Putinin azərbaycanlı dostunun maliyyə fırıldağı - Avropa və Dünya çempionlarımıza qarşı

Putinin azərbaycanlı dostunun maliyyə fırıldağı - Avropa və Dünya çempionlarımıza qarşı İdmançılarımz bu dəfə Rusiya prezidenti Putinin azərbaycanlı dostu İlham Rəhimovdan şikayətçidirlər. Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, İlham Rəhimovun rəhbəri olduğu Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyasında fırıldaqçılıqla məşğuldur.
Yığma üzvləri Federasiyanın onlara xeyli borclu olduğunu, dəfələrlə maaş problemi ilə üzləşdiklərini bildiriblər. Həmin idmançılar arasında Dünya və Avropa çempionları, beynəlxalq turnirlərin qalibləri var.
Hətta qurumun borclu olduğu bu idmançılar pullarının qaytarılmayacağı təqdirdə lazımi yerlərə şikayət edəcəklərini bildiriblər.
Federasiya prezidentindən və məşqçilərdən şikayətçi olanlardan biri də Avropa çempionu, Dünya kubokunun qalibi Şəbnəm Siracovadır.
O, danışarkən həmkarlarının haqlı şəkildə narazı olduqlarını deyib:
“Düzdür, Federasiyanın rəhbəri İlham Rəhimovun qəbulunda olmuşuq. İdmançıları çox tez-tez qəbul etməsə də baş məşqçi vasitəsi ilə vədlərini idmançılara çatdırıb.
Avropada, Beynəlxalq yarışlarda uğur qazananda bizi qiymətləndirəcəyini demişdi. Amma heç bir vədinə əməl etmədi.
Mən “Açıq Dünya kuboku”nda qalib olmuşdum. Onda da federasiya rəhbərliyi tərəfindən bu uğurum qiymətləndirilmədi. Ardınca Avropa birincisi oldum. Bu yarışın finalında ayaq barmağım sınsa da, döyüşü qalibiyyətlə başa vurdum. Həmin vaxt Federasiyadan bunu qiymətləndirəcəklər deyə, çox gözlədim. Amma yenə də laqeydliklə üzləşdim.
Doğrudur, bizdə ciddi maaş problemi olub, Federasiyanın idmançılara borcu var. İdmançıları yarışlara aparmaq üçün dəfələrlə onlardan müəyyən məbləğlər alınıb, amma heç bir yarışa göndərilməyiblər. Normal halda yarışa aparılmayanda pulu qaytarmalıdırlar. Amma onlar qaytarmadılar. Düzdür, Federasiyanın mənə də borcu var. Lakin bu məbləğ elə də böyük deyil. Komandanın baş məşqçisinə dəfələrələ məbləği geri qaytarmasını demişəm. Amma nə fayda, onsuz da hər şey göz önündəydi. Borcun miqdarı çox olmadığı üçün heç kəsə şikayət etmədim”.
Yeniçağ
Geri qayıt