“Seçkilərdə qalib gəlsək, Saakaşvili sərbəst buraxılacaq”
- 23-09-2024, 16:23
- 392
Bunu Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava Zuqdidi şəhərində seçicilərlə görüşündə deyib.
“Mixail Saakaşvili ilə birlikdə biz yenidən Gürcüstanın uğur, inkişaf və bərpa tarixini yaradacağıq”, - deyə partiya sədri qeyd edib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
Onu da xatırladaq ki, 56 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.(Sputnik Gürcüstan)