yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakı İrəvanın seçimini qəlizləşdirdi – blokada rejimi sərt sözünü deyir

Bakı İrəvanın seçimini qəlizləşdirdi – blokada rejimi sərt sözünü deyir
6-02-2018, 09:44 223 dəfə baxılıb

Avropa Birliyinin (AB) son Brüssel sammitində Ermənistan təşkilatla ikitərəfli çərçivə sazişi imzaladı. İrəvandakı bəzi iqtidaryönlü ekspertlər və rəsmilər hələ də bunu xarici siyasətin şaxələndirilməsi baxımından mühüm uğur, hətta Moskvanın təsirini zəiflətmək yönündə atılmış addım kimi qələmə verməyə çalışırlar. Halbuki, işğalçı ölkəyə bəzi maliyyə dividentləri vəd edən sənəd hələ qüvvəyə minməyib, onu üzv dövlətlərin parlamentləri ratifikasiya eləməlidir.

Belə görünür, buna qədər Sərkisyan rejiminin başı hələ çox ağrıyacaq. O səbəbə ki, imzalanan anlaşma sazişində elə müddəalar var ki, rəsmi İrəvan onları sözsüz yerinə yetirməlidir. Əks halda, ratifikasiya məsələsi uzana bilər. Onlardan biri və birincisi, Metsamor AES-lə bağlı olan və hakimiyyətin öz xalqından israrla gizlətməyə çalışdığı maddədir.

*****

“Yeni Müsavat” xatırladır ki, keçən həftə AB-nin “Şərq Tərəfdaşlığı” üzrə rəsmisi Lorents Dirk təhlükəsizlik standartlarına cavab vermədiyi üçün həmin AES-in tezliklə bağlanmalı olduğu haqda Ermənistana növbəti xəbərdarlıq edib. “Metsamor AES-in işini beynəlxalq standartlara və təhlükəsizlik tələblərinə cavab verəcək səviyyədə yaxşılaşdırmaq daha mümkün deyil”, - deyə o bildirib.

Ancaq deyəsən, İrəvanda bu qəbildən tələblərin tezliklə irəli sürüləcəyini, daha dəqiqi, açıq səmada “şimşək effekti”ni gözləmirmişlər. Hər halda, prezident Serj Sərkisyan başda olmaqla, rəsmilər ölkənin elektrik enerjisinə olan ehtiyacın 40%-ni təmin edən Metsamor AES-in hələ uzun müddət istismarda olacağı barədə dünənədək öz xalqını əmin edirdilər. Qeyd edək ki, hazırda AES-in 407,5 MVt gücündə cəmi bir enerji bloku fəaliyyət göstərir.

*****

Məsələ ilə bağlı tanınmış Rusiya portallarından olan Rosbalt.ru-da getmiş dünənki yazı da maraq doğurur və həm də Moskva-İrəvan gələcək münasibətlərini baxımından diqqət çəkir.

“Yeni Müsavat”ın məlumatına görə, məqalədə deyilir: “Prezident Serj Sərksyan dəfələrlə bəyan edib ki, nüvə energetikası strateji istiqamətdir və o, uzunmüddətli, 2036-cı ilədək olan enerji sisteminin inkişafı proqramında əksini tapıb. Bura Metsamor AES-in 2027-ci ilədək işləməsi və mərhələli şəkildə yeni blokların işə salınması da daxildir. Yeri gəlmişkən, Sərkisyan xüsusi olaraq qeyd edib ki, AES tam şəkildə MAQATE-nin standartlarına uyğun fəaliyyət göstərir. İndi isə bəlli olur ki, ya erməni hakimiyyəti öz xalqının və rusiyalı tərəfdaşlarının gözünə kül üfürərək nüvə ”strateji kursu" haqda yalan danışıb, ya da onun Avropa Birliyi ilə saziş imzalamaq ehtirası o dərəcədə güclü olub ki, Brüsselin bütün şərtlərinə razı olub. AB ilə “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq isə faktiki surətdə Rusiya üçün rəqabət layihəsidir - Rusiya üçün olduqca mühüm olan enerji sferası da daxil olmaqla. İstisna deyil ki, bundan sonra Ermənistanın enerji təhlükəsizliyi sahəsində “havanı” artıq “Rosatom” yox, “Avroatom” sifariş edəcək".

Məqalədə daha sonra deyilir: “Bu arada ”müstəqillik dönəmində" artıq bir dəfə enerji defisiti yaşamış erməniləri AES mövzusu ciddi şəkildə həyəcanlandırıb. AB-nin lütfkarlığına əmin olan ermənilər öz energetika naziri Aşot Manukyana inandılar və o da AB ilə saziş imzalanması ərəfəsi əhaliyə bəyan elədi ki, qorxmağa gərək yox, sənəddə AES-in bağlanmasından söhbət belə getmir və o, təhlükəsizliyi imkan verdiyi qədər işləyəcək, sonra isə yeni enerji bloku inşa ediləcək. Elə isə Avropa Birliyinin AES-i təcili bağlamaqla bağlı tələbləri necə olsun bəs? Ermənistan isə AES-in istismarını Rusiyanın 270 milyonluq krediti və 30 milyon dollarlıq qrantı hesabına 2026-cı ilədək uzatmaq istəyirdi".

Məqalə müəllifinə görə, Ermənistanı AES-in bağlanmasından indi yalnız Brüsselin maraqlarının lobbiçiliyini edən “Avroatom”la Rusiyanın maraqları keşiyində duran “Rosatom” arasında konsensus xilas edə bilər: “Ancaq bunlar fraqmentlərdir. Mahiyyət isə ondan ibarətdir ki, İrəvan xarici siyasətdə çoxşaxəliliyə çalışır. Bu elə də pis niyyət deyil. Lakin hər şey geosiyasi reallıqlardan asılıdır - hansı reallıqlar ki, hazırda Ermənistanın əlinə işləmir... Moskva və Brüssel konfrontasiya vəziyyətindədir. O üzdən də Qərb çox istərdi ki, Ermənistanı Rusiya orbitindən uzaqlaşdırsın - həm də Metsamor AES-lə bağlı Kremlin ovqatını təlx edib onun İrəvana təsir rıçaqını əlindən almaqla”.

Məqalənin sonunda Ermənistana xəbərdarlıqlar da yer alıb: “Ancaq Avropa Birliyi təkcə energetik deyil, hərbi təhlükəsizlik kontekstində Ermənistana nə təklif edə bilər? Axı, Qarabağ konfliktini hələ heç kim ”ləğv eləməyib" və onun hərbi həllinə də faktiki surətdə Rusiya maneədir. Yarım-blokada vəziyyətində olan Ermənistanın iqtisadiyyatı və energetikası da Rusiyaya bağlıdır. İrəvan isə eyni anda böyük bir problemlə - AB-nin real olaraq AES-i bağlamaq tələbi ilə üzləşib. Bu yanda da martdakı prezident və baş nazir seçkiləri..."

*****

Metsamor AES problemi ilə, daha doğrusu, yeni enerji təhlükəsizliyi problemi ilə üzləşən Ermənistan və onun əhalisi, xüsusən də ölkənin Qərblə Rusiya arasında “iki stulda oturmaq” siyasəti aparan rəhbərliyi əslinə qalsa, Azərbaycan torpaqlarının işğalı siyasətinin altını çəkir; Bakının, Ankaranın sərt blokada rejiminin acı “meyvələri”ni yeyirlər. Halbuki, Dağlıq Qarabağ məsələsində İrəvanın konstruktiv mövqeyə gəlməsi kifayətdir ki, Ermənistan Rusiyanın həm təbii qaz, həm də (atom) elektrik enerjisi asılılığından qurtulsun - qonşu Gürcüstan kimi...
“Yeni Müsavat”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: blokada, sechimini, Baki, deyir, sert, qelizleshdirdi, sozunu, rejimi, revanin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ