Abşeron idmançılarından növbəti qələbələr
- 27-10-2022, 18:04
- 782
*
Abşeron idmançılarından dünya çempionatında daha 4 medal əldə edilib. İtaliyanın Jesolo şəhərində kikboksinq idman növünün WAKO versiyası üzrə keçirilən dünya çempionatında gənclər arasında 54 kq çəki dərəcəsində “low kick” növündə mübarizə aparan Abşeron idmançısı Elvin Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Eyni idman növü üzrə rayonumuzun daha bir idmançısı Gülməmməd Səfərli yeniyetmələr arasında 81 kq çəki dərəcəsində bürünc medal əldə edib.
*
İspaniyanın Pontevedra şəhərində güləş üzrə keçirilən U-23 dünya çempionatında Abşeron Güləş Məktəbinin yetirmələri Kənan Heybətov (70 kq) və İslam İlyasov (97 kq) dünya üçüncüsü olublar.
Uşuçularımız da Balkan çempionatında uğurla çıxış ediblər. Türkiyənin Afyon şəhərində uşu-kunq fu üzrə keçirilən Balkan çempionatında baş məşqçisi Elçin Eminovun rəhbərliyi altında iştirak edən yığma komandamızın üzvlərindən Hüseyn Məmmədov (42 kq), Sabir Məmmədov (33 kq), Tunar Rüstəmzadə (39 kq) və Xəyal İbrahimov (36 kq) birinci yerə çıxıblar. Gənclərin yarışında isə Raul Qasımzadə (56 kq) gümüş, Bahadur Əhmədov (65 kq) bürünc medal qazanıblar. Böyüklər arasında dördqat Avropa çempionu, İslam Oyunlarının bürünc və gümüş mükafatçısı,yığma komandanın baş məşqçisi Elçin Eminov (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Qeyd edək ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar əldə edilib. Azərbaycanda idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nəticələri ildən ilə daha da artır və bayrağımız ən yüksək zirvələrdə dalğalanır.