SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Maşınla gənc ananı öldürən yeniyetmə qapalı tərbiyə müəssisəsinə göndərilə bilər

Maşınla gənc ananı öldürən yeniyetmə qapalı tərbiyə müəssisəsinə göndərilə bilər

Tarix:

9-05-2017, 09:08

/ 59 872 dəfə oxundu.
Maşınla gənc ananı öldürən yeniyetmə qapalı tərbiyə müəssisəsinə göndərilə bilər

Deputat: “Məsələ araşdırıldıqdan sonra konkret fikir söyləmək olar”
İş adamı Füzuli Fərəcovun azyaşlı oğlunun 200 min dəyərində olan “Porsche” ilə 2 uşaq anasını vuraraq öldürməsi cəmiyyətdə ciddi rezonans doğurub.
Belə ki, Füzuli Fərəcov hadisədən sonra mətbuata açıqlamasında oğlunun 14 yaşının olduğunu söyləsə də, yayılan rəsmi məlumatlardan aydın oldu ki, Ağəli Fərəcov əslində 16 yaşındadır. Bu isə onun məsuliyyətə cəlb olunmasına təsir edən önəmli faktordur. Görünür, məsuliyyətdən yayınmaq üçün F.Fərəcovun oğlunun yaşını gizlətmə cəhdinə sosial şəbəkələrdə yazılanlar, mətbuatda gedən informasiyalar mane oldu.
Bakı Şəhər Baş Polis İdarəsinin hadisə ilə bağlı yaydığı məlumatda qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin və DİN-in “Təhlükəsiz şəhər” Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “Porsche” markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli müəyyən edilərək saxlanılıb. “Təhlükəsiz şəhər” Xidmətinin həmin ərazidəki kameralarının qeydə aldığı videogörüntülər də hadisənin baş verdiyi zaman sükan arxasında məhz A. Fərəclinin olduğunu təsdiq edir.
Elə həmin gün faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Sahibi olduğu nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildiyi halda, 16 yaşlı oğluna verdiyinə görə Bakı şəhər sakini Füzuli Fərəcov barəsində İnzibati Xətalar Məcəlləsinin 335-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi) maddəsinə əsasən, inzibati tədbir görülməsi haqqında qərar qəbul edilib.
Lakin ekspertlər bildirirlər ki, indiki halda belə, Ağəli Fərəcov həbs edilməyə bilər.
Məsələ ilə bağlı danışan deputat Fazil Mustafa da hesab edir ki, hələ ki konkret nə isə söyləmək doğru deyil: “Əgər uşaq maşını qaçırıbsa, bu zaman məsuliyyət tərəfi onun üzərində qalır. Maşını atası veribsə, bu zaman isə fərqli məsuliyyət yaranır. Ona görə də birmənalı olaraq hansı məsuliyyətin yaranmasını istintaqın nəticələri ortaya qoya bilər. Mən də əslində uşağın yaşının 16 olduğunu Daxili İşlər Nazirliyinin açıqlamasında oxumuşdum. Ancaq mediada, görünür, bir-birindən köçürmə halı olduğuna görə 14 yaşın dalınca getdilər. 16 yaşla 14 yaş arasında məsuliyyət məsələsində fərqlilik mövcuddur. Bu isə qeyd etdiyim kimi, araşdırmalar nəticəsində müəyyən oluna bilər. İndidən konkret nə isə söyləmək, hansısa tərəfin haqsız vəziyyətə düşməsinə səbəb olar. Bütün hallarda valideynlər uşaqlara nəzarət etməlidirlər ki, hər hansı bir şəkildə, bu cür sui-istifadə halları olmasın və məsələnin həllində bu qədər mürəkkəblik yaradan, insan taleyinə təsir edən hadisələr baş verməsin. Ən azından uşaqlara nəzarət etmək vacibdir. Çünki bu kimi halların nəticəsini valideynlər çəkirlər. Bu baxımdan, valideynlər özləri məsələdə həssas olmalıdırlar”.
Deputat bildirib ki, Ağəli Fərəcovu qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərə bilərlər:
“Ancaq bir daha deyirəm ki, araşdırmadan öncə bunu söyləmək doğru deyil. Bilinməlidir ki, o hansı formada maşını idarə edib. Bu məsələ çox əhəmiyyət daşıyır. O da mümkündür ki, istintaq nəticəsində hadisəni törədən şəxs azadlığa buraxılsın. Çünki şikayət edən tərəfin də bu məsələdə mövqeyi çox önəmlidir. Azərbaycanda yetkinlik yaşına çatmayanlar üçün müəyyən qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi nəzərdə tutulub, ancaq bu, istənilən səviyyədə deyil. Yəni orada daha çox tədris və təlim məsələlərinə yönəlmiş infrastruktur yetərli səviyyədə deyil”.

Şərhlər

XƏBƏR LENTİ