CNN: Maykl Flinn istefa verib –Ağ Ev məlumatı təsdiqlədi

CNN: Maykl Flinn istefa verib –Ağ Ev məlumatı təsdiqlədi "CNN" Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnin istefa verdiyini açıqlayıb

M.Flinin istefası ABŞ Ədliyyə Nazirliyinin xəbərdarlığından sonra baş verib. Nazirlikdən D.Tramp administrasiyasına bildirilib ki, Ağ Ev müşaviri administrasiyanın vəzifəli şəxslərini öz əlaqələri ilə bağlı yanlış məlumat verib və Rusiya səfiri ilə telefon danışığı Kreml tərəfindən şantaj üçün əsas ola bilər.

"Mən ehtiyatsızlıq edib Rusiya səfiri ilə telefonla danışığım barədə vitse-prezidentə natamam məlumat vermişdim. Bununla bağlı səmimi şəkildə prezident və virse-prezidentdən üzr istədim. Onlar da üzrxahlığımı qəbul etdilər", – deyə M.Flinn bildirib.

Ağ Ev M.Flinnin istefa xəbərini təsdiqləyib.

Mətbuat xidmətindən bildirilib ki, prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti olaraq general-leytenant Kit Kelloqq icra edəcək.

"CNN"in məlumatına görə, M.Flinnin xələfi CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) sabiq direktoru Deyvid Petreus və ya sabiq vitse-admiral Bob Harvard ola bilər.

Yaxın saatlarda, yenə də "CNN"in iddiasına görə, D.Petreusun Ağ Evdə D.Trampla görüşcəyi bildirilir.

"Washington Post"un iddiasına görə, yanvarın 20-də keçirilmiş inauqurasiyadan çox-çox əvvəl, dekabr ayında M.Flinn və Rusiya səfiri Sergey Kislyak arasında baş tutan telefon söhbətdə sanksiyaların ləğv edilməsi məsələsi müzakirə olunub.

Nəşrin iddiasına görə, bu söhbət Ağ Evdə heç də xoş qarşılanmayıb.

Kreml "The Washington Post"un məlumatını təkzib edib. RF prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, onun bildiyi qədər, M.Flinlə S.Kislyak arasında telefon söhbətləri olub. "Amma yaxşı olar ki, bununla bağlı XİN münasibət bildirsin", – deyə D.Peskov şərhdən yayınıb.
Geri qayıt