Prezident gombul polislərdən arıqlamağı tələb etdi

Prezident gombul polislərdən arıqlamağı tələb etdi Özbəkistan prezidenti Şövkət Mirzəyev tələb edib ki, DİN əməkdaşları və hərbçilər artıq çəkilərini azaltsınlar. Virtualaz.org “kun.uz” portalına istinadən xəbər verir ki, bunu dövlət başçısı Namanqan vilayətinə işgüzar səfəri vaxtı deyib.

“Bizə artıq çəkisi olan hərbçilər və daxili işlər orqanları əməkdaşları lazım deyil. Onlar cinayətkarları necə tutacaqlar? İdmanla məşğul olsunlar. Bu, mənim üçün deyil, özlərinə xeyir olacaq. Biz onlara vaxt veririk: üç və ya altı ay, qoy bu müddət ərzində özlərini qaydaya salsınlar və artıq çəkini atsınlar”, – mənbə prezidentdən sitat gətirir.
Daha öncə səhiyyə məsələləri üzrə selektor müşavirəsində çıxış edən prezident Mirzəyev bildirib ki, ölkə əhalisinin təxminən yarısı artıq çəkidən əziyyət çəkir, əhalinin 46%-də xolesterinin izafi miqdarı, 31%-də isə yüksək arterial təzyiq müşahidə olunur. Bunun səbəbi kimi azhərəkətli həyat tərzi və düzgün olmayan qidalanma göstərilib.

Məlumata görə prezidentin həmin çıxışından sonra dövlət orqanlarında işçilərin qarşısında artıq çəkini atmaq barədə vəzifə qoyulub, bəzi dövlət orqanlarında isə çəki normasına dair daxili təlimat yayıblar.
Geri qayıt