Tuyqun Nadirov yenə ölkə futbolunun rəhbərlərinə çamur yağdırdı
- 9-05-2017, 09:49
- 59 822
Nadirovun söylədiyi fikirlərlə tanış olduqca bilmirsən güləsən, yoxsa ağlayasan. Mais Mənsimovla əlbir olub ölkənin ən böyük büdcəyə sahib olan klubunun milyonlarını sağa-sola xərcləyən, futbolçu ilə bağlanan hər müqavilədən pay uman, legionerlərə “atan” birinin indi durub “klubun yenidən fəaliyyət göstərməsi üçün futbolumuzda bəzi yeniliklər, dəyişikliklər olmalıdı. İndiki reallıqları bilirik. Bu şəraitdə klub saxlamağın heç bir mənası yoxdu. Bəzi insanlar müxtəlif vasitələrlə iş adamlarını futboldan incik salır, klubları dağıdır” söyləməsi “utanmasan oynamağa nə var ki...” misalını xatıladır. Görəsən, vitse-prezident nəyə görə öz günahlarını başqasının üstünə atmağa çalışır? Bəlkə Mais Mənsimov – Tuyqun Nadirov cütlüyündən çox Mübariz bəyi futboldan iyrəndirən olub? Bəlkə “Xəzər Lənkəran”la anlaşan legionerlərlə onların adından başqaları müqavilə bağlayıb və sənəddə bir məbləğ göstərib, reallıqda başqa ödəniş edib? Bəlkə İstanbuldan gələn yoxlama “Xəzər Lənkəran”da yox, başqa klubda yeyintinin olduğunu üzə çıxarıb və “Palmali”nin rəhbərinə məruzə edib.
Nadirov göstəriş gəlsə, 20 dəqiqəyə komandanı hazır edə biləcəklərini söyləməklə növbəti dəfə cənublu azarkeşləri aldatmağa çalışır. 12 ilə normal komanda formalaşdıra bilməyən, klubdan ali futbol qurumlarına şikayət dolu məktubların yollanmasına şərait yaradan Tuyqun bəy, görəsən, dediklərinə özü inanırmı?
Guya “Rəvan”la matçda məlum hakim səhvi olmasaydı, Mənsimov – Nadirov tandeminin idarə etdiyi klub bu il çempionluğa oynayacaqdı, ölkəmizi Çempionlar Liqasının qrupunda təmsil edəcəkdi. Son ilyarımda gənclərin ümidinə qalan, onlara veriləcək qəpik-quruşu belə ödəyə bilməyən klub bir yanlış penalti səhvinə görə dağılırsa, onda gərək bu mövsüm ÇL-in qley-off mərhələsində çıxış edən komandaların əksəriyyəti üçün 2017-ci il sonuncu olmalıydı. Yaxşı olardı ki, Tuyqun bəy həmkarımızla söhbətdə hər şeyi olduğu kimi etiraf edə, Ramil Diniyevin səhvindən bəhanə kimi istəfadə etdiklərini vurğulayaydı. Deyərdi ki, bizim məqsədimiz mənimsədiyimiz vəsaiti ört-basdır etmək, bunun üçün əlverişli məqam gözləmək idi ki, ötən mövsümün son turunda da bu şans əlimizə düşdü.
İnsan ki bir şeyə öyrəşdi, onu dayandırmaq, pis vərdişdən uzaqlaşdırmaq müşkül məsələdi. Necə ki Nadirov yalan söyləmək üzrə ixtisaslaşıb. “Klubumuzun bir nəfərə borcu yoxdu” söyləyən vitse-prezident nədənsə “Futbol+”ə 9 min manat borclu olduğunu unudub. Bəs bunu kimin ayağına, hansı klubun adına yazaq? Bu yerdə Tuyqun Nadirova “Futbol+”də bir yox, onlarla insanın işlədiyini, ailələrini də bu qəzetdən aldıqları maaş və qonorarla saxladığını xatırlatmaq istəyirik. Odu ki, sizin borclu olduğunuz adamların sayı yetərincə çoxdu. Tuyqun bəy, yalan danışanda da elə danışın ki, ömrü heç olmasa, 40 gün çəksin. Ancaq ən yaxşı yol danışmamağınızdı. Çünki danışdıqca quyunun dibinə düşürsüz, uğursuz vitse-prezident, uğursuz adam...
hurriyyet.org