SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ermənistanda məxməri inqilab başlayır - müxalifətdən sərt qərar

Ermənistanda məxməri inqilab başlayır - müxalifətdən sərt qərar

Tarix:

21-04-2018, 10:09

/ 1 333 dəfə oxundu.
Ermənistanda məxməri inqilab başlayır - müxalifətdən sərt qərar

Ermənistanda Sərkisyan rejiminə qarşı kütləvi etirazlar davam edir. Diqqəti çəkən odur ki, hərəkata getdikcə daha çox sayda gənc qoşulur. Gənclər isə istənilən ölkədə inqilabi dəyişikliklərin lokomotivi sayılır. Bu üzdən işğalçı ölkənin hakim dairələrində artan narazılıq anlaşılandır. Etirazları güc yolu ilə yatırtmaq üçün addımlar atılacağı da istisna deyil.

Yazı hazırlanarkən xəbər gəldi ki, nümayişçilərin lideri, müxalifətçi deputat Nikol Paşinyan bəyan edib ki, artıq məxməri inqilaba başlayır və ölkədə inqilab komitələri yaradılacaq. Ancaq məsələ ondadır ki, Paşinyanın başçılıq elədiyi hərəkat məğlub edilsə belə, bu, artıq Sərkisyana dərs olacaq, onun yeni postda legitimliyi daim şübhə altında qalacaq. Eyni zamanda son aksiyalar, vətəndaş itaətsizliyi gələcəkdə daha böyük etirazlar üçün güclü zəmin, “baş məşq” rolu oynaya bilər.

Həm də o səbəbdən ki, qarşıdakı illərdə ölkənin əsas şəxsi kimi Serj Sərkisyan nəhayət ki, erməni xalqı qarşısında duran əsas problemi - Dağlıq Qarabağ məsələsini və bu məsələnin doğurduğu irili-xırdalı digər acıları (izolyasiya rejimi, kasıbçılıq, işsizlik və ağır güzəran, xaricə kütləvi köç və s.) çözməlidir. Bu isə Azərbaycanla dil tapmadan mümkünsüzdür.

Dil tapmaq isə güzəştlərdən keçir ki, bu da Sərkisyan rejiminə baha oturacaq. Ötə yandan, konfliktin uzanması müharibə deməkdir ki, bu, ümumiyyətlə, hakim rejim üçün özünü qəsd anlamına gəlir. Habelə, Rusiyaya xəyanət edib Qərbdə nicat axtarmaq Qarabağ klanına böyük fəlakət vədi edir. Bir sözlə, Sərksyanı olduqca ağır dilemma gözləyir.

*****

Ermənistandakı son hadisələrə həmçinin, Qərb-Rusiya qarşıdurması kontekstində baxmaq lazım gəlir. Elə Nikol Paşinyanın özü və təmsil elədiyi qurum qərbyönümlü və eks-prezident Levon Ter-Petrosyana yaxın sayılır. Siyasi müşahidəçilərə görə, Ermənistanda bir həftədir davam edən dinc etirazların motivində də Sərkisyanın baş nazirliyinə mane olmaqdan daha çox, ölkəni Rusiyanın vassallığından çıxarmaq hədəfi dayanır. Sözsüz ki, rəsmi Moskva bu kimi plan və tələblərin fərqindədir.

Əlbəttə ki, Qərb çox istəyərdi ki, Rusiyanın Ermənistanda ictimai dayaqları sarsılsın. Bu yöndə Avropa və ABŞ texnoloqları və təlimatçıları şübhəsiz ki, işğalçı ölkədə altdan-altdan, sakitcə işləyirlər. Yəni Ermənistan indi - xüsusən də İrəvan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzaladıqdan sonra heç vaxt olmadığı qədər Rusiya-Qərb rəqabət meydanına çevrilib.

Doğrudur, Qərb faktiki, Rusiyanın hərbi forpostu olan, ərazisində iki rus bazası saxlayan, xarici sərhədlərini, hava məkanını belə ruslara etibar edən Ermənistana nüfuz etməyin qəliz olduğunu anlayır. Bu üzdən də qeyri-hərbi, yəni təbliğati və əks-təbliğati rıçaqları işə salmağa meyl edir, vətəndaş institutları və siyasi kəsimə stavka edir. ABŞ Dövlət Departamentinin Ermənistandakı son aksiyalara faktiki, dəstək ifadə edən açıqlaması da diqqət çəkməyə bilmir...

*****

Bəs Ermənistan uğrunda qızışan Qərb (ABŞ)-Rusiya davası, hakim rejimin “iki stulda oturmaq” siyasəti Ermənistana, Dağlıq Qarabağ məsələsinə nə vəd edir? Təhlilçilərin bu xüsusda yanaşmaları və proqnozları maraqlı sayıla bilər.

“Nikol Paşinyan qərbyönlüdür, amma Qərb hələlik onu dəstəkləmir”. Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk deyib. “Paşinyan qərbyönlü, daha dəqiq desək, liberal müxalifətin nümayəndəsidir. Lakin bu, o demək deyil ki, Paşinyana birbaşa ödənişi Vaşinqton edir. Aydın olan əsas məsələ erməni müxalifətinin Rusiyanın əleyhinə olaraq Avropa Birliyi və ABŞ-la görüşə getməsidir. Bu səbəbə görə, erməni müxalifətinin daxilində Moskvanın ünvanına və ya Rusiyanın aktiv olduğu bütün inteqrasiya bloklarına qarşı etirazlar daha yüksək səslə ortaya çıxır”.

Lakin politoloq bütün baş verənlərə görə Qərbi günahlandırmağın da tərəfdarı deyil: “Buna görə hər şeydən əvvəl bizim öz məmurlarımızdan doğru edib-etmədiklərini soruşmaq lazımdır. Bu, Ermənistanın hakim orqanlarına da aiddir”.

Trofimçuk ardınca bildirib ki, Ermənistan müxalifəti hər zaman narahat olub və “inqilab” sözünü tez-tez səsləndirib: “Məsələn, bir müddət əvvəl də baş tutan aksiyaları bəziləri ”Elektromaydan" adlandıraraq, Ukraynadakı Maydana bənzər prosesləri başlatmaq istəmişdilər. Bu etirazlar mövcud hakimiyyəti devirə bilməz. Belə ki, heç bir məxməri inqilab variantı erməni mentalitetinin özü tərəfindən qəbul olunmur. Bunun üçün 1999-cu ildə ölkə parlamentinin güllələnməsini xatırlamaq kifayətdir. Vaşinqton çalışır ki, geosiyasi qeyri-stabillikdən istifadə etsin, Qarabağ problemi, Gümrüdəki rus bazası və digər faktorları nəzərə alıb, destabilizasiyanı Cənubi Qafqaza yenidən yönəltmək üçün lazımi zamanı gözləsin. Bunun üçün onlar Ermənistan daxilində öz mövqelərini gizlətməyən müxtəlif fərqli qeyri-hökumət, ictimai təşkilatlardan istifadə etməyə çalışacaqlar".

Bununla belə, ekspert deyib ki, Paşinyan Sərkisyanın adamı olmasa da, Serj Sərkisyana sərfəlidir. “Çünki müxalifətin aktiv etirazları rəsmi İrəvana Qərbə ölkədə demokratik proseslərin olması ilə bağlı misallar çəkməyə imkan yaradır. Hələlik erməni hakimiyyətini diktator metodlarından istifadə də günahlandırmaq çətindir. Bu isə hələlik belədir”, - deyə o bildirib.

*****

Rusiyalı digər tanınmış analitik və tarixçi alim Oleq Kuznetsovun minval.az saytına müsahibəsində söylədiyi bəzi fikirləri də burada xatırlatmağın yeri var. Sərkisyanın günün birində Putinin səbrini tükədəcəyini ehtimal edən politoloq demişdi ki, Ermənistan artıq Kremlin təsirindən çıxaraq Qərbə üz tutub və bir, uzağı iki ilə bu xəyanət baş verəcək. Bu müddətdə Türkiyə-Rusiya alyansının da güclənəcəyini, o sırada hərbi sahədə Moskva-Ankara əməkdaşlığının dərinləşəcəyinə diqqət yönəldən analitik Kremlin Ermənistanı cəzalandırmaq üçün Azərbaycanın Qarabağı və digər işğal altındakı əraziləri güc yolu ilə azad eləməsinə göz yuma biləcəyini söyləmişdi - təbii ki, əgər ona qədər Ermənistan rəhbərliyi ağla gəlməsə.

Öz növbəsində Amerika-Azərbaycan Sülhə Dəstək Fondunun baş eksperti Aleksey Sinitsin hesab edir ki, Rusiyanın birmənalı şəkildə Ermənistanın arxasında durduğu keçmiş dönəmlər daha təkrarlanmayacaq: “Ermənistan NATO ilə, Qərblə oyun oynamaqda nə qədər uzağa getsə də, Qərb Qarabağ konfliktinin Ermənistanın xeyrinı həll edə bilməyəcək və Rusiya güc qütbü kimi bunun qarant olacaq”. Onun qənaətincə, Azərbaycanın 2016-cı ilin aprelindəki kimi 23- blits-hücumu kifayətdir ki, Ermənistan bir dövlət olaraq dağılıb getsin, erməni cəmiyyəti 2016-cı ildəkindən də dərin depressiya vəziyyətinə düşsün.

Yada salaq ki, “4 günlük” aprel müharibəsi zamanı Ermənistanın hərbi rəhbərliyi (müdafiə naziri Seyran Ohanyan və başqa generallar) dərhal istefaya getmişdi. Bəzi generallar isə hələ də həbsdədir...

P.S. Qəzet çapa gedərkən Ermənistanda ümumxalq etirazları davam edirdi.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ