XalqXəbər.Az

Ombudsman Elmira Süleymanova yola salınır

yüklənir...
Ombudsman Elmira Süleymanova yola salınır
15-05-2019, 08:31
yüklənir...

Neft-kimya mütəxəssisliyindən ombudsmanlığa...
Azərbaycanın “əvəzolunmaz” ombudsmanı Elmira Süleymanova səlahiyyət müddəti bitsə də, postunu təhvil verməyə tələsmir. Süleymanova ombudsman postuna 2002-ci ildə, 65 yaşında təyinat alıb.

Həmin dövrdə Azərbaycan qanunvericiliyinə görə, ombusman 7 il müddətinə Milli Məclis tərəfindən seçilirdi. 2010-cu ildə ombudsmanla bağlı qanun dəyişib, eyni şəxsə iki dəfə ombusman seçilmək hüququ verilib. Dəyişiklik edilərkən vəzifədə olan Elmira Süleymanovanın daha bir müddət - 7 il ombudsman olmaq imkanı yaranıb. 2017-ci ildə 2 müddətə yeddi il sürən ombudsmanlıq müddəti də bitib. Azərbaycan qanunvericiliyinə görə, insan haqları müvəkkilinin namizədliyi prezident tərəfindən parlamentə təqdim olunur və millət vəkilləri tərəfindən təsdiqlənir. “Ombudsman haqqında” Qanunda deyilir ki, “bir şəxs müvəkkil vəzifəsinə 2 dəfədən artıq seçilə bilməz”. Səlahiyyətləri bitdikdən sonra, yeni müvəkkilin seçilməsi ilə bağlı qanunda heç nə göstərilməyib.

Şəffaflıq Azərbaycan təşkilatının hesabatlarında Ombudsmanlığın fəaliyyətinə aşağıdakı şəkildə qiymət verilir: “Keçən il (2018) ombudsman 12 min 470 şikayət qəbul edib və bu, bir öncəki ildən 210 ədəd azdır. Şikayətlərin azalması ölkədə insan hüquqlarının vəziyyətinin yaxşılaşmasındanmı xəbər verir, yoxsa bu institutun problemləri həll etmə qabiliyyətinə ictimai etimadın azalmasından - bu barədə mühakimə yürütmək çətindir”.
2011-ci ildə “İnformasiya əldə etmək haqqında” Qanunda göstərilən tələblərin icrasına nəzarət məqsədilə ombudsman institutuna əlavə səlahiyyətlər həvalə edilib. Amma vəziyyət dəyişməyib.

Azərbaycanda insan haqları müvəkkili institutu 2002-ci ilin iyulunda yaradılıb. Bu qurum ölkədə insan haqlarının müdafiəsi ilə məşğul olmalıdır. Ombudsmanın vəzifələrinə hüququ pozulmuş vətəndaşlardan daxil olan ərizə və şikayətlərə baxılması, öz təşəbbüsü ilə hər hansı hadisələrə reaksiya vermək, araşdırmaq kimi məsələlər daxildir.

“Elmira Süleymanovanın öz təşəbbüsü ilə qaldırdığı məsələlər olmayıb” söyləmək doğru olmasa da, həmin məsələlərin böyük əksəriyyəti 5-ci, 10-cu dərəcəli məsələlər olub. Cəmiyyəti narahat edən, ictimaiyyətin diqqət mərkəzində olan məsələlərdə ombudsmanın səsini eşidən, onun darda olan vətəndaşın dadına çatmasına şahidlik edən 17 illik ombudsmanlıq bioqrafiyasında yoxdur.

Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1944-1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxuyub. 1955-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. Hazırda baş elmi işçidir. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. 3 elmlər doktoru, 15 elmlər namizədi yetişdirib. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir. Neft kimyası, üzvi kimya və incə üzvi sintez üzrə 30-dan artıq beynəlxalq konfransda, o cümlədən müxtəlif ölkələrdə keçirilmiş 7 neft kimyası və 5 aroma-simpoziumda elmi məruzələrlə çıxış edib. Azərbaycanda BMT-nin iqtisadi və sosial şurası ilə xüsusi məsləhətçi statusu olan yeganə qeyri-hökumət təşkilatı - Azərbaycan Qadın və İnkişaf Mərkəzinin yaradıcısı və prezidentidir. 30-dan çox beynəlxalq konfransda, BMT-nin Baş Assambleyasının 5 xüsusi sessiyasında iştirak edib. 1998-ci ildə “100 qəhrəman qadın” siyahısına düşüb. Haqqında beynəlxalq “Kim kimdir” (İngiltərə, Kembric) kitabında məlumat verilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən, “Şərəf nişanı” ordeni, “Əmək veteran” medalı, 2007-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. 2 iyul 2002-ci ildən İnsan hüquqları üzrə müvəkkidir.

Göründüyü kimi, Elmira Süleymanovanın bioqrafiyası daha çox neft-kimya sənayesində qazandığı uğurlarla zəngindir. İnsan haqları ilə nəzərə çarpan, diqqət cəlb edən, ictimaiyyətin hörmət və ehtiramını qazanan xidmətləri isə çox təəssüf ki, yoxdur.

Əldə etdiyimiz məlumata görə, E.Süleymanova ombudsmanlığının son həftələrini yaşayır. Yaxın vaxtlarda onun yola salınacağı bildirilir.

“Yeni Müsavat”

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.