Rusiya regional İstintaq Komitəsi və DİN-i Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb

APA-nın Rusiya bürosu xəbər verir ki, məlumatda Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti regional idarəsinin Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları ilə birgə Rusiya Qvardiyasının Xüsusi Çevik Hücum Dəstəsinin (SOBR) döyüşçülərinin dəstəyi ilə iyulun 27-də ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirdikləri bildirilib.
Qeyd olunub ki, ötən illər ərzində Yekaterinburqda baş vermiş bir sıra cinayətlər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb və həmin şəxslərin yaşayış yerlərində də axtarışlar aparılıb, onların istintaq altında olan cinayətlərdə və digər cinayətlərdə iştirakları yoxlanılır.
İstintaq maraqları naminə indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı bildirilib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Daha 9 nəfər isə saxlanılıb.
Məlumata görə, 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb.