədər halları necə gizlətmək olar?”
Şikayətçi bildirir ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru İsmayıl Məmmədovun apardığı təhqiqatın nəticəsi olaraq guya baş vermiş yol-nəqliyyat hadisəsi Harley markalı 10 A
919 dövlət nömrə nişanlı motosiklin sürücüsü Mirzəzadə Toğrul Mirheydər oğlunun təqsiri üzündən baş verməsinə dair iddialar əsassızdır və həqiqəti əks etdirmir.
Nəriman Nəciyevin istintaqa verdiyi ifadədən görünür ki, onun toqquşmadan əvvəl sola manevr etməsini heç cür gizlətmək və bu haldan yayınmaq mümkün deyil. Belə olan halda müstəntiq N. N. Nəciyevin təqsirsizliyini əsaslandırmaq üçün 3 hala istinad edir :

1) Guya onun lap əvvəldən sola dönmə işıqlarını yandırmasına və sonra sola dönmək istəməsinə;

2) Guya onun dönmə əməliyyatına başlamazdan əvvəl hərəkət hissəsinin sol kənarında “sıxılmasına” və özündən solda digər nəqliyyat vasitələrinin ötmə əməliyyatı aparmaları üçün yer qalmamasına;

3) Guya qanunsuz ötmə əməliyyatı aparmış mərhum həyat yoldaşımın onun avtomaşınının arxa tin, yaxud yan hissəsindən vurulmasına.

Həqiqətdə isə iş üzrə bu hallardan heç biri olmamışdır. Belə ki, N. Nəciyev öz ifadəsinə əsasən avtomaşını toqquşma anında dərhal saxlamışdısa onun avtomaşınının hadisə yerində çəkilmiş fotoşəkildən aydın görünür ki, həmin avtomaşınla döngənin arasında bir hərəkət zolağı da var.
“Beləliklə əsaslı surətdə hesab edirik ki, hadisə heç də İ. Məmmədovun göstərdiyi kimi deyil, aşağıda göstərilən şəraitdə baş vermişdir: Toqquşmadan əvvəl Nəciyev nəriman Ocaqqulu oğlunun idarə etdiyi QAZ-33021-212 markalı 90-FL- 361 dövlət nömrə nişanlı avtomobil soldan sağa doğru ikinci hərəkət zolağı ilə düzünə hərəkətdə olmuş və sola döngəyə çatarkən hərəkəti istiqamətində solda yerləşən hərəkət zolağı ilə onunla eyni istiqamətdə olan və idarə etdiyi avtomobili ötmə əməliyyatına başlamış Mirzəzadə Toğrul Mirheydər oğlunun idarə etdiyi Harley markalı 10 A 919 dövlət nömrə nişanlı motoskleti görməyərək, sola manevr etmiş, nəticədə Toğrul Mirzəzadənin idarə etdiyi motosklet onun avtomaşınının sürücü yeri tərəfdən qabaq təkərinin çöl səthinə və buferin tininə çarpılmaqla yol-nəqliyyat hadisəsi baş vermişdir. Ehtimalımıza görə motosklet avtomobillə toqquşmuş, həyat yoldaşımın başı avtomaşının güzgüsünə dəymiş və zərbədən güzgü sınmışdır. Toqquşma nəticəsində motoskletçi hərəkəti istiqamətində sola düşərək qalmışdır.
Müstəntiq tərəfindən hadisə mexanizminin saxtalaşdırılmasının məqsədi “Qazel”in bir döngədən ikincisinə keçməsi halını (daha riskli vəziyyəti) və toqquşma vəziyyətini dəyişdirməklə hadisə baş verən ərazidə düz yolla hərəkətdə olduğu və düzgün manevr etdiyi görüntüsünü yaratmağa xidmət edir. Hadisə yerinə adi baxış kifayətdir ki, hadisə mexanizminin saxtalaşdırıldığını görmək mümkün olsun. Görünür bu səbəbdən də müstəntiq istintaq ekspermentinin aparılmasında bizim iştirakımızın təmin edilməsində maraqlı deyildi.
Digər tərəfdən mübahisələndirilən qərarda mərhum həyat yoldaşımın idarə etdiyi motoskletin guya yüksək sürətlə idarə etdiyi yazılır. Halbuki, motoskletin hətta ön farasının qəza nəticəsində qırılmaması , ümumiyyətlə digər xəsarətləri də onun yüksək sürətlə hərəkət etmədiyini sübut edir. Əgər motosklet sürətlə hərəkət etmiş olsaydı və ümumiyyətlə müstəntiqin yazdığı kimi “Qazel” dönmə əməliyyatını düzgün yerinə yetirmiş olsaydı, bu halda motosklet “Qazel”ə yapışardı, adlayıb yolun əks tərəfinə keçə bilməzdi.

Müşahidə kameraları yoxa çıxıb

Həmçinin şikayətçi bildirir ki, hadisənin baş verdiyi ərazi hərəkətin intensiv olduğu, həmçinin Prezident kortejinin gündəlik hərəkət etdiyi bir yol olmasına baxmayaraq nədənsə müşahidə kameralarının çəkilişi yoxa çıxıb. Maraqlıdır ki, dövlət başçısının hər gün getdiyi yolda necə olur ki, kameralar işləmir və çəkiliş aparılımır? Şikayətçi bunun qərəzli şəkildə istintaqdan gizlədildiyini iddia edir. Görəsən hansı məqsədlə faciəvi hadisənin görüntüləri itirilib və nəticədə əsl həqiqəti ört-basdır etməyə çalışılır?
“Göstərilənlərə əsasən hesab edirəm ki. Xətai RPİ-nin İstintaq şöbəsində işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, izahatlara düzgün qiymət verilməmiş, işin nəticəsində birbaşa və dolayısı ilə maraqlılıq nümayiş etdirilmiş, həyat yoldaşımın ölümündə təqsirli olan şəxsin əməli ört-basdır edilmişdir. Ona görə də hesab edirəm ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Məmmədov İsmayıl İbrahim oğlunun 18 yanvar 2018-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilməlidir.
Xatırladım ki, Xətai rayon prokuroru baş ədliyyə müşaviri Yusif İldırımzadə tərəfindən “Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaqı aparılmış 170110257 saylı cinayət işi üzrə RPİ-nin İŞ-nin müstəntiqi İsmayıl Məmmədovun 18 yanvar 2018-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin istintaqının davam etdirilməsi üçün Xətai RPİ-nin İŞ-nə göndərilməsi barədə 06 fevral 2018-ci il tarixli qərar qəbul edilib.
Göstərilənləri nəzərə alaraq Xətai RPİ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaqı aparılan, 170110257 saylı cinayət işinin müstəntiq İsmayıl Məmmədovdan alınaraq başqa müstəntiqə verilməsini və işin obyektiv aparılmasına nəzarət etməyinizi xahiş edirəm.”
PS.Verilən məlumatlarda bildirilir ki, artiq bu cinayət işi ilə bağlı Bakı Şəhər Prokurorluğu 3-cü dəfə ləğv edərək baxılmaq üçün Xətai Rayon Prokurorluğuna göndərmiş, lakin bu qədər şikayətlərin olmasına baxmayaraq Xətai Rayon Prokurorluğu həmin cinayət işini eyni müstəntiqin icraatına yönəldir.
Jurnalist araşdırmamız davam edir.

Rubrika.Az
Qatı açılmayan "İSTİNTAQ İŞİNDƏN" Prezidentə şikayət
Qatı açılmayan "İSTİNTAQ İŞİNDƏN" Prezidentə şikayət
Qatı açılmayan "İSTİNTAQ İŞİNDƏN" Prezidentə şikayət

Şərhlər

XƏBƏR LENTİ