XalqXəbər.Az

Əfqanıstan veteranlarının yeni müharibəsi: - Məhəmməd Vəliyev mücahidlər yerində…

yüklənir...
Əfqanıstan veteranlarının yeni müharibəsi: - Məhəmməd Vəliyev mücahidlər yerində…
15-03-2019, 09:48
yüklənir...

Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçıları yenə müharibə vəziyyətindədir, amma bu dəfə döyüş döyüş Əfqanıstan dağlarında yox, Azərbaycanda, həm də mücahidlərlə yox, əfqan müharibəsi veteranlarını birləşdirən ictimai birliyin sədri ilə aparılır. Məlumat üçün bildirək ki, 1979-cu il dekabrın 24-də ilk Sovet hərbi qüvvələri Əfqanıstan sərhədini keçib. On illik Əfqanıstan müharibəsində 7500-ə yaxın azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub, 450 nəfər əlil, 7 nəfər isə itkin düşüb. Azərbaycanda hazırda 4 minə yaxın Əfqanıstan müharibəsi veteranı var. Əfqanıstandan qayıdandan sonra orada Qarabağ müharibəsində iştirak ediblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfər sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb.
Azərbaycanda məlum müharibəni keçmiş şəxslər Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyi adlı təşkilatda birləşiblər. Bu qurum daxilində parçalanma və qarşıdurma olması bir çoxlarına məlumdur. Maraqlıdır ki, şərti cəza kəsilən Məhəmməd Vəliyev hələ də öz vəzifəsini icra edir. Bu gün ölkəmizdə olan Əfqanıstan veteranları təşkilatları, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi veteranlar təşkilatları kimi funksiyasını tam şəkildə yerinə yetirə bilmir. Bu azmış kimi Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyi haqqında çox xoşagəlməz xəbərlər eşidirik. Orada olan korrupsiya faktları, veteranların haqlarının pozulması, dələduzluq halları ilə bağlı məhkəmə də keçirilib. Hətta məhkəmədə bu birliyin sədrinə cəza verilib. Bununla bağlı xatırladırıq ki, hazırkı sədr Məhəmməd Vəliyev və müavini Cavan Əhmədov veteranların şikayəti əsasında məhkəməyə verilib. Hər iki şəxs dələduzluq və rüşvət almaqda təqsirləndirilərək, barələrində 2 il şərti cəza kəsilib.
Dələduzluq, rüşvət alma, sənədlərin saxtalaşdırılması kimi cinayətlərdə ittiham edilən Məhəmməd Vəliyevin barəsində cinayət işinin qaldırılması üçün onun rəhbərlik etdiyi təşkilatın üzvlərinin çoxsaylı şikayətləri əsas götürülüb. Şikayətçilər deyirlər ki, 2005-ci ildə dövlət tərəfindən Əfqanıstan müharibəsinin veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün onların maraqlarını təmsil edən ictimai birliyə Hövsan yaxınlığında 10.3 hektar torpaq sahəsi ayrılıb. Amma M.Vəliyev həmin torpaqların bir hissəsini Əfqanıstan veteranı olmayan ayrı-ayrı şəxslərə satıb. Habelə veteranların özlərinə həmin torpaq sahələri pulsuz ayrılmalı olduğu halda onlardan da müxtəlif məbləğlərdə pul alıb, dövlətin ayırdığı ərazidən veteranlara torpaq verib. Amma heç bir sənəd-filan olmadan, yəni şifahi razılaşma ilə. Və şikayətçilər deyirlər ki, onların həmin torpaqlar üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd verilməyib, nəticədə torpaq sahələrindən istifadə mümkün deyil. Üstəlik M.Vəliyev onlardan aldığı pulları da mənimsəyib, geri qaytarmayıb. Pullar isə elə də az deyil, veteranların sözlərinə görə 103 şikayətçi arasında sədrə hərəsi orta hesabla 3-5 min manat pul verib. Veteranlar deyirlər ki, M.Vəliyev metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən və İctimai Birliyə məxsus olan 60 sot torpağı da satıb, həmin torpaq sahəsində çoxmərtəbəli binalar tikilib. Şikayətçilər M.Vəliyevi başqa əməllərdə-veteranlara dövlət tərəfindən ayrılan pulsuz avtomobillərə görə rüşvət almaqda, ictimai birliyin əmlakını, daxil olan ianələri və digər vəsaitləri mənimsəməkdə də ittiham edirlər. Şikayətçilər iddia edir ki, dövlət tərəfindən ayrılmış yardımlar da rəhbərlik tərəfindən mənimsənilib. Onların sözlərinə görə, 11 il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.
Məhəmməd Vəliyevlə bağlı media üzərindən apardığımız araşdırmalarda daha bir ilginc iddiaya rast gəldik. Əfqanıstan veteranları dilindən səslənən həmin ittihamları olduğu kimi diqqətinizə çatdırırıq: “Bu həmin Məhəmməd Vəliyevdir ki, 1994-cü ildə Əfqanıstan Veteranları İttifaqının nəznində yaradılan və özünün rəhbəri olduğu “Araz-1” firmasının xətti ilə Aqrar-Sənaye Bankından 380 min ABŞ dolları məbləğində kredit götürüb.Həmin pulları isə Rusiya Federasiyasının Astarxan şəhərindəki kazinoda qumara qoyaraq uduzub. Bu şəxs 380 min ABŞ dolları məbləğindəki krediti qaytarmayıb.Məhəmməd Vəliyev RF-sı ərazisində törətdiyi digər əməllərinə görə Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarətə götürülərək həbs edilib.9 ay FTX-nin təcridxanasında saxlanılıb.Belə bir mühüm təhlükəsizlik xidmətinin təcridxanasından çıxmağın asan bir iş olmadığı bəllidir.Məhz o arxalandığı bu cür qüvvələrdən aldığı dəstək nəticəsində 1997-ci və 2005-ci illərdə ƏVİ-də içtimai çevrilişlər etməyi bacarmışdı”.
Onu da xatırladaq ki, bir ay öncə Prezident İlham Əliyev Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb və Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıb. İndi Birlik üzvləri bu vəsaitin də mənimsənəcəyindən narahatdırlar.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.