SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Pulu kəsilən rayonlar: Əhali necə dolanacaq?

Pulu kəsilən rayonlar: Əhali necə dolanacaq?

Tarix:

29-10-2018, 09:23

/ 1 607 dəfə oxundu.
Pulu kəsilən rayonlar: Əhali necə dolanacaq?

2012-ci ilə qədər ölkə üzrə Bakı şəhərindən başqa digər bütün şəhər və rayonlara dövlət büdcəsindən dotasiya ayrılırdı. Sonradan bu siyahıya Sumqayıt şəhəri, Abşeron və İmişli rayonu əlavə olundu. Bu proses mərhələli şəkildə davam etdirildi. Hazırda dövlət büdcəsindən dotasiya almayan bölgələrin sayı 33-ə çatıb. 2018-ci ildə Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonuna dövlət büdcəsindən dotasiya ayrılmayıb.

2019-cu ilin büdcə zərfində isə bu siyahıya daha bir rayon, Ağdaş əlavə edilib. “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində dotasiya ayrılmayacaq rayonların sayı 34 göstərilib. Sənəddə göstərilib ki, 2019-cu il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 736,8 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci il ilin müvafiq göstəricisi ilə müqayisədə 83,4 milyon manat və ya 12,8 faiz çoxdur. Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsində Gəncə şəhərinin gəlirləri 47 milyon manat, Sumqayıtın gəlirləri 90 milyon manat, Mingəçevirin gəlirləri 21 milyon manat göstərilib.

Məlumdur ki, rayonlarda iqtisadi göstərici o qədər də yüksək deyil. İş yerlərinin az olması, rayonların potensialından düzgün və yetərincə istifadə olunmaması həm əhalinin yaşayış səviyyəsinə, həm də gəlirlərinə mənfi təsir göstərir. Sual yaranır: Dotasiya ayrılmayan rayonların özlərini necə təmin edəcəklər?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə şərhində sözügedən rayonların iqtisadi potensialının özlərini təmin etməyə imkan vermədiyini deyib:

“Əslində bu qərarla həll olunan məsələ deyil. Rayonlara verilən dotasiyanı rəsmən dayandırırlar, sonra il ərzində prezidentin ehtiyat fondundan həmin rayonlara vəsait ayrılır. Bu prosesdə əsas məsələ rayonların iqtisadi inkişafına nail olmaqdır. Dövlət büdcəsindən son 20 ildə ayrılan vəsaitə nəzər salsaq, əksəriyyəti rayonlarda yol infrastrukturun qurulmasına, parkların salınmasına yönəldilib. Məsələ ondadır ki, dövlət büdcəsindən rayonların abadlığına yox, inkişafına xidmət edən sahələrə vəsait ayırmaq lazımdır. Həmin rayonların hesabatında göstərilir ki, il ərzində bu qədər yol çəkilib, su xətti çəkilib və sair. Amma rayon icra hakimiyyəti nə yol, nə də su idarəsi deyil. İcra hakimiyyəti rayonun yerli problemləri ilə məşğul olmalı, iqtisadi potensialını ortaya çıxarmalı və ondan istifadə yolları axtarmalıdır. Orataya layihə qoymalıdır ki, bununla rayonda inkişafa nail ola bilərik. Həmin layihələrə isə dövlət büdcəsindən indikindən daha artıq vəsait ayırmaq lazımdır. Çünki həmin layihələr gələcəkdə rayonun iqtisadi potensialını formalaşdıracaq və ondan sonra dotasiyaya ehtiyacı qalmayacaq. Hesab edirəm ki, dövlət büdcəsindən rayonlara dotasiya ayrılması dinamik mexanizm əsasında formalaşmalıdır. Rayonun iqtisadi göstəriciləri ortaya qoyulmalı və həmin rayona əlavə nə qədər dotasiya lazımdırsa, verilməlidir. Əgər rayon bundan sonra öz xərclərini ödəyə bilərsə, o zaman dotasiyadan azad olunmalıdır. Düşünürəm ki, bunun üzərində reklam qurmaq, siyasi xal qazanmaq lazım deyil. Dotasiyadan azad olunan rayonların böyük əksəriyyətinin iqtisadi potensialı öz xərclərini ödəməyə imkan vermir. Ona görə də hesab edirəm ki, qarşıdakı büdcə ilində də həmin rayonlara müxtəlif layihələr adı altında vəsait ayrılacağının şahidi olacağıq”.

Şərhlər

XƏBƏR LENTİ