XalqXəbər.Az

Ermənistandakı Qarabağ ajiotajı - Rusiyaya dikilmiş nəzərlər və Naxçıvan etirafı

yüklənir...
Ermənistandakı Qarabağ ajiotajı - Rusiyaya dikilmiş nəzərlər və Naxçıvan etirafı
21-12-2018, 10:14
yüklənir...

Cari ilin son ayında Qarabağla bağlı prosesdə nəzərəçarpacaq dərəcədə dinamikanın olmasının şahidiyik. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Milan görüşündəki anlaşmanın ardınca Belarus prezidenti Aleksandr Lukaşenkonun Serj Sərkisyanla apardığı danışıqların detallarını açıqlamasını bir sıra müşahidəçilər Nikol Paşinyan hökumətinə mesaj olaraq dəyərləndirir.

Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyətin yarandığını söyləməsi 2019-a olan ümidləri artırır. Azərbaycan hətta üzvü olmadığı təşkilatlarda belə, öz haqlı mövqeyinin qəbul edilməsinə nail olub. Məsələn, Ermənistan KTMT-dəki müttəfiqlərini faktiki olaraq itirmək məcburiyyətindədir. Artıq Bişkək də KTMT-nin baş katibi vəzifəsinə Belarusun namizədini dəstəkləyib və bununla İrəvanın son ümidlərini də puça çıxarıb. Qırğızıstan da KTMT baş katibi vəzifəsinə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın namizədliyini dəstəkləyir. “Sputnik Kyrgyzstan” yazır ki, bu barədə mətbuat konfransı zamanı Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bildirib.

“Bu il KTMT-də sədrlik Qırğız Respublikasına keçib və mən Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul etdim, söhbət etdik, mən də qərarı imzaladım” - deyə, dövlət başçısı qeyd edib.

Xatırladaq ki, bundan əvvəl S.Zasın namizədliyi Qazaxıstan və Tacikistan prezidentləri tərəfindən də dəstəklənmişdi. Belarus təmsilçisi həmin ölkələrin liderləri ilə də görüşmüşdü.

Ermənistan KTMT rəhbərliyində təmsil olunduğu zaman bu qurumun Dağlıq Qarabağ məsələsinə müdaxilə etməsinə, həmçinin Azərbaycana qarşı çevirməyə çox cəhd göstərdi, amma istəyinin əksinə olaraq təşkilatdan sərt şillələr aldı. Bir sıra ekspertlər hesab edir ki, mövcud vəziyyət Azərbaycan üçün unikal şans yaradır.

Rusiyadan gələn son bəyanat da maraq doğurur. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “kreativ ideyalar” üzərində iş gedir və bu ideyalar münaqişənin nizamlanması üçün əsas ola bilər. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova çıxış edib. Qeyd edək ki, indiyə qədər danışıqlar masası üzərində “Madrid prinsipləri” adlanan sənəd yer alırdı. Və həmin sənəd üzərində uzun müddət danışıqlar getsə də, prinsiplərin hamısını razılaşdırmaq mümkün olmadı. Nəticədə həmin sənəd münaqişənin həlli baxımından özünü doğrultmamış hesab edildi və tərəflər faktiki olaraq bu prinsiplər üzrə danışıqları dayandırdılar.

***

Belə bir məqamda Azərbaycanın sərhəd bölgəsindəki manevrləri düşməni çaşqın duruma salıb. Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin sərhəd qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərindən keçən hissəsinə yerləşdirilməsi barədə bəyanatının İrəvanda yaratdığı panika səngiməmiş bu dəfə xarici işlər naziri Elmar Məmmədyarov erməniləri “dolaşdırıb”. (Virtiualaz.org) E.Məmmədyarov bildirib ki, uzun müddətdən bəri ilk dəfə onunla Ermənistan xarici işlər naziri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində “qarşılıqlı anlaşma” əldə edilib.

Bu bəyanatdan sonra Nikol Paşinyana müxalif erməni siyasi dairələrində dərhal həyəcan təbili çalmağa başlayıblar. Yenidən onun Qarabağa dair Azərbaycanla hansısa gizli sövdələşmə içərisində olduğuna eyham vurublar.

Hakimiyyətdən devrilmiş Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov bildirib ki, Bakıdan son günlər bir-birinin ardınca “həyəcanlı bəyanatlar” eşidilir. Onun sözlərinə görə, Paşinyan çıxıb bu bəyanatlara cavab verməlidir və Bakının nəyi nəzərdə tutduğunu aydınlaşdırmalıdır. “Burası ikiqat həyəcanlıdır ki, Məmmədyarov Milandakı görüşdən sonra Azərbaycanla Ermənistanın, nəhayət, qarşılıqlı anlaşma əldə etdiyini deyir. Faktiki olaraq bundan əvvəlki, pis boynu əyri hakimiyyətlə anlaşma əldə etmək mümkün deyildi, amma indiki məğrur, güclü hakimiyyətlə bunu ediblər. Burada iki variant ola bilər: ya onlar məsələnin hərbi yolla həllindən imtina ediblər, ya da... Hərçənd birinci variant heç ağlabatan deyil” - Şarmazanov deyib.

E.Məmmədyarovun bəyanatı ətrafında yaradılmış ajiotajla bağlı Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan da çıxış edib. Bildirib ki, Milanda xarici işlər nazirləri arasında əldə edilmiş anlaşmalarda gizli heç nə yoxdur və onlar XİN-in saytında dərc edilib. “Belə ki, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan görüşləri yaxın gələcəkdə də davam etdirmək və indiki dinamikanı saxlamaq barədə anlaşıblar. Daha bir razılaşma isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə birgə bəyanatına dair əldə olunub. Belə formatda bəyanat uzun müddətdir qəbul etmək mümkün olmurdu. Bununla belə, Milanda bəyanatın mətninə dair razılaşma əldə edildi” - Nağdalyan deyib.

Ermənistandakı ajiotaj baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanı da dilə gətirib.

“Milanda Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin başçıları bəyanat razılaşdırıblar, qeyd edilib ki, bunu uzun müddət boyunca etmək mümkün olmurdu və nəhayət, razılaşdırılıb. Son 24-25 il ərzində bir çox belə bəyanatlar səsləndirilib. Belə fəallıq olub, bilirsiniz. Əgər keçən 25 illə müqayisə olunsa, onda fəallığı aşağıdan bir az yuxarı hesab etmək olar” - deyə, bildirib.

N.Paşinyan Azərbaycan hakimiyyətinin Naxçıvan Muxtar Respublikası və Ermənistan arasındakı sərhəddə 11 min hektarın azad olunması haqda bəyanatını da şərh edib: “Naxçıvan istiqamətində baş verən mövqe hərəkətlərinin 95%-i fevral-may aylarında olub. Əgər nəsə olubsa da, məhz həmin aylarda olub”.

Bu, İrəvandan ilk etirafdır. Əvvəlki dövrlərdə Azərbaycan ordusunun irəliləməsini, ümumiyyətlə, təkzib edirdilər. Paşinyansa deyir olub, amma onun hakimiyyətindən qabaq.

***

İrəvanın gözləntilərinə və davamlı mesajlarına baxmayaraq, Rusiya bu ölkədəki növbədənkənar parlament seçkiləri ilə bağlı təbrik yollamadı. Əslində belə bir təbrik göndərilməsi absurd görünərdi, çünki faktiki olaraq bu seçkilər nəticəsində qərbyönümlü qüvvələr parlamenti ələ keçiriblər.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin son açıqlaması isə İrəvanın ümidlərini puç edib. Səfir rəsmi Moskvanın Nikol Paşinyanı təbrik etməməsinə münasibət bildirib. 1news.az erməni mətbuatına istinadla xəbər verir ki, diplomat belə təbrikləri qəbul etməyən dövlətlərarası protokolların olduğunu deyib. Səfirin sözlərinə görə, təbriklər yalnız təyinat olunduqdan sonra göndərilir: “Biz hakimiyyət strukturlarının formalaşması cədvəlini izləyirik, bununla bağlı məsələ heç bir sual doğurmur”. Onun sözlərinə görə, vəziyyətin mahiyyəti Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhində ifadə olunub. O bildirib ki, Rusiya Ermənistanla konstruktiv dialoqa və ikitərəfli münasibətlərin inkişafına hazırdır. “Biz ən aktiv şəkildə əməkdaşlıqda, qarşılıqlı etimad və anlaşmanın inkişaf etdirilməsində, praktik məsələlərin birgə həllində maraqlıyıq”, diplomat əlavə edib.

Ancaq Ermənistanda antiRusiya meyllərinin daha sürətlə yayılması, Gümrüdə baş verən qətldən sonra rus hərbçinin israrla tələb edilməsi kimi hadisələr İrəvan-Moskva əlaqələri üçün müsbət dinamika vəd etmir.

Ancaq Parisdən gələn təbrik Ermənistanın “yarası”na az da olsa, su səpdi. Belə ki, İrəvan heç olmasa Rusiya ilə bağlı pərtliyini Qərbdən aldığı təbriklərlə gizlətməyə çalışır.

Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli və uzun müddətli tənzimlənməsində səylərini davam etdirəcəyinə əmin ola bilərsiniz. Bunu Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana göndərdiyi təbrik məktubunda bildirib. (Report.az) E.Makron N.Paşinyanı dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərində rəhbərlik etdiyi siyasi blokun qələbə qazanması münasibətilə təbrik edib. Fransa prezidenti Ermənistana yardımı davam etdirəcəklərini də bildirib. Hər halda, Makronun bir neçə ay əvvəl Ermənistana səfəri, İrəvanda işğalçı ölkəni mədh edən fikirləri, Azərbaycandan yan keçməklə ölkəsinə dönməsi kimi məsələlər Fransa liderinin ölkəmizə münasibətini göstərir. Belə bir ölkənin həmsədrliyi ilə Qarabağ məsələsinin ədalətli həllinə nail olmaq da sadəlövhlük olardı.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Fransa prezidenti Makronun Paşinyanı təbrik etməsi ola bilsin protokola uyğun bir təbrikdir: “Fransa tərəfindən belə bir təbrik gözləniləndir. Son vaxtlar daim təxribat xarakterli bəyanat və çıxışlarla yadda qalan fransızlar yenə də öz aplualarındadırlar. Öz dövlətlərində baş verən prosesləri elementar olaraq nəzarətdə saxlaya bilməyənlər kimlərəsə demokratiya, münaqişənin necə həll olunması və digər istiqamətlərdə tövsiyələr verir. Bu təbii ki, təəssüf doğurur”. A.Nağıyev də həmsədr ölkənin davranışlarını qəbulolunmaz sayır: “Digər məqam da ondan ibarətdir ki, Makron ATƏT-in Minsk Qrupunun həmsədr olan dövlətlərdən birinin başçısıdır və konkret bir iş görə bilmədiklərinə baxmayaraq, deklorativ bəyanatlar verirlər. Rusiya prezidentinin təbriki də protokola uyğun baş verər bilər. Yəni bu, iki dövlət arasında olan münasibətlərdən asılıdır”.

Politoloq hesab edir ki, onların Ermənistanı təbrik edib-etməməsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi demək deyil: “Təbii ki, Ermənistana və onun yeni rəhbərliyinə qarşı, ümumiyyətlə, münasibət birmənalı şəkildə dəyişir bu hər istiqamətdə özünü göstərəcək, istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan. Lakin Azərbaycan üçün bu, tam kifayət etmir. Bizim məqsədimiz problemin tam həllidir. Bu həll də beynəlxalq normalara, əsasən də ərazi bütövlüyünə söykənməlidir. Həmsədrlərin bəyanatı isə müəyyən qədər vasitə kimi istifadə edilə bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, əslində Fransa prezidentinin Ermənistanın baş nazirini qələbə münasibətilə təbrik etməsi nonsesdir: “Çünki hazırda Fransada aləm bir-birinə qarışıb. Makron öz daxili məsələləri ilə məşğul olmaq əvəzinə, yenə də xarici siyasətlə məşğul olduğunu nümayiş etdirir. Həm də yəqin görür ki, Putin təbrikə gecikir, yaxud hansısa səbəbdən bu məsələni yubadır. Makron irəli düşüb guya Fransanın Ermənistana Rusiyadan daha yaxın olduğunu göstərmək istəyir”. Amma politoloq hesab edir ki, Makron nahaq əziyyət çəkir: “Çünki Fransanın Cənubi Qafqaz bölgəsində elə bir rolu yoxdur. Makron Ermənistanı təbrik etdi-etmədi, fərqi yoxdur, Parisin bu bölgədəki siyasi məsələlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir imkanları minimumdur. Əsas alət Rusiyanın əlindədir”.

Ümumi müşahidələr onu göstərir ki, 2019-cu ildə Qarabağla bağlı ciddi gəlişmələrin şahidi olacağıq. Təhlillər prosesin Azərbaycanın xeyrinə cərəyan edəcəyini deməyə tam əsas yaradır. Ermənistandakı ajiotajın səbəbi həm də budur. “Sarı jiletlilər” başına bəla olan Makronun təbriki isə işğalçıya məlhəm olmayacaq...

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.