yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Cənubi Qafqazda yeni dönəm başlayır - İrəvan Bakı və Ankara ilə dil tapmaq zorundadır

Cənubi Qafqazda yeni dönəm başlayır - İrəvan Bakı və Ankara ilə dil tapmaq zorundadır
26-10-2018, 09:47 203 dəfə baxılıb

Oktyabrın 24-də Ermənistan parlamenti baş naziri seçə bilmədi. Daha doğrusu, seçmək istəmədi. Çünki erməni inqilabının lideri Nikol Paşinyan bu dəfə belə istədi. Hədəf isə parlamentin buraxılması və dekabrda erkən seçkilərin keçirilməsidir. Əgər bir həftə sonra da parlament baş nazir “seçə” bilməsə, - yəqin ki, elə də olacaq, - mövcud konstitusiyaya görə, növbədənkənar seçki mexanizmi işə düşəcək.

Paşinyanın parlamentdəki müxalif çoxluğa öz iradəsini bu şəkildə diktə eləməsi, sözsüz ki, onun inqilab lideri olaraq, reytinqinin yüksək olmasından qaynaqlanır. Ancaq dünyada əbədi heç nə yoxdur. Odur ki, nə qədər gec deyil, hazırkı baş nazir əvəzi Nikol Paşinyan özünün yüksək reytinq hesabına yaxın strateji hədəfinə çatmağı planlaşdırır. Söhbət yeni parlamentdə çoxluğa nail olmaq və hökumətlə yanaşı, qanunverici orqanı da nəzarətə götürməkdən gedir. Təzə baş naziri və təzə hökuməti 5 illiyə məhz növbəti parlament seçməlidir.

*****

Lakin bir sıra təhlilçilərə görə, işğalçı ölkədə ictimai-siyasi proseslər N.Paşinyanın proqnoz etmədiyi istiqamətdə də cərəyan edə bilər. Xüsusən də əgər o, tezliklə köklü islahatlar hesabına erməni əhalinin güzəranını yaxşılaşdıra bilməsə, o zaman onun üçün sürətlə gerisayım başlayacaq, “qum saat”, hətta əks-inqilab ssenarisi işı düşəcək. Yaxın tarix də göstərir ki, inqilab liderlərinə qarşı tələblər və gözlənitlər böyük, zaman isə dar olduğundan, bir qayda olaraq, onlar missiyalarını başa çatdıra bilmir, etimadı tez itirir, yerini başqasına verirlər.

Vəziyyəti qəlizləşdirən həm də odur ki, Ermənistanda hakimiyyətin seçki yolu ilə dəyişməsi ənənəsi yoxdur. Bu üzdən vəziyyətin seçkilərdən sonra istənilən ssenari üzrə inkişafı istisna olunmur. Bunu Paşinyan da bilir. Ona görə də revanşist qüvvələr baş qaldırmamış öz legitimliyini rəsmiləşdirmək və maksimum qısa zamanda əhalinin dolanışında müsbət dəyişikliyə çatmağa çalışacaq.

Ancaq Qarabağ probleminin həllində real irəliləyişə nail olmadan, ölkəni blokada rejimindən qurtarmadan, Rusiya və Qərb (ABŞ) arasında geosiyasi seçimi etmədən, bu, mümkünmü? Ekspertlərin suala cavabları neqativdir.

*****

“İrəvan elə bir geosiyasi situasiyadadır ki, bu situasiya onun geopolitik seçim imkanlarını məhdudlaşdırır. Ona görə də Paşinyanın nəyi isə kökündən dəyişməyə cəhd edəcəyi barədə danışmaq çətindir. Radikal dəyişikliklər o zaman baş verəcək ki, Ermənistan lideri (Paşinyan - red.) Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdıracaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Moskvadakı MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin deyib. Lakin politoloqa görə, o halda Paşinyan lider kimi artıq mövcud olmayacaq. “Odur ki, hər şey göründüyündən qat-qat mürəkkəbdir. Bütövlükdə Ermənistan geosiyasi tələyə düşmüş kimidir. Qonşularla münasibətlərdəki reallıqlardan qaynaqlanan bu tələ qalır və çətin ki, bu yöndə kardinal dəyişiklik baş versin”, - deyə rusiyalı ekspert əlavə edib.

*****

“Ermənistanda vəziyyət nəzarətdən çıxıb və buna görə də hadisələr öz axarı ilə inkişaf edir”. Bunu isə başqa bir rusiyalı analitik, beynəlxalq münasibətlər üzrə ekspert Qriqori Trofimçuk işğalçı ölkədə yaşanan siyasi proseslər, baş nazirin istefası, növbədənkənar parlament seçkiləri və Moskvanın bu proseslərdəki maraqlarını təhlil edərkən deyib (axar.az).

Ekspertin sözlərinə görə, Moskva hələ ki ehtiyat edir və Ermənistandakı proseslərin axarının hara apardığını açıq-aydın şəkildə başa düşür. “Hadisələrə nəzarət etmək üçün tutarlı bir fəaliyyət planı gərəkdir, ancaq hazırda Moskvanın belə bir planı mövcud deyil” - politoloq bildirib.

O, növbədənkənar parlament seçkilərindən sonra Rusiyanın Ermənistan münasibətlərində baş verə biləcək dəyişikliklərdən də danışıb. Ekspertin fikrincə, ikitərəfli münasibətlər ən yaxşı halda olduğu kimi qalacaq. “Ən pis halda isə münasibətlər dəyişə, yaxud korlana bilər. Belə ki, seçkilərdən sonra parlamentə radikal siyasətçilərin, o cümlədən ”Sasna Çrer"lə əlaqəli qüvvələrin gəlməsi ehtimalı yüksəkdir və bu şəxslərlə birlikdə yaranacaq vəziyyət hazırda parlamentdə təmsil olunan hansısa korrupsiyaçı millət vəkilləri ətrafındakından daha ağır olacaq. Radikallığın artan dərəcəsi ən azı, belə bir sadə səbəbdən bizim ikitərəfli münasibətlərimizdə öz əksini tapacaq: Ermənistan əhalisinin həyat tərzi yaxşıya dəyişməyəcək. Bu isə SSRİ-nin süqutundan sonra postsovet məkanında müşahidə olunmuş çoxsaylı nümunələrdə olduğu kimi, günahın Rusiya üzərinə atılmasına zəmin yaradacaq" , - deyə Trofimçuk qeyd edib.

Analitik hesab edir ki, getdikcə pisləşən və Cənubi Qafqaza da təsir göstərməsi qaçılmaz olan qlobal şərait də nəzərə alınmalıdır. “Hətta Ermənistan hökumətinin Qərblə heç bir əlaqəsi olmadığı versiyasını qəbul etsək belə, Qərb özü Ermənistanı sakit buraxmayacaq. Belə ki, Qərb (ABŞ - red.) artıq anti-İran proqramı adı altında özünün regionla bağlı proqramını fəal surətdə formalaşdırmağa başlayıb” - rusiyalı təhlilçi sonda əlavə edib.

*****

Şübhə yox ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Güney Qafqaz səfərində əsas hədəf elə budur - bölgəni Rusiya və İranın təsir dairəsindən uzaqlaşdırmaq. Boltonun İrəvana dünənki səfəri bu xüsusda bir yandan “geosiyasi tələ”də olan Ermənistanın durumuna, digər yandan isə Paşinyan hökumətinin geosiyasi seçiminə nə dərəcədə hazır olub-olmadığına aydınlıq gətirəcək...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ