SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » Hacının “Mərcan” toyuq “fətva”sı

Hacının “Mərcan” toyuq “fətva”sı

Tarix:

31-05-2019, 13:56

/ 5 532 dəfə oxundu.
Hacının “Mərcan” toyuq “fətva”sı

Rəhmətlik Mirzə Ələkbər Sabir yazırdı: “Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz”…

Hərdən mənə elə gəlir ki, min illər keçsə də, bəşəriyyətin inkişafı təsəvvür edə bilməyəcəyimiz mərhələyə yüksəlsə də, hətta indiki planetdən köçüb qalaktikanın ən ucqarında olan planetdə yaşasaq da, yuxarıda şeirindən sitat gətirdiyim, bu gün doğum günü olan şairi, eləcə də digər maarifçilərimizi – Mirzə Cəlili, Mirzə Fətəlini, Üzeyir bəyi unutmayacaq, onların bir zamanlar halımıza yanaraq haqqımızda yazdıqları yazıları ən yeni tənqidi yazılar kimi oxuyacaq və təəssüf ki, yenə də nəticə çıxarmayacağıq.

Bu yazınının yaranma zərurəti dünən və bu gün oxuduğum iki xəbərdən yarandı. Daha doğrusu iki fərqli dinin, iki düşmən ölkənin din xadiminin adından mətbuatda gedən açıqlama bizləri hələ də yaxın zamanlarda xoş günlərin gözləmədiyindən xəbər verir. Bəlkə də bəziləriniz hisslərə qapıalaraq məsələni şişirtdiyimi deyəcəksiniz, ancaq ötən əsrin əvvəllərində və eləcə də 30 il əvvəl baş verənlərə diqqət etdikdə məni anlayacaq, yazılanların həqiqət olduğunun fərqinə varacaqsınız.

Srağagün “Nezavisimaya qazeta”ya istinadən yerli mətbuatda bir xəbər yayıldı. Həmin xəbərdə yaxın şərqdə yaşayan ermənilərin katolikosu I Aram Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməyə çağırış edirdi. Əlbəttə, çoxları deyə bilər ki, dinin siyasətə qarışması düz deyil, din insanı öz ibadəti ilə məşğul olsa yaxşı olar, nə bilim, din siyasətdən ayrıdır. Olsun, bu cür düşünən insanların də yəqin ki, öz arqumentləri var. Bu cür sözləri dəfələrlə sadə insanların, ziyalıların dilindən səsləndiyini də eşitmişik. Bu əlbəttə ki, çox “çeynənilmiş” cümlə olaraq dünyada gedən real proseslərlə heç cür uzlaşmır. Dünya tarixinə nəzər saldıqda da görürük ki, əslində din heç zaman siyasətdən ayrı olmayıb. Siyasət və din daim birlikdə olub. Dindən uzaq düşən siyasət məhvə məhkum olub. Sosializm tarixi bunun “parlaq” nümunəsidir. Əslində heç məntiqli də deyil axı, bir-birindən yaranmış, eyni məqsədə xidmət edən ideologiya necə bir-birindən ayrı düşə bilər?!.

Nəysə, din haqqında çox danışmayaq. Onsuzda bu mövzuda heç zaman danışmamışam. Yanımda da dindən danışanlar olanda həmin məclisdə ya susmuşam, ya da sakitcə çıxıb getmişəm. Mövzudan, daha doğrusu iki fərqli dinin, iki düşmən ölkənin din xadiminin adından mətbuatda gedən açıqlamaya gəlim. Yuxarıda erməni din xadiminin açıqlamasını yazdım. İndi isə gələk öz din xadimimizin açıqlamasına. Mətbuatı izləyən oxucularımız güman ki, xəbəri görüblər. Bu gün xeyli saytda “Mərcan toyuqları halaldır, yoxsa…” başlıqlı reklam xarakterli xəbərlər dərc edildi. Həmin xəbərdə yerli tv-lərdə “evlənmə-boşanma” verilişlərindən bizlərə tanış olan İçərişəhər Cümə məscidinin axundu hacı Surxayın iştirak etdiyi, hacının adından “Mərcan” toyuqlarının keyfiyyəti, daha dəqiqi halal olması deyilirdi. Diqqətimi bir cümlə çəkdi: “Qürurverici haldır ki, ölkəmizdə müasir dəyərlərə cavab verən və HALAL toyuq məhsulları istehsal edən belə müəssisə var”.

Doğrudan da, “evlənmə-boşanma” verilişlərindən tanıdığımız (şəxsən mən oradan tanımışam) bir din xadiminin 20 faiz torpağını işğal edən ölkənin din xadiminə cavab vermək əvəzinə ərinməz-ərinməz broyler toyuğu reklam etməsi acınacaqlı, xoş olmayan bir haldır. İnsanın tanımağı şəxs haqqında fikir söyləməsi düzgün deyil. Buna görə də iradım hacı Surxayın şəxsinə yönəlmiş hesab edilməsin. Burada söhbət hacı Surxayın ictimai məsuliyyətindən, statusundan söhbət gedir. İllər öncə ölkədə məhz din adamlarının xeyir-duası ilə “həci pivəsi”, “halal kolbasa”ların yaranması vüsət aldı. Bu gün də mağazalarda tərkibini bilmədiyimiz zirzibillər “halal kolbasa” adı altında bizlərə satılır. Qayıdaq hacı Surxayın da iştirak etdiyi “Mərcan” toyuqlarının reklam xəbərinə. Xəbərdə müəssisənin bir ayda 750-800 ton toyuq istehsal etdiyi, hər bir toyuğun bıçaqla islami qaydada kəsildiyi deyilir. Xırda bir riyazi hesablama aparaq: 750-800 ton toyuq orta hesabla 2 kq-dan təxminən 400 min toyuq edir. 400 yüz min toyuğun kəsilməsini 30 günə böləndə isə hər bir günə 13333 toyuq düşür. İndi əziz oxucular gerisini siz (vergilər nazirliyi də hesablaya bilər) hesablayın, 13333 toyuğu bıçaqla islami qaydadı kəsmək üçün nə qədər işçi qüvvəsi lazımdır?!

Xəbərdə digər maraqlı məqam yenə də hacı Surxayın dilindən səslənir: “Nəinki insanlar, hər bir istehlakçı “Mərcan” toyuq məhsullarından istifadə edə bilər”. Doğrusu mən indiyədək istehlakçı deyiləndə insanların nəzərdə tutulduğu düşünürdüm. “Mərcan” toyuğun xəbərindəki “İstehlakçı” ilə “insanlar” yadıma ötən il rastlaşdığım bir hadisəni saldı. Sübh tezdən idi. Metronun 28 may stansiyasının yuxarı tərəfində kiçik parkda oturmuşdum. Bir də gördüm ki, mağazanın qarşısındakı qutulardan broyler toyuqları küçə itləri daşıyır. Mağazaya mal gətirən sürücü ilə satıcının başı “haqq-hesab”a qarışmışdı. Bunu niyə xatırladım heç bilmirəm…

“Mərcan” toyuğun xəbərində toyuqların iyirmi günə necə yetişdirildiyi, lap dəqiqi şişirdildiyi barədə cümləyə rast gəlinmir. Bilmirəm hacı Surxay dövrümüzün ən aktual sualını şirkət nümayəndələrinə verib yoxsa yox, amma bu sualı versəydi çox yaxşı olardı…

***

Azərbaycan xalqı imanlı xalqdı. Dədə-babadan həmişə din adamlarına hörmət qoymuşuq. Özümüzə balaca bir koma qaralayanda da qohum-qonşuda, kənddə yaşayan seyid-molladan tapıb gətirib xeyir-dua almışıq. Amma o vaxtkı din adamları da yerini-sözünü bilən olublar. Xeyir-dua üçün çağırıldıqları yerdə dedikləri söz “Allah xeyir versin, bərəkətli olsun” olub. Daha hacı Surxay kimi “”Mərcan” toyuğa” “bəy tərifi” vurmayıblar.

Kaş hacı Surxay da “Mərcan” toyuğun tədbirində eləcə “Allah xeyir versin” deyəydi…

Bu gün doğum günü olan Mirzə Ələkbər Sabir yazırdı:

Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!

Cahandar İsmiyev

Qlobal.az

Şərhlər

XƏBƏR LENTİ