SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ceyhun Bayramov da narazılıq yaradır... - ŞİKAYƏT

Ceyhun Bayramov da narazılıq yaradır... - ŞİKAYƏT

Tarix:

16-07-2018, 09:47

/ 2 102 dəfə oxundu.
Ceyhun Bayramov da narazılıq yaradır... - ŞİKAYƏT

Orta məktəblərin rus bölməsində I siniflərə qəbul ciddi problem yaradıb.

Övladlarının rus bölməsində təhsil almasını istəyənlər məktəblərdə boş yer tapmaqda çətinlik çəkirlər. Üz tutduqları təhsil müəssisələrindən rus bölməsində yerlərin məhdud olduğu bildirilir. Əlacı kəsilən valideynlər məsələni necə yoluna qoyacaqlarını bilmirlər. Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hər gün çox sayda şikayətçi gedir, problemin həlli ilə bağlı vədlərlə geri qaytarılır. Vəziyyət bir sıra suallar doğurur. İlk növbədə düşündürücü məqam rus dilində təhsilə bu qədər maraq və ehtiyac nədən irəli gəlməsindədir.

Növbəti sual Təhsil Nazirliyinin rus bölməsinə şagird qəbulu planını düzgün sistemləşdirib-sistemləşdirməməsi, bu bölmə üçün kadr çatışmazlığı ilə bağlı yaranır. Məlumdur ki, hazırda 1-ci sinfə qəbul məktəbəhazırlqı qruplarından aparılır. Yəni, uşaqlar ya məktəbdə, ya da uşaq bağçasında məktəbəhazırlıq qrupundan yola salınır. Bu isə nazirliyə imkan verir ki, hər bir bölmə üzrə potensial şagird sayını müəyyənləşdirsin. Belə olan halda rus bölməsində məktəbə hazırlıq keçən şagirdin bu bölmədə yerləşdirilməsi üçün kifayət qədər yer olmaması problemi əvvəlcədən önlənə bilməzdimi? Göründüyü kimi, suallar çoxdur.

“Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, tanınmış təhsil işçisi Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, rus bölməsinə axın bir neçə səbəblə bağlıdır: “Rus dili beynəlxalq dil olduğundan valideynlər istəyir ki, övladları əlavə dil bilsin. Rus dilini bilməyin özünün müəyyən üstünlükləri var. Ən diqqətçəkən məsələ Dövlət İmtahan Mərkəzinin bilərəkdən rus bölməsi bitirmiş məzunların ali məktəbə daxil olmasını asanlaşdırmasıdır. Üst-üstə Azərbaycanda ümumtəhsil məktəblərində milyon yarım təhsil alan var. Onların 9 faizi rus bölməsində təhsil alır. Amma ali məktəblərə qəbul planında rus bölməsinə 30 faiz yer ayrılıb. Bu o deməkdir ki, rus bölməsinə gedən hər 10 nəfərdən 9-u ali məktəbə rahat qəbul oluna bilir. Bunun üçün suallar da asan salınır, ballar da kifayət qədər bəs edir. Ona görə də rus bölməsinə övladını qoymuş valideyn bir yandan dil məsələsini həll etmiş olur, digər yandan isə övladı daha rahat ali məktəbə daxil ola bilir. Bu səbəbdən də axın böyükdür. Xüsusən də şəhər yerlərində rus bölməsinə axın gün- gündən artır”.

Ekspert əlavə edib ki, yaranmış vəziyyət rus bölməsi üzrə müəllim çatışmazlığını da ortaya qoyub. Bunun da səbəbi odur ki, rus bölməsi üzrə müəllimliyə sənəd verənlərin sayı azdır: “Daha çox cəmiyyətin tələbi olan ixtisaslara qəbul olma asandır. Az-çox savadı olanlar bu gün Rusiya, yaxud keçmiş MDB məkanında ən aparıcı universitetlərə daxil ola bilirlər. Çünki rus dilini yaxşı bilirlər. Amma maraqlısı budur ki, rus dilini mükəmməl bilsələr də, müəllimlik ixtisasını seçmirlər. Daha yüksək maaşlı sahələrə yönəlirlər. Nəticədə kadr çatışmazlığı yaranır.
Təhsil Nazirliyi rus bölməsinə olan axına süni maneələr qoymaqla vəziyyəti düzəltmək istəyir. Əslində bu süni deyil. Yaxşı olar ki, ali məktəblərdə rus bölməsinin sayı artırılsın. Azərbaycan məktəblərində hazırda rus dili müəllimləri, yaxud bu sektorda çalışanlar əlavə təhsilə cəlb olunsun. Bununla rus bölməsində olan müəllim sayı düzəlir. Azətbaycan məktəblərində Azərbaycan və rus bölməsi ilə yanaşı ingilis dili bölmələri də açılmalıdır. Pedaqoji sahədə kadr hazırlayan ali təhsil müəssisələrinə müəyyən stumullaşdırıcı, təşviqedici tədbirlər görmək lazım idi. İngilis bölməsinin açılması rus dilinə axını bir qədər azaltmış olar. Bununla yanaşı, övladlarımızın yeni bölmədə xarici dil öyrənmək və bu dildə təhsil almaq imkanı yaranacaq”.

Şərhlər

XƏBƏR LENTİ