Azərbaycanın ən güclü taekvondoçuları MÜƏYYƏNLƏŞDİ

Azərbaycanın ən güclü taekvondoçuları MÜƏYYƏNLƏŞDİ  Taekvondo üzrə böyüklər arasında və parataekvondoçular arasında Azərbaycan çempionatı keçirilib.

Abşeron Olimpiya İdman Kompleksində taekvondoçular arasında təşkil olunan yarışda 127 idmançı 14 çəki dərəcəsində gücünü yoxlayıb.
Gərgin keçən döyüşlərdən sonra qadınlar 6, kişilər 8 çəki dərəcəsində ölkənin ən güclülərini müəyyənləşdiriblər. Komanda hesabında Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzi birinci olub. İkinci yeri Ağcabədi komandası tutduğu halda, “Xəzər” Taekvondo Klubu ilk “üçlüy”ü qapayıb.

Yarışın yekununa əsasən kişilər arasında ən əzmkar idmançı adına Avropa çempionatının mükafatçısı Eltac Qafarov layiq görülüb. Azərbaycan çempionatının digər qızıl medalçısı Minayə Əkbərova isə bu ada qadın taekvondoçuların mübarizəsində sahib olub.

Beynəlxalq dərəcəli hakimlər arasında ən yaxşı referi adına Aygül Abdullayeva və Ramal Camalov yiyələniblər. Milli dərəcəli ədalət təmsilçilərindən Dilarə Həsənova və Elmir Mahmudov həmkarlarından fərqləniblər.

Qadın məşqçi nominasiyasında Günay Zeynalova, kişi məşqçi seçimində isə Zöhrab İsmayılov ən yaxşı adını qazanıblar.

Parataekvondoçular arasında yarışda isə 5 çəkidə dərəcəsində kişilər, 1 çəkidə qadınlar güclərini yoxlayıb və qalibləri müəyyənləşdiriblər.

Beləliklə, 5 gün davam edən Azərbaycan birincilikləri və çempionatları başa çatıb. İlin son yarışlarında böyüklərdə 127 idmançı qüvvəsini sınayırdısa, yeniyetmələr arasında ölkə birinciliyində 420, gənclərdə 340 taekvondoçu dayanq üzərinə çıxıb.

Fərqlənən taekvondoçular millinin heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Geri qayıt