Yeni qanunla fərdi taksiləri nələr gözləyir? - Ekspert danışır...
- 17-10-2023, 15:11
- 661
Heç bir xarici şirkətə bağlı olmayıb, fərdi çalışan sürücülər yeni qanunun tələblərindən narazıdır. Gediş haqqını müəyyən etmək üçün taksilərə rəqəmsal taksoqraf və taksometr cihazları quraşdırılmalıdır. Fərdi işləyən taksilər bu xərcləri özləri qarşılamalıdırlar.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, reys qabağı avtomobil texniki müayinədən, sürücülər isə tibbi müayinədən keçməlidirlər. Məcburi köçkün düşəndən Bakıda ailəsini dolandırmaq üçün məcburiyyətdən taksi sürücüsü işləyən Elbrus Məmmədov yoxlanışların hər gün keçirilməsinin texniki çətinliklərindən danışır. Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri sürücülərə qanunun qüvvəyə minməsilə bağlı xəbərdarlıq mesajı göndəriblər.
Təlimdən keçməyib, icazə vərəqələri almayanların proqramları bağlanacaq. Yerüstü Nəqliyyat Agentliyi bildirir ki, taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsinə, qeyri-formal məşğulluğun qarşısının alınmasına hədəflənib. 2024-cü il yanvarın 1-dən taksi fəaliyyətilə bağlı qanuna gətirilən dəyişikliklərə əməl etməyənləri cərimələr gözləyir. //meydanV//