XalqXəbər.Az

Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi - ilginc iddialar

yüklənir...
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi - ilginc iddialar
17-12-2018, 09:56
yüklənir...

Dekabrın 13-də prezident İlham Əliyev xarici işlər nazirinin müavini Xələf Xələfovun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Elə həmin gün axşam isə məlum olub ki, baş nazir Novruz Məmmədov sabiq nazir müavinini Nazirlər Kabinetinin bu günlərdə boşalan Aparat rəhbəri postuna təyin edilməsi barədə əmr verib.

Etiraf etmək lazımdır ki, hər iki sərəncam gözlənilməz olub. X.Xələfov 21 il nazir müavini işləyib və müstəqil Azərbaycanda ən təcrübəli diplomatlardan hesab olunur. Prezident düz bir ay əvvəl - noyabrın 14-də X.Xələfovu Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin etmişdi.

Qeyd etmək lazımdır ki, X.Xələfov 2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasında çox əməyi olan diplomat idi. O, uzun illərdir ki, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlarda Azərbaycanın maraqlarını təmsil edirdi. X.Xələfov nazir müavini kimi Azərbaycanın qonşu ölkələrlə sərhədlərinin müəyyənləşdirilməsi (delimitasiyası) danışıqlarına da rəhbərlik edirdi. Elə bu günlərdə - mərhum prezident Heydər Əliyevin anım mərasimindən sonra X.Xələfov Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti barədə jurnalistlərə açıqlama vermişdi. O, yeni ildən delimitasiya ilə bağlı rəhbərlik etdiyi danışıqların sürətləndiriləcəyini də vəd etmişdi. Bu faktları yada saldıqda, X.Xələfovun nazir müavini görəvindən ayrılması gözlənilməz qiymətləndirilə bilər. Onu da qeyd etmək lazımıdır ki, bu illər ərzində mediada da sabiq nazir müavininin adı heç vaxt mənfi planda hallanmayıb.

X.Xələfovun yeni təyinatına gəlincə, bu ilin aprelindən baş nazir olan Novruz Məmmədov dekabrın 3-də Nazirlər Kabineti Aparatının rəhbəri 77 yaşlı Ağa-Bala Hacıyevi vəzifəsindən azad edib. Belə iddialar vardı ki, Aparat rəhbəri vəzifəsinə Ağa-Bala Hacıyevin müavini Natiq Məmmədov təyin ediləcək. Qeyd edək ki, Aparat rəhbəri baş nazirdən sonra ikinci səlahiyyətli şəxs statusundadır. Amma iddialar təsdiqlənmədi və bu posta heç kimin gözləmədiyi halda Elmar Məmmədyarovun altı müavinindən biri olan X.Xələfov gətirildi.

“Yeni Müsavat”a daxil olan xəbərə görə, X.Xələfovun Nazirlər Kabinetinin Aparat rəhbəri təyinatı əvvəlcədən ən yüksək səviyyədə razılaşdırılıb. Bunu sabiq nazir müavininin prezident sərəncamından cəmi bir neçə saat sonra yeni vəzifəyə təyinatı da təsdiqləyir.

Belə iddialar var ki, X.Xələfov özü iş yerini dəyişmək arzusunda olub. Onun baş nazir, uzun illər Prezident Administrasiyasında xarici siyasət şöbəsinə rəhbərlik etmiş N.Məmmədovla isti münasibətləri olduğu deyilir. Yeri gəlmişkən, həm N.Məmmədov, həm də X.Xələfov eyni ildə yüksək vəzifəyə təyinat alıblar. 2009-cu ildə isə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə isə hər iki məmur Polşanın yüksək ordeni ilə təltif olunublar.

Gələn il 60 yaşı olacaq X.Xələfovun səhhətində ciddi problemlər olmasa da, görünür, 21 illik aktiv diplomatik fəaliyyət, tez-tez gerçəkləşən səfərlər onu yorub. Çünki diplomat peşəsinin nümayəndələri tez-tez xarici səfərlərə gedirlər. Bu da olduqca yorucu bir işdir. NK Aparat rəhbəri postu isə daha çox kabinet idarəçiliyi tələb edir. Hər halda diplomatik kanallardan sızan məlumatlar nazir müavini kimi onun işindən narazılıq olmadığını deməyə əsas verir.

X.Xələfov 1959-cu ilin sentyabrın 21-də Göyçə mahalının Cil kəndində anadan olub. 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetini bitirib. 1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor - bölmə rəisi kimi fəaliyyətə başlayıb.

1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb.

1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olub. 1997-ci ildən isə Azərbaycan xarici işlər nazirinin müavini postunu tutub.

X.Xələfovun boş qalan yerinə təyinat olub-olmayacağı hələ ki dəqiqləşməyib. Ola bilsin ki, xüsusən də Xəzərin hüquqi statusu ilə bağlı tam yekunlaşmayan danışıqlar üçün E.Məmmdyarovun müavinlərindən biri görəvləndirilsin. O da mümkündür ki, bu posta yeni təyinat olsun...
“Yeni Müsavat”

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.