Trampın ziddiyətli komandası: Ağ Evdə səssiz qarşıdurma
- 18-04-2026, 18:11
- 1 315
Modern.az saytı Trampın komandasını, onların fərqli cəhətlərini və bu fərqlərin qərarvermə prosesinə necə təsir etdiyini araşdırıb.
Sistemlə ziddiyyət: Marko Rubio
Kuba əsilli dövlət katibi Marko Rubio Respublikaçılar Partiyasının ənənəvi qanadını təmsil etsə də, onun baxışları Trampın impulsiv qərarları ilə tez-tez üst-üstə düşmür. ABŞ-nin qlobal liderliyinin qorunmasını müdafiə edən Rubio, xüsusilə Çin və İran kimi məsələlərdə sərt və ardıcıl siyasətin tərəfdarıdır. Lakin Trampın tez-tez dəyişən mövqeləri bu xəttin sabit şəkildə həyata keçirilməsini çətinləşdirir. Nəticədə Rubio kimi siyasətçilərin mövcudluğu koordinasiyadan daha çox daxili ziddiyyət görüntüsü yaradır.
Populizmin ideoloji sərtləşməsi: Cey Di Vens
Vitse-prezident Cey Di Vens "Trampizm"i daha radikal və ideoloji çərçivəyə salmağa çalışan fiqur kimi çıxış edir. Onun qlobalizmə qarşı sərt ritorikası və xarici müdaxilələrə skeptik yanaşması ABŞ-nin ənənəvi xarici siyasət doktrinasından uzaqlaşmanı sürətləndirir. Bu isə ölkənin beynəlxalq rolunun daralması və strateji qeyri-müəyyənliyin artması ilə nəticələnə bilər.
Qeyri-rəsmi qərarvermə: Stiv Uitkoff
Donald Trampın danışılqlar üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun təsiri isə siyasi sistem baxımından daha problemli görünür. Rəsmi dövlət vəzifəsi daşımayan biznesmenin qərarvermə prosesində rol oynaması institusional idarəçiliyi zəiflədir. Onun “sövdələşmə” yanaşması dövlət siyasətinin uzunmüddətli strategiyadan daha çox qısamüddətli faydalara əsaslanmasına gətirib çıxara bilər.
Ritorikanın sərtləşdirilməsi: Pit Heqset
Hərbi nazir Pit Heqset kimi media sahəsindən gəlmiş fiqurların təsiri isə Trampın siyasi diskursunu daha da kəskinləşdirir. Vətənpərvərlik və mədəni qarşıdurma üzərində qurulan mesajlar cəmiyyətdə qütbləşməni artırır. Bu yanaşma qısa müddətdə siyasi dəstək qazandırsa da, uzunmüddətli perspektivdə sosial parçalanmanı dərinləşdirə bilər.
Kölgə təsir mərkəzi: Cared Kuşner
Prezidentin kürəkəni Cared Kuşner isə Tramp komandasının ən qeyri-adi və eyni zamanda ən təsirli fiqurlarından biri hesab olunur. Rəsmi seçkili siyasətçi olmasa da, onun qərarvermə prosesində rolu uzun müddət diqqət mərkəzində olub. Kuşner daha çox praqmatik və “razılaşma yönümlü” yanaşmanı təmsil edir. Xüsusilə xarici siyasətdə qeyri-ənənəvi kanalların açılması və şəxsi diplomatiya elementlərinin güclənməsi onun təsiri ilə əlaqələndirilir. Bu isə institusional mexanizmlərin arxa plana keçməsi ilə nəticələnə bilər.
Ziddiyyətlərin yaratdığı risklər
Bu fiqurların hər biri fərqli istiqamətləri təmsil etsələr də, onların birlikdə mövcudluğu vahid strategiyanın formalaşmasını çətinləşdirir. Dövlətçilik, populizm, biznes maraqları və media ritorikası arasında balansın olmaması idarəetmədə qeyri-müəyyənlik yaradır.
Nəticə etibarilə, Donald Trampın ətrafındakı komanda güclü və koordinasiyalı strukturdan daha çox fərqli və bəzən bir-birinə zidd təsir mərkəzlərinin toplusunu xatırladır. Bu isə siyasətin daha çox şəxsi instinktlər və situativ qərarlar üzərində qurulduğunu göstərir. Belə model isə uzunmüddətli sabitlik və proqnozlaşdırıla bilən idarəçilik baxımından ciddi suallar doğurur.