Keçmiş haker “WhatsApp”ı ifşa etdi - Sirrlərimizi hakimiyyətlərə satır...

Keçmiş haker “WhatsApp”ı ifşa etdi - Sirrlərimizi hakimiyyətlərə satır... "WhatsApp” messencerində hər bir istifadəçi haqqında məlumatlar xüsusi xidmət orqanlarına ötürülür...
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə özünün Tvitter hesabında “Anonymous” haker qrupunun keçmiş liderlərindən, “Topiary” ləqəbi ilə daha çox tanınan Ceyk Devis məlumat yayıb.

Onun sözlərinə görə, “WhatsApp”a daxil olmazdan öncə guya şəxsi məlumatları qorumaq məqsədilə istifadəçidən telefondakı bütün məlumatlara çıxış izni istənilir. Bununla telefon sahibi cihazındakı bütün kontaktları və hətta platformada üzv olduğu qrupların telefon nömrələrini də özü də istəmədən xəbər vermiş olur.

Ceyk Devis bütün bu informasiyaların hamısının dövlətlərin xüsusi xidmət orqanlarına ötürüldüyünü bildiyini söyləyib. “Onlar kimin kiminlə söhbət etdiyini, kimlərin hansı qruplarda olduğunu rahatlıqla izləyə bilirlər”,-deyə o vurğulayıb.

Hazırda leqal şirkətlərdə kibertəhlükəsizlik sahəsində məsləhətçilik edən keçmiş haker bundan ən çox avtoritar hakimiyyətlərin öz opponentlərinin hərəkətlərini izləmək üçün yararlandığını deyib.

Bundan başqa, o, istifadəçinin şübhəli ad və məzmuna malik qruplara daxil edilməsi riski barədə danışıb. “Bununla siz ömür boyu həmin platformaya bağlı qalıb, onun daxlində iştirakçıya çevrilirsiniz. Əksər adamlar qrup çatlarına avtoəlavəni söndürmədikləri üçün bu tez-tez baş verir,”-deyə o, qeyd edib.

Xatırladaq ki, bundan öncə “Google” axtarış operatorunun köməyi ilə “WhatsApp” messencerinin istifadəçilərinin privat (özəl) çatlara girmək imkanı verən linklər aşkar olunduğu barədə xəbər çıxmışdı. Belə bir üsul Almaniyanın “Deutsche Welle” saytının jurnalisti Cordan Uilson tərəfindən aşkar edilərək ortaya çıxarılıb. Jurnalist bununla bağlı öz tvitter hesabında xüsusi məlumat da verib.

Məlum olub ki, sadə bir axtarış istifadəçiyə adminin icazəsi olmadan qapalı bir qrupa daxil olmaq imkanını bəxş edir. Cordan Uilson bunun üçün chat.whatsapp.com lnkini yazmağın kifayət olduğunu bildirib.

Mobil əlavələr üzrə tanınmış ekspertlərdən sayılan Ceyn Mançun Vonq “Google”un hətta adi bir sorğu ilə qapalı qruplara daxil olmaq üçün 470 min nəticə verdiyini yazıb.
Geri qayıt