SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Fövqəlnazir” Pirverdiyevi niyə “baqaja” qoydu? - köhnə davanın gizlinləri...

“Fövqəlnazir” Pirverdiyevi niyə “baqaja” qoydu? - köhnə davanın gizlinləri...

Tarix:

6-07-2018, 10:14

/ 1 848 dəfə oxundu.
“Fövqəlnazir” Pirverdiyevi niyə “baqaja” qoydu? - köhnə davanın gizlinləri...

Onsuz da “qələmi qırılan” “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyev prezidentin müşavirəsində ikiqat zərbə aldı

Dövlət başçısı Pirverdiyevə “xalqın qarşısında utanmalısınız” deməklə bərabər fövqəladə hallar naziri Kamaləddin Heydərov da onu “baqaja” qoydu.

FHN şefi açıq şəkildə bəyan etdi ki, edilən xəbərdarlıqlara vaxtında əməl olunmayıb. Sitat: “Şəxsən müşahidə etdiyim o idi ki, o cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılmış və qabağında olan kanallarda kabelləri yandırmışdır.

Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin.

Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməmişdir”.

K.Heydərov müşavirədə rəsmən E.Pirverdiyevin yarıtmaz idarəçiliyini ifşa edib. Bu da qanıqara, qaşqabaqlı vəziyyətdə müşavirədə oturmuş Pirverdiyevin sonu deməkdir.

Hətta baş prokuror Zakir Qaralovun çıxışından da ehtimal etmək olar ki, barəsində cinayət işi açıla bilər. FHN rəhbəri onu da əlavə edib ki, komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmamışdır:

“Ərazi quru otlardan təmizlənməmişdir. Soyutma qurğularının heç biri demək olar ki, işləmir. Əgər orada soyutma kanalı ilə, - düzdür indi deyirlər ki, bu çoxdanın problemidir, - Mingəçevir gölünün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalı olduğu halda qəza baş verən gün suyun temperaturu 28 dərəcə olmuşdur, dünən isə 26 dərəcə idi. Yəni, bu, soyutma işlərinə maneçilik törədi”.

K.Heydərovun E.Pirverdiyevi müşavirədə bitirməsi, onu “baqaj”a qoymasında kifayət qədər haqlıdır. Çünki 1 milyard vəsait havaya sovrulub.

Nəticədə xalq 2 gün enerji fəlakəti yaşayıb. Bunun da səbəbi prezidentin dediyi kimi, isti hava şəraiti yox, pulların mənimsənilməsi, yarıtmaz idarəçilik və səhlənkarlıqdır.

Amma bir məsələni qeyd etmək yerinə düşər ki, Heydərovla Pirverdiyevin münasibətləri illər əvvəldən korlanıb. 2010-cu ildə tərəflər qırğına çıxmışdı.

Belə ki, Bayraq Meydanı inşa olunanda ”Gilan-Holding", “Azinco” və “Azərenerji” iştirak edirdi. Həmin ərəfədə işlər dayananda belə söhbət yayıldı ki, “Gilan” buradakı işləri tək öz üzərinə götürmək istəyir.

Yəni, özü tikmək istəyir. “Azərenerji” də layihədə “Gilan Holdinq”in olmasını istəmirdi. Hər iki qurum arasında çəkişmə olduğu üçün işlər dayandırıldı.

Beləcə, K.Heydərovun Fərhad Əliyev, Ziya Məmmədov kimi nazirlərdən sonra bitirdiyi növbəti iri fiqur baş enerji məmuru oldu. Yaxın günlərdə prezidentin Pirverdiyevi işdən azad edəcəyi gözləniləndir.

Etibar Pirverdiyevin hədəfə gəlməsinin digər əsas səbəbi isə onun Dövlət Bayraq Meydanının tikintisi zamanı yol verilən nöqsanlardır.

Bir müddət əvvəl baş nazirin keçmiş müavini Abid Şərifovun Bayraq Meydanında dirəyin sökülməsini işlərin keyfiyyətsiz görülməsi ilə əlaqələndirməsi də Etibar Pirverdiyev üçün “əcəl zəngi” hesab oluna bilər.

Bu baxımdan baş nazirin sabiq müavininin “Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub” deməsini sıradan bir açıqlama sayılmaz.

A.Şərifov ad çəkməsə də, məlumdur ki, 2007-ci ildən 2010-cu ilə qədər Dövlət Bayrağı Meydanının tikintisinə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev rəhbərlik edib.

Etibar Pirverdiyevə məxsus “Azenco” şirkəti Dövlət Bayrağı Meydanının tikintisindən böyük büdcə pulları əldə edib.

Dövlət başçısının şəxsi təşəbbüsü ilə inşa edilən Dövlət Bayrağı Meydanı 2007-ci il 17 noyabr tarixli, 2504 saylı Sərəncamına əsasən yaradılıb.

Həmin ilin dekabr ayında təməli qoyulan meydanın 2010-cu il sentyabrın 1-də İlham Əliyev cənablarının iştirakı ilə təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olmuşdu.

Dövlət Bayrağı Meydanının tikintisinə və ətraf ərazidə bulvar zolağının uzadılmasına 3 il ərzində büdcədən 50 milyon manat sərf olunub. Öncə tikintiyə 30 milyon manat ayrılmasına baxmayaraq, 2009-cu ildə tikinti yarımçıq qaldı.

2009-cu ilin sonlarında “Dövlət Bayrağı Meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam 10 milyon manat ayrıldı.

Sonradan əlavə olaraq 10 milyon manat da işlərin tamamlanmasına xərcləndi. 50 milyon manatlıq büdcə pulunun qarşılığında 1 nömrəli bayraq dirəyi cəmi 7 il duruş gətirdi.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ