Erməni oliqarx “İzvestiya”nın binası aldı, Vahid Ələkbərovla şərik oldu

Erməni oliqarx “İzvestiya”nın binası aldı, Vahid Ələkbərovla şərik oldu “İzvestiya” qəzetinin Moskvadakı məşhur binasının yeni sahibinin adı nəhayət məlum olub.

Rusiya mənbələrinə istinadən xəbər veririk ki, bu, erməni milyarder Samvel Karapetyanın “Taşir” qrupudur. Şirkət qəzetin keçmiş redaksiya binasını restavrasiya edərək yerində çoxfunksiyalı kompleks, o cümlədən otel açacaq və bu işə 150 milyon dollar yatıracaq. Bildirilir ki, “Taşir” artıq rekonstruksiya işlərinə başlayıb. Bu zaman binanın fasadı toxunulmaz qalacaq.

Binanın alınmasına dair sövdələşmə hələ iki il əvvəl əldə edilib. Moskvanın Tverskoy küçəsi 181 ünvanında yerləşən bina “İzvestiya” ASC-nin balansında olub, həmin ASC-nin səhmləri isə “Milli Media Qrupu”na məxsus idi. Aprelin əvvəllərində xəbər yayılıb ki, “İzvestiya” ASC-nin səhmlərinin 74.4 faizini Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Midrev Holdings Inc” şirkəti alıb. Sövdələşmə 35-45 milyon dollar arası qiymətləndirilirdi. Lakin o vaxt şirkətin benefisiarlarının adlarını müəyyən etmək mümkün olmamışdı. KİV-lər isə səhmlərin hələ 2015-ci ilin fevralında satıldığını, lakin tərəflərin yekun razılaşma imzalamasının iki il ləngidiyini yazıblar.

“Kommersant” və RBK isə “İsvestiya” ASC-nin səhmlərini alan şirkətin ya Samvel Karapetyanın “Taşir” qrupu, ya erməni biznesmenin biznes partnyorları olduqlarını yazıb. Səhmlərin satışının iki il ləngiməsi isə “İzvestiya” ASC-nin daxilindəki korporativ münaqişə ilə bağlı olub. Həmin şirkətin minoritar səhm paketinin sahibi isə “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov və şirkətin vitse-prezidenti Leonid Feduna bağlı hesab olunan şirkətdir.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində “Lukoil” “İzvestiya”nın səhmlərinin 40 (bəzi məlumatlara görə 48 ) faizini almışdı. Bundan qısa müddət sonra qəzetin redaksiyası ilə Vahid Ələkbərov arasında münaqişə yaranıb. Bunun səbəbi “İzvestiya”nın o vaxtkı baş nazir Viktor Çernomırdinin 5 milyard dollar pulunun olması barədə ABŞ Konqresininin iclasının stenoqramını dərc etməsi idi. Bu, həmin vaxtlar idi ki, “İzvestiya”nın tirajı on milyon nüsxəni keçirdi və o, Rusiyanın ən nüfuzlu nəşri hesab edilirdi.

İndi isə belə görünür ki, Vahid Ələkbərov qəzetin keçmiş redaksiya binasının mülkiyyətçilərindən biri kimi istər-istəməz erməni milyarderlə ortaq olur.
Geri qayıt