SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Çörəyi nisyə alıb gətirib uşaqlarıma yedizdirirəm" - Şabrandan ŞİKAYƏT

"Çörəyi nisyə alıb gətirib uşaqlarıma yedizdirirəm" - Şabrandan ŞİKAYƏT

Tarix:

27-09-2017, 16:30

/ 54 861 dəfə oxundu.
"Çörəyi nisyə alıb gətirib uşaqlarıma yedizdirirəm" - Şabrandan ŞİKAYƏT

«Kənddə boş torpaq sahələri çoxdur, ancaq kəndlilərin istifadəsinə vermirlər, verəndə də sənəd vermirlər. Dövlət Aktı olmayan torpaqdan istifadə mümkün deyil. Kəndliyə nə lazımdır – torpaq, su, bir də dövlətin qanunla nəzərdə tutulan güzəştlərdən yararlanması... Vəssalam, əksin, satsın, başını saxlasın». Bunu Şabranın Xırdaoymaq kənd sakinləri deyir.

Vahid Əliyevin sözlərinə görə, Xırdaoymaqda işsizlik hökm sürür. Ancaq kəndlilər düşünürlər ki, onlara torpaq sahəsi ayrılsa, başlarını dolandıra bilərlər: «Kənddə belə torpaqların yalnız 80 hektarı kəndlilərə verilib. Ondan da istifadə edə bilmirik. Çünki həmin torpaqlara görə bizə sənəd verilməyib. Bu da kəndlilərin güzəştli gübrə, su, aqrotexnika, subsidiyalardan faydalanmasını əngəlləyir. Bu güzəştlər olmadansa kəndli o torpaqdan xeyir götürə bilməz. Yəni heç çəkdiyi xərcin mayasını da çıxara bilməz».

Kənd sakini Əbülfəz Məmmədov deyir, kənddə istifadəsiz boş torpaq sahələri var. Kəndlilərin də istəyi odur ki, onlara həmin sahələrdən əkin üçün istifadəyə icazə verilsin. Həm də bu icazə sənədli şəkildə olsun: «Hər ailəyə 1.5 hektar torpaq sahəsi verilib, ancaq heç birinin Dövlət Aktı yoxdur. Bizimsə istədiyimiz odur ki, həm bu torpaqlar, həm də kənddəki boş torpaqlar sənədləşdirilib istifadəmizə verilsin, biz də qruplar şəklində birləşək, fermer təsərrüfatları yaradaq, əkin, heyvandarlıq... Növbəli şəkildə o torpaqları əkək, məhsul götürək... İşimizi quraq, dövlətin güzəştlərini əldə edək, vergisini ödəyək, bir yerə çıxaq, özümüzü nəyəsə yararlı hiss edək. Bilək ki, nəyə görə yaşayırıq. 40 yaşım var, gedib rayon mərkəzindən çörəyi nisyə alıb gətirib uşaqlarıma yedizdirirəm. Halbuki, altı, üstü sərvət olan torpaqda yaşayıram».

Nizami Cəfərov deyir, davamlı şikayətlərindən sonra ona 50 sot torpaq sahəsi ayrılıb. O da sənədsiz... Həmin sahədə tərəvəz əkirmiş. Bu ilin əvvəli xəbərdarlıq olunub ki, daha sahəni əkməsin: «Məhsulu Bakı bazarlarına göndərirdim. Gəlib sahədən yükləyib aparırdılar. İndi o da yoxdur. İstəyirik ki, başqa yerlərdəki kimi, burda da islahatlar aparılsın. Bizə verdikləri 1.5 hektar torpaq sahələrinə görə Dövlət Aktları paylansın. Biz də fermer işləri quraq, dövlətin güzəştlərindən yararlanaq, ailəmizi dolandıraq. İş yox, torpaq yox, heyvandarlığa şərait yox. Bu kəndli daş-kəsəklə dolansın? Yəni o regionların inkişafı proqramından bu Xırdaoymaqa, azca da olsa, pay düşmədi?».

Kənddə azı 500 sakin var. Hər səhər yuxudan oyanıb işə tələsənləri isə barmaqla saymaq olar. İşsiz-gücsüz sakinlər günlərini çayxanada nərd oynamaqla yola verirlər.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ