SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezidentə təqdim olunan rəy, müdhiş faktlar, sərt açıqlamalar- Pirverdiyevin QARANLIQ dosyesi

Prezidentə təqdim olunan rəy, müdhiş faktlar, sərt açıqlamalar- Pirverdiyevin QARANLIQ dosyesi

Tarix:

5-09-2018, 08:30

/ 1 585 dəfə oxundu.
Prezidentə təqdim olunan rəy, müdhiş faktlar, sərt açıqlamalar- Pirverdiyevin QARANLIQ dosyesi

Bu gün Prezident İlham Əliyev Etibar Pirverdiyevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsinə Balababa Hüseynağa oğlu Rzayev təyin edilib. Bu təyinata qədər B.Rzayev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri işləyirdi.

Əslində, Etibar Pirverdiyevin vəzifədən götürüləcəyi çoxdan gözlənilirdi. Məlum olduğu kimi, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş vermişdi. Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanmış, Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmışdı.

Prezident İlham Əliyev ölkənin elektrik təchizatında yaranmış problemlərlə bağlı iyulun 4-də xüsusi müşavirə keçirmiş və həmin toplantıda Etibar Pirverdiyevin fəaliyyətinə kəskin iradlar bildirmiş, cəmiyyətin gözü önündə möhkəm danlamışdı: “Siz sadəcə olaraq utanmalısınız. İnsanlara - qocalara, uşaqlara, qadınlara, metroda və liftdə qalanlara, xəstələrə bu isti havada əziyyət vermisiniz. İqtisadiyyata böyük ziyan vurmusunuz”.

Lakin Etibar Pirverdiyev məhz həmin tolantıda işdən çıxarılmadı və bunun da səbəbi o idi ki, dövlət başçısı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin geniş təftiş olunmasına göstəriş vermişdi. Bu məqsədlə Prezident tərəfindən Azərbaycan Respublikası Baş nazirinin birinci müavininin rəhbərliyi ilə Dövlət Komissiyası yaradıldı. Prezident yaradılan Dövlət Komissiyasına təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə hadisənin başvermə səbəblərini araşdıraraq obyektiv rəy hazırlanması və gələcəkdə belə halların təkrarlanmaması üçün təkliflərin verilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair çox ciddi tapşırıqlar vermişdi.

“AzərTac-ın yaydığı məlumata görə, ötən müddət ərzində Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə, qəzanın başvermə səbəbləri ciddi araşdırlıb, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.

Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Mingəçevir İstilik Stansiyasında baş verən məlum qəzadan sonra Azərbaycanın bir sıra siyasət adamları və deputatlar da Etibar Pirverdiyevin fəaliyyətini kəskin tənqid etmişdilər. O günlərə qayıdaq:

Hər zaman öz sərt üslubu ilə tanınan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirmişdi ki, baş verən hadisədənin birbaşa məsuliyyətini "Azərenerji”nin prezidenti Etibar Pirverdiyev daşıyır:

"Onun səhlənkar münasibəti, yalançı məlumatları ölkəni işıqsız qoyub. Necə olur ki, ərəb dövlətlərində ilin 12 ayı 45 dərəcə isti olur. Ancaq belə hadisələr baş vermir? Ona görə də baş verən hadisəni pis qiymətləndirirəm. Bu ölkəmizin imicinə ciddi zərbə vuran hadisədir. Hər il belə hadisələrin təkrarlanmaması üçün "Azərenerji” rəhbərliyi istefaya getməlidir və bu dövlətə xəyanətdir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov isə qeyd etmişdi ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı ciddi araşdırma aparılmalı və buna reaksiya verilməlidir: "Bu məsələ ölkə başçısının nəzarətindədir. Dünən gecə ölkə ərazisində işıqların olmaması ciddi hadisədir. Araşdırıldıqdan sonra günahkar qurumlar cəzalandırılmalıdırlar ki, bir daha belə xoşagəlməz hallar təkrar olmasın”.

V. Əhmədov həmçinin qeyd edib ki, ölkə üzrə elektrik enerji təchizatının dayanması iqtisadi tərəfdən də itkilərə məruz qalmasına gətirib çıxarıb: "İqtisadi tərəfdən itkiləri də hesablamaq lazımdır. Çünki hər dəqiqənin bir hökmü var. Bəzi müəssisələrin alternativ enerji mənbələri var. Buna baxmayaraq istənilən halda iqtisadi itkilərin olması da istisna edilmir”.

Başqa bir deputat- Fazil Mustafa elektrik enerjisində yaranan problemlərin müharibə şəraitində olan bir ölkə üçün riskli sayılmasının vacibliyinə toxunmuşdu: “Biz müharibə aparan dövlətik. 7-8 saat işığın olmaması ciddi siqnaldır. Araşdırıldıqdan sonra günahkarlar cəzalandırılacaq. Düşünürəm ki, bundan sonra belə hallar olmayacaq”.

AzNews.az

Şərhlər

XƏBƏR LENTİ