SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Paşinyanın qış SINAĞI - TƏHLİL

Paşinyanın qış SINAĞI - TƏHLİL

Tarix:

25-01-2019, 12:47

/ 1 163 dəfə oxundu.
Paşinyanın qış SINAĞI - TƏHLİL

Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan Rusiya münasibətlərində yaranmış soyuqluq iqtisadi əlaqələrə də təsir göstərib.

Hələ 2018-ci ilin yazında Ermənistanda hakimiyyət çevrilişindən sonra “Qazprom” əlavə saziş haqqında danışıqları yeni hakimiyyətlə aparmalı oldu.Qaz tədarükü haqqında müqaviləyə əlavə saziş imzalandı. Yeni sazişə görə, Ermənistan üçün qazın qiyməti 2019-cu ilin əvvəlindən 10 faiz artaraq 1000 kubmetri 165 min dollar təşkil edib. Məlumatlara görə, bu il Rusiyanın dövlət “Qazprom” şirkəti Ermənistana sərmayə qoyuluşunu da azaltmağı da planlaşdırır.

Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırmasının bu ölkədə ciddi narahatlığa səbəb olacağını bildirən erməni ekspertlər, bunun iqtisadiyyata ciddi zərbə vuracağı barədə gərəksiz həyəcan təbili çaldılar.Onlar bunun əhalinin sosial durumuna mənfi təsir göstərəcəyini və etiraz aksiyalarına səbəb olacağını proqnozlaşdırırlar.Lakin ötən gün yayılan məlumatdan aydın olur ki, erməni ekspertlərinin proqnozları əsassız hay-küy yaratmaqdan başqa bir şey deyilmiş.Belə ki, artıq Ermənistan hökuməti qazın daxili tariflərini saxlamaqla bağlı “Qazprom”la razılığa gəliblər. Baş nazir Nikol Paşinyan Davos forumu çərçivəsində jurnalistlərə bildirib ki, “Qazprom” qazı Ermənistana yox, “Qazprom Ermənistan”a satır: “Biz “Qazprom Ermənistan”la razılıq əldə etdik. Ölkə daxilində qazın qiyməti dəyişməyəcək.Yekun razılığa gəlmək üçün “Qazprom”la danışıqları davam etdirəcəyik.Bizim üçün qazın uzunmüddətli qiymətini razılaşdırmaq çox vacibdir”.
Məlumat üçün bildirək ki, 2013-cü ildə Rusiyanın Ermənistana 2014-2018-ci illərdə 2,5 milyard kubmetr “mavi yanacaq” nəqlinə dair müqavilə imzalanıb. 2018-ci ilin ilk 9 ayında “Qazprom” bu ölkəyə 1,37 milyard kubmetr təbii qaz tədarük edib.

Maraqlıdır, Rusiya Ermənistana güzəştə gedəcəkmi?

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə bildirib ki, hələlik qazın daxili tariflərini saxlamaqla bağlı “Qazprom”la danışıqlar gedir:

“Qazprom”un Ermənistanda “Gazprom Armenia” adlı törəmə şirkəti var. Nikol Paşinyan Davos forumundakı açıqlamasında Rusiya hökuməti ilə deyil, məhz həmin törəmə şirkətlə danışıqlar apardığını deyir. Paşinyan bununla diqqəti Rusiyanın Ermənistana etdiyi təzyiqlərdən yayındırmağa çalışıb.Guya, bu problem Rusiya ilə Ermənistan arasında yox, İrəvandakı qaz şirkəti arasındadır.Ermənistanın baş naziri danışıqların bir neçə ay çəkə biləcəyini deyir.Yəni, hələlik bir nəticəyə nail olunmayıb.Bu isə o deməkdir ki, əvvəlki tarif qüvvədə saxlanılır, amma danışıqların nəticəsindən asılı olaraq qiymətin artırılması və azaldılması ehtimalları var. Hələ qiymətin artılmaması barədə razılıq yoxdur.Hər şey danışıqların gedişatından asılı olacaq.Ola bilər ki, yanvarın 1-nə qədər olan tariflər danışıqlar yekunlaşana qədər qüvvədə qalsın.

Paşinyan onu da qeyd edib ki, Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələr arasında, o cümlədən Ermənistanda ümumi qaz və enerji bazarının yaradılması barədə danışıqlar gedir.Artıq belə bir layihə var. Ermənistan burada iki məsələyə ümid edir.

“Gazprom Armenia” vasitəsilə danışıqlarla qiymətləri əvvəlki səviyyədə saxlamağa, eləcə də Avrasiya İqtisadi Birliyi çərçivəsində ümumi qaz bazarının yaradılması və üzv ölkələrə güzəştli qiymətlərin tətbiqinə.Əlbəttə, bu, siyasi qərardır. Əgər Paşinyan əvvəlki kimi Rusiyaya yaxın adamları həbs edəcəksə, rəsmi Moskvanın Ermənistandakı mövqelərini zəiflətməyə çalışacaqsa, bu zaman Rusiya hökuməti “Gazprom Amenia” şirkətinə göstəriş verəcək və qiyməti artıracaqlar”.

Siyasi şərhçi hesab edir ki, danışıqların bir neçə ay uzanması Paşinyana düşünmək üçün vaxt qazandıracaq:

“Əslində Rusiya Paşinyana etdiyi səhvləri düzəltmək üçün fürsət verir. Əgər Paşinyan Rusiyaya qarşı radikal addımlar atmağa davam edərsə, qazın qiyməti artırılacaq.Əgər Paşinyan anti-Rusiya mövqeyindən geri çəkilsə, bu zaman rəsmi Moskva qazın qiymətində Ermənistana güzəştə gedəcək.Ermənistan dağlıq ölkədir və qış çox sərt keçir.Görünən odur ki, Paşinyan danışıqlar aparmaqla qışı yola vermək istəyir.Qiymətlərin əvvəlki səviyyədə saxlanılması özü də bir fürsətdir. Çünki qazın qiymətinin artması qışda sosial problemləri çoxalan əhalinin etiraz aksiyaları keçirməsinə səbəb ola bilər. Paşinyan gözləmə mövqeyi tutub, istəyir ki, əhalinin narazılığı artmasın”.

Nəzakət Məmmədova onu da qeyd edib ki, Gürcüstan ərazisi istifadə olunmaqla Ermənistanın qaz təminatı ödənilir:

“Bunun üçün Gürcüstan Rusiyadan 10 faiz tranzit haqqı alır. Əvvəllər rəsmi Tiflis tranzit haqqının dəyəri qədər qaz həcmi alırdı, amma sonradan bunun pulla əvəzləməyə başladı.Məlumatlar vardı ki, Gürcüstan Ermənistana qaz verilişində tranzit ölkə olmaqdan imtina edəcək.Amma Gürcüstanın energetika naziri bunu təkzib etdi.Rusiyanın təzyiq imkanları çox genişdir.Qazın qiymətini artırmaqla yanaşı, rəsmi Moskva Tiflisə tranzit ölkə kimi istifadə olunmasına icazə verməyə və yaxud da tranzit haqqını artırmasını təkid edə bilər.Bu, Ermənistana bir zərbə olar.Nəzərə alsaq ki, Rusiyaya yaxın qüvvələr Gürcüstan hökumətində təmsil olunur, onda hər şey aydın olar”.

Şərhlər

XƏBƏR LENTİ