SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycanın İstanbuldakı konsulluğunun fəaliyyətindən şikayətlər var

Azərbaycanın İstanbuldakı konsulluğunun fəaliyyətindən şikayətlər var

Tarix:

21-12-2018, 15:25

/ 1 318 dəfə oxundu.
Azərbaycanın İstanbuldakı konsulluğunun fəaliyyətindən şikayətlər var

Gendən hansısa xarici dövlətin miqrasiya işlərinə baxan xidmətinin binası qarşısında boynubükük duran suriyalılalara bənzəmələrinə baxmayın, bunlar bizimkilərdir, azərbaycanlılar. Onların qarşısında dayandıqları bina da bir başqa yer deyil, öz dövlətimizin İstanbuldakı konsulluğudur.

Oxuduğunuz kimi, dövlət də yad, uzaq dövlət deyil, məsafəcə yaxın, dostluqda, qardaşlıqda yaxından da yaxın bir dövlətdir, Türkiyədir.

Fəqət bu adamları buraya müxtəlif səbəblər, problemlər gətirib. Onların arasında illərlə bu ölkədə yaşayan, ancaq hələ də sənədləşmə işini həll edə bilməyənlər, xəstə balasını son nicat yeri olaraq İstanbula gətirən, bahalı müalicə xərclərinə konsulluqdan alacağı hansısa sənədlə endirim etdirəcəyinə ümid bəsləyənlər, Türkiyədə aldığı işləmək izninin bitmiş müddətini artırmaq istəyənlər var.

Bizim ölkənin insanları zatən sənədləşmə işlərində özlərinə problem yaradan adamlardır, bir də bunların üstünə məmur bürokratiyası əlavə olunanda şəkillərdə gördüyünüz mənzərə yaranır. Azərbaycanlı məmur isə Afrikada da azərbaycanlı məmurdur, İstanbulda da elədir.

Son on ildə İstanbul Azərbaycan vətəndaşlarının kütləvi şəkildə yerləşdiyi bir məkana çevrilib. Bəzi iddialara görə, İstanbuldakı azərbaycanlılar say baxımından artıq Moskvadakı azərbaycanlılardan da çoxdurlar. Bu, nə dərəcədə dəqiq statistikadır, bilinmir, ancaq hər gün konsulluğun önündə yüzlərlə adamın durması göstərir ki, bu fikirdə həqiqət payı var.

Bu halda konsulluğun işindən şikayətlərin olması təbiidir, ancaq konsulluğun işindən bu dərəcədə çox şikayətin olması anormaldır.

Məsələn, şikayətlərdən biri budur ki, İstanbuldakı konsulluğumuz bir tərcümə mərkəzi ilə anlaşıb, yalnız o kontorun tərcümə etdiyi sənədləri qəbul edir, digər tərcümə mərkəzlərinin hazırladığı sənədləri qəbul etmir. Bəlkə “bu normaldır” deyə bilərsiniz, fəqət problem ondadır ki, başqa tərcümə mərkəzləri sənədləri ucuz, kasıb insanların cibinə uyğun şəkildə etdiyi halda, konsulluğun anlaşdığı tərcümə mərkəzi sənədləri olduqca baha qiymətə tərcümə edir.

Anlaşılan budur ki, konsulluq tərcümə mərkəzinə ödənişi yüksək məbləğdə olan iş verir. Bu da o deməkdir ki, əldə olunan mənfəət hansısa şəkildə paylaşılır.

Konsulluqda qəbul işlərinə baxan işçilərin kobudluğu barədə də şikayətlər var. Onlar yeri gəldikcə ayrı-seçkilik edir, tanıdıqları adamları növbədə qabağa salır, narazılıq edənlərin üstünə qışqırırlar.

Əhalisi İstanbulda çox olan və kompakt yaşayan dövlətlərin konsulluqları ana dilində ən azı ibtidai məktəb açdırdıqları halda, Azərbaycan konsulluğu ehtiyac olsa da, bu ideyanı yaxına buraxmır. Halbuki Rusiya səfirliyi İstanbulda yaşayan ruslar üçün belə bir imkan yaradıb. Azərbaycanlı uşaqlar üçün isə belə bir məktəbi İran konsulluğu açıb. Artıq niyyəti nədirsə...

Hazırda Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevdir. Ondan əvvəl bu vəzifədə İbrahim Nəbioğlu, Səyyad Salahov (Aran), Xeyrəddin Qoca, Həsən Zeynalov kimi adamlar çalışıb. Həsən Zeynalovun zamanında İstanbul konsulluğundan heç bir şikayət olmayıb. Azərbaycanın Ankaradakı səfirliyinin rəhbərliyi, konkret olaraq, səfir Xəzər İbrahimin fəaliyyəti də yalnız xoş sözlər dilə gətirilsə də, təəssüf ki, eyni sözü İstanbuldakı baş konsulluq və Məsim Hacıyev barədə eşitmək mümkün deyil.

Baş konsulluğun əsas vəzifələrindən biri Azərbaycan vətəndaşlarının mənafeyini qorumaq, yaranmış problemlərinin həllinə yardımçı olmaqdırsa, bu gün üzdə olan odur ki, konsulluq işinin öhdəsindən lazımınca gələ bilmir.

Məgər bu şəkillərdə gördüyünüz, açıq havada, yağışın, qarın altında, küləyin qabağında dayanan insanlara binanın içərisində bir gözləmə zalı təşkil etmək olmazmı? Yəni insanların öz sənədlərini Beşiktaş bələdiyyəsinin belə unutmuş olduğu köhnə skamyanın üstündə hazırlaması normaldırmı?

Musavat.com

Şərhlər

XƏBƏR LENTİ