Nazirlərin sıfırlama əməliyyatı – “Milyonluq layihələrdən əsər-əlamət yoxdur”

Nazirlərin sıfırlama əməliyyatı – “Milyonluq layihələrdən əsər-əlamət yoxdur” “Bəzi nazirliklərdə və digər mərkəzi icra orqanlarında yeni ənənə formalaşmaqdadır. Qurumun rəhbəri dəyişiləndən bir müddət sonra bütün İT həllər, informasiya sistemləri tamamilə və ya qismən yenidən hazırlanır. Və yenidən eyni məqsədlə dövlət büdcəsindən vəsaitlər ayrılır”.

“Yeni Sabah”ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, yeni təyin olunan nazirlər çalışırlar ki, nəsə etsinlər, yeni işlər ortaya qoysunlar, etimadı doğrultsunlar:

“Amma məlum olur ki, təhvil aldığı qurumda milyonlarla vəsait ayrılan İT həllər, İT layihələr, texniki-texnoloji infrastruktur yerində deyil. Bəzən isə məqsədyönlü olaraq belə təşəbbüslər müşahidə olunur. Yeni təyin olunanlar köhnəni “baltalamamaq” üçün hər şeyi sıfırdan başlayırlar. Bu nə dərəcədə doğrudur ? Bəs kim köhnələrdən hesabat tələb etməlidir? Axı milyonlarla dövlət vəsaiti xərclənən, lakin iflas olan İT layihələrin də bir sorğu –sual olmalı deyilmi ? Məsələn, Azərenerji SCADA-nı yenidən quracağını bildirilib.

BNA belə görünür ki, NİİM-i yenidən quracaq. NİİM-lə bağlı vəziyyət ümumiyyətlə bərbaddır. 130 milyon manatlıq layihədən əsər-əlamət yoxdur. Düşünrəm ki, bunun bir auditi olmalıdır, məsuliyyət daşıyanlar açıqlanmalıdır, rəsmi açıqlamalar verilməlidir ki, ortada nə qalıb və gözləntilər nədir”.

O.Gündüz qeyd edib ki, eyni situasiya Təhsil, İqtisadiyyat kimi nazirliklərdə də müşahidə olunur:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bildiyim qədər artır 3 –cü dəfədir ki, İT təsərrüfatda hər şeyi yenidən qurmaq xətti tutublar. Bəs köhnələr hara getdi ? Kimlər buna məsuliyyət daşıyır ? Bu işləri görən bəzi yerli İT şirkətlər də rahatca digər dövlət sifarişlərini udur və beləcə də proseslər təkrar olunur.

Bu, xoşagələn hal deyil, bu tip yanaşmalara son qoyulmalıdır. Normal təhvil-təslim, audit prosesi getməlidir, şəffaflıq təmin olunmalıdır, məsuliyyət müəyyən olunmalıdır. Aidiyyatı qurumalar bunun sorğu-sualını etməlidirlər”.
Geri qayıt