Yeni hind filmi “Tualet” – 1 milyard əhalisi olan ölkədə ayaqyolunun yoxluğu ailələri dağıdır - ARAŞDIRMA

Yeni hind filmi “Tualet” – 1 milyard əhalisi olan ölkədə ayaqyolunun yoxluğu ailələri dağıdır - ARAŞDIRMA Cefri Cetlmen
“New York Times“
Bu yay Hindistanın ən məşhur filmi tualet haqqındadır. Çünki o, boşanmaya səbəb olur; atanın yetkin oğlunu döyməsinə bəhanə verir; kənddə nifaq salır…
"Tualet – bir eşq hekayəti" filmi – Hindistanın ən ciddi səhiyyə problemlərindən birindən bəhs edir. Bizim zəmanədə Hindistanda ən böyük problemdir: 1,3 milyard insanı üçün onun sayı kifayət deyil və hökumət milli tarixdə ən böyük tualet qurma kampaniyasına başlayıb.
Hindistanın baş naziri Narendra Modi 100 milyon yeni tualet tikməyə söz verib. Ölkənin hər yerində yeni ayaqyolular inşa olunur, bəzən də inşaat belə sürətlə aparılır ki, onlar kanalizasiya xətti ilə əlaqələndirilmir, buna görə də iylənmiş məkanlardan istifadə olunacağına güman yoxdur.
Həqiqi bir əhvalatdan ilhamlanan "Tualet" filmi mərkəzi Hindistandan olan kasıb bir qadının – Anita Narrenin hekayətinə əsaslanır. O yalnız toydan sonra yeni evində tualetin olmadığını aşkarlayıb. Əri tualet tikənə qədər qadın o evə ayaq basmaqdan imtina edib. Yalnız ayaqyolu tikildikdən sonra qadın ər evinə geri dönüb. "Sevgimiz bundan sonra daha da böyüdü", – Anita deyir.
Hindistanda 3000-dən çox geniş ekrana çıxarılmış və beynəlxalq miqyasda məşhurlaşmış "Tualet" filmi bir ay ərzində baxım rekorduna imza atıb.
Əhalinin təxminən yarısı ayaqyolu yoxluğundan xəstəliklərə yoluxur. UNICEF-in məlumatına görə, 564 milyon hindli, əhalinin təxminən yarısı ehtiyacını hələ də açıq sahələr, meşələr, gölməçələr, yollar və ya çimərliklərdə “ödəyir”. Bu, xəstəliklərlə yanaşı, ictimai və şəxsi problemlərə səbəb olur.
Kənd qadınları bəzən açıq havada rahatlaşdıqları zaman cinsi təcavüzə məruz qalırlar və beləliklə, onlar faciədən qurtulmaq üçün tez-tez şəfəqdən əvvəl kiçik qruplarla “səyahətə çıxırlar”.
Qadın hüquqları müdafiəçisi Caqmati Sanqvan deyir: "Bu, gerçək bir problemdir. Bəzi qadınlar, xüsusilə torpaqsız qadınlar, çöldə fiziki ehtiyaclarını ödəyərkən zorakılığa məruz qalırlar".
Gün ərzində yad adamlarla qarşılaşmamaq üçün bəzi qadınlar qaranlığın düşməsini gözləyir. Hamilə qadınlar üçün bu, sağlamlıq problemləri yarada bilər.
Hökumət səlahiyyətliləri bu günə qədər 50 milyon tualet inşa etmək – ictimai ayaqyolu və insanların evlərinə tualet qurmağa təşviq üçün 4 milyard dollar xərclədiklərini söyləyir. Modi hökuməti ən yaxşı performans göstərən kəndlərdə "ODF" (Open Defecation Free) statusu verir. Kampaniya ilə bağlı xüsusi veb-sayt da yaradılıb.
“Microsoft”un milyarder həmtəsisçisi Bill Geyts öz bloqunda yazır: "Bir ümummilli liderin belə bir həssas mövzuya açıq və səmərəli şəkildə müraciət etməsinə başqa nümunə tanımıram. Mən Modiyə dəstək verirəm”.
Amma cənab Modinin imicini korlayan budur ki, baş nazirin direktivlərinə uyğun olaraq hərəkət edən bəzi məmurlar tələskən iş görür, onların qurduğu tualetlər kanalizasiya və ya septik sistemlərlə əlaqəli olmur.
Dehlidəki bir neçə iş adamının sözlərinə görə, hökumət orqanları elə tələsirlər ki, işə nəzarət yoxdur və bir çox hallarda sanitariya haqqında heç bir şey bilməyən müəssisələrə müqavilələr bağlanılır. Beləliklə, saysız-hesabsız vəsait kölgəli tualet əməliyyatlarında itib-batır.
Sanitariya mütəxəssisləri deyirlər ki, Hindistanın təxminən 8 min şəhərin cəmi 5 faizində kanalizasiya təmizləyici qurğularından axan tullantıların hara getdiyi məlumdur.
Sanitariya İşçi Hərəkatının əməkdaşı Bezvada Vilson deyir: "Tualet uğrunda kor mübarizə gedir. Onun yararlı-yarasız olması heç kimi düşündürmür. Bu iş biznesə çevrilib və tualet korporasiyası doğurub".
Bollivudda disleksiya və ya qızların hüquqlarına həsr olunmuş ictimai kampaniyalara uyğun filmlər yaratmaq ənənəsi çoxdan var. Ştat hökumətləri bəzən kinorejissorları bu işə təşviq edirlər. "Tualet" filmi də vergi imtiyazı verərək, 20 milyon dollar qazanmağa kömək edib, Bollivud standartlarına görə gözəl kinolent alınıb.
Kino şəhərciyin ən məşhur aktyorlarından biri olan Akşay Kumar hökumətin "Təmiz Hindistan” kampaniyasına dəstək olmaq üçün "Tualet"də çəkilib. Çünki o, çox sayda qadının üzləşdiyi problemləri başa düşür.
Elə bu ay da, məsələn, həyatı təqlid edən sənət nümunələrindən birinə oxşar hadisə baş verib. Racastan əyalətində bir qadın boşanma tələb edib. Məhkəmə qərarında hakim yazıb: "Məgər ana və bacılarımızın ləyaqəti naminə tualet düzəltməyəcəyikmi?"
…Sonda qadına boşanma verilib.
Tərcümə: Strateq.az
Geri qayıt