SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda Bələdiyyə sədrinin cinayətlərini ört-bastır edən himayədarları məlum oldu

Beyləqanda Bələdiyyə sədrinin cinayətlərini ört-bastır edən himayədarları məlum oldu

Tarix:

25-11-2018, 23:56

/ 1 740 dəfə oxundu.
Beyləqanda Bələdiyyə sədrinin cinayətlərini ört-bastır edən himayədarları məlum oldu

Sadiq oxucularımız noyabr ayında “RealMedia.az” saytında təqdim edilmiş “KORRUPSİYAYA QURŞANMIŞ BƏLƏDİYYƏ SƏDRİ” sərlövhəli birinci, “Beyləqanda bələdiyyə sədrini bitirəcək faktlar” başlıqlı ikinci məqaləni yəqin ki, xatırlayırlar. Məqalələrdə söhbət adı çəkilən yerli özünüidarəetmə qurumunun rəhbərinin “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanının tələblərini pozmaq yolu ilə bələdiyyə mülkiyyətində olan torpaqları müqavilə ilə müqaviləsiz icarəyə verməsindən, eləcə də rəvac verdiyi başqa qanunsuzluqlardan söhbət gedirdi.

Müqaviləsiz icarəyə verilmiş torpaq (bələdiyyənin ehtiyat fondu, perspektiv inkişaf fondu və örüş-otlaq) sahələrinin ölçülərini və onları istifadə edən kənd sakinlərinin adlı siyahısını da dərc etmişdik.

Yada salaq, həmin qanunda göstərilir: “Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Bələdiyyə sədri Vaqif Quliyevin korrupsiya hüquqpozmalarından şikayət edən şəxslərdən İmanov İbrahim Xanlar oğlu redaksiyamıza növbəti paket məlumat verərək bildirmişdir ki, sədrin qanunsuz əməlləri ilə bağlı dəfələrlə Baş Prokurorluğun “161” Qaynar xəttinə zəng edərək şikayətlər edib. Şikayətçi bildirir ki, 03 avqust və 03 oktyabr 2018-ci il tarixlərində Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə elektron formada rəsmi məktubla müraciət edib. Maraqlıdır ki, həmin məktub “it-bata” düşüb.

Şikayətçi bildirir ki, elektron müraciətindən sonra təkrar “161” qaynar xəttinə zəng edib. Bu dəfə ona deyiblər ki, “it-bata” düşmüş hesab etdiyi elektron müraciətnamələri qeydiyyata alınıb. Həmin müraciəti ilə bağlı “Antikorrupsiya İdarəsi”ndən bildiriblər ki, narahat olmasın, həmin işə baxlılacaq. Lakin məktub iki aydan sonra “yoxa” çıxıb.

Şikayətçi İbrahim İmanov bildirir ki, onun etdiyi digər müraciətlə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin İmişli Regional İdarəsinin rəisi Hakim Məmmədov “yoxlama” aparıb, amma onun özünün iştirakı təmin edilməyib. Şikayətçinin fikrincə, Hakim Məmmədov hər vəchlə bələdiyyə sədrini bütün imkanları daxilində qorumağa çalışır, onun rəvac verdiyi qanunsuzluqları maksimum dərəcədə ört-basdır edir ki, bu da təmənnasız deyildir: “Sədr Vaqif Quliyev bu havadarlığına görə Hakim Məmmədova 200 kip bağlaması verib. Bələdiyyə sədrinin bir əli Hakim Məmmədovun ağzındadı, ancaq onu yedirdir. Bu barədə Ədliyyə Nazirliyinə, Bələdiyyələrlə iş Mərkəzinə, Baş Prokurorluğa və digər aidiyyatı orqanlara yazılı şikayətlər etsə də, onun bu müraciətləri obyektiv araşdırılmır”. Öyrənmişik ki, Vaqif Quliyevi tək Hakim Məmmədov müdafiə etmir, onu kurator Dirluba xanım da qoruyur.

Bildirilir ki, bələdiyyə sədri yığılan pulun 5 (beş) min manatdan yuxarı olmadığını göstərsə də, reallıqda bu rəqəm 20.000 (iyirmi) min manatı aşır. Bu pullar isə sədrin şəxsi cibinə gedir. Səhih məlumata görə, təkcə kənd camaatının 2200 ha (iki min iki yüz hektar) pay torpaq sahələrindən hər hektara görə 6,10 AZN (altı manat on qəpik) pul yığılır. Bundan başqa, bələdiyyə mülkiyyətindəki örüş sahələri 108 hektar təşkil edir. Bələdiyyə sədrinin bu torpaqlardan da topladığı illik icarə yığımı 30 – 40 min manata yaxındır.

Şikayətçilərdən Dildar Maxsudov bildirir ki, yuxarı orqanlara etdiyi şikayəti ilə bağlı Hakim Məmmədov onu qəbul edib və bələdiyyə sədri ilə birlikdə onları qəbul edib məsələni həll edəcəyini vəd edib. Amma sözünə xilaf çıxıb. H.Məmmədov ona məktub yazıb ki, sizi müəyyən səbəblərə (?) görə çağıra bilmədik. Redaksiyaya verilən məlumatlarda eləcə də bildirilir ki, Şərq Bələdiyyəsinin sədri yığılan pulların qarşılığında nəzərəçarpan heç bir iş görməyib. Ayrılan dotasiyaların mənimsənilməsi, çeksiz yığılan icarə haqqları araşdırılmalıdır.

Bələdiyyə üzvlərinin və qulluqçularının heç birinin mühasibatlıqda nə baş verdiyindən xəbərləri yoxdur. Güya ildə bir dəfə bələdiyyənin xalq qarşısına çıxıb hesabat verdiyi məruzə edilsə də, yalandır. Bələdiyyə sədri həm də ikili vəzifə daşıyıcısıdır. Şərq kəndinin heyvandarlıq üzrə baş həkimidir. Bələdiyyəni ictimai vəzifə hesab edir, əmək haqqını “çöldən-çölə” alır. Sədrin qanunsuz fəaliyyətindən, təkbaşına verdiyi qərarlardan narazı sakinlərin haqlı şikayətləri yuxarı orqanlar tərəfindən araşdırılmır.

Adlarını çəkdiyimiz vəzifəli şəxslərin – kurator Dirluba xanımla Hakim Məmmədovun himayədarlığı sayəsində Vaqif Quliyevin qol qoyduğu olduqca ciddi qanun pozuntularına hüquqi qiymət verilmir.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ