Rusiya Ermənilər Birliyinin sədri DİN-ə çağrıldı və sonra...

Rusiya Ermənilər Birliyinin sədri DİN-ə çağrıldı və sonra... "Hüquq-mühafizə orqanlarına müraciət ünvanladıq ki, onun ifadələrinə və hərəkətlərinə diqqət yetirsinlər”

Rusiya Ermənilər Birliyinin (SAR) rəhbəri Ara Abramyanın 20 min Rusiya ermənisinin Dağlıq Qarabağa könüllü olaraq getməyə hazırlaşması barədə təxribat xarakterli bəyanatı müvafiq orqanların reaksiyası ilə üzləşdi. Beləliklə, Rusiya Federasiyası Daxili İşlər nazirinin müavini Abramyanla görüşdü. Ermənistan və Rusiya KİV-ləri bu görüş barədə ətraflı məlumat verməsə də, onun nəyə həsr olunduğunu təxmin etmək asandır. Bundan sonra Abramyanın bəyanatının mətni SAR-ın rəsmi saytında redaktə edildi.

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) bu reaksiyasının Rusiyadakı Azərbaycan diasporunun etirazından sonra baş verməsi sevindiricidir. Rusiya Azərbaycanlıları Birliyinin vitse-prezidenti Elnur Hüseynov RBK-ya verdiyi müsahibəsində Ara Abramyanın açıqlamalarında informasiya müharibəsinin əlamətləri olduğunu və onun elan etdiyi könüllülərin toplanmasının birbaşa döyüş əməliyyatlarına müdaxilə kimi qiymətləndirilə biləcəyini söylədi.

Hüseynov qeyd etdi ki, Abramyanın rəhbərlik etdiyi erməni diaspor təşkilatının bu cür təxribatlara yol verməsindən, Rusiya vətəndaşlarını da buna cəlb etməsindən narahatdır: “Hüquq-mühafizə orqanlarına müraciət ünvanladıq ki, onun ifadələrinə və hərəkətlərinə diqqət yetirsinlər”.

Moskvadakı Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyev də bu təxribata reaksiya göstərdi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikova müraciət edərək, Abramyanın etnik nifrət, ekstremizm və silahlı dəstələrin yaradılmasına çağırış mövzusundakı açıqlamasının araşdırılmasını xahiş etdi.

Nəhayət, bu təxribata Bakıdan da reaksiya gəldi. Azərbaycanın Baş Prokuroru Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov və İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə rəsmi müraciət edərək, hərəkətləri Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş şəxslərə, habelə açıq şəkildə bütün özündə cinayət əlamətlərini cəmləşdirən hərəkətlərə çağıran şəxslərə münasibətdə zəruri təsirli tədbirlərinin görülməsi barədə xahişini çatdırdı.

Abramyanın təxribat xarakterli açıqlamasına Rusiyada iri diaspor təşkilatlarımızdan, yalnız Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətindən (FNKA “AzerRos”) lazımi qiymət verilmədiyini qeyd etmək lazımdır. Bu təşkilatın rəsmi saytında Rusiya Erməniləri Birliyinin rəhbərinin bəyanatına hər hansı bir reaksiya verildiyi barədə məlumat yoxdur. Lakin “AzerRos” prezidenti Mehriban Sadıxovaya, 50 yaşı münasibətilə azərbaycanlılardan gələn təbriklər yerləşdirilir…
Geri qayıt