SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dörd büdcə "dağıdıcı" qurumda maxinasiya

Dörd büdcə "dağıdıcı" qurumda maxinasiya

Tarix:

24-01-2017, 09:10

/ 1 707 dəfə oxundu.
Dörd büdcə "dağıdıcı" qurumda maxinasiya

Hesablama Palatası bir neçə komitə və qurumun fəaliyyəti barədə hesabat xarakterli məlumat yayacaq. 2016-cı ilin sonunda audit yoxlamaların nəticələri ictimaiyyətə açıqlanacaq.

Əldə etdiyimiz məlumata görə, Hesablama Palatası bir neçə dövlət qurumunun fəaliyyətində qüsurlar aşkarlayıb.

2016-cı ildə büdcə vəsaitlərini şəffaf xərcləməyən, işləri yarımçıq həyata keçirən, layihələrin smeta dəyərini şişirdən və mənimsəmələrə yol verən komitələrlə bağlı ölçü götürüləcək. Çünki postneft dövrü başlanıb və iqtisadi böhran qənaət etməyi şərtləndirib.

Hesablama Palatası tərəfindən aparılan yoxlamalarda Standartlaşdırma, Meterologiya və Patent Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azəravtoyol” ASC-də yeyintilər aşkarlanıb.

Bu maxinasiyalar yalnız rəhbər şəxsləri varlandırıb və dövlətin büdcəsini talan edib. Əslində, islahatlar paketində bu strukturların ləğvi və başqa nazirliklərə birləşdirilməsi təklifi keçir. Onlar illərdir ki, dövlətin vəsaitlərini sağa-sola xərcləməklə səmərəsiz işlər həyata keçiriblər. Ölkə rəhbərliyinin gözləntisi və etimadı doğrulmayıb.

Yerlərdən də kifayət qədər narazılıqlar var və bu qurumlar öz profili üzrə insanları incitmək, haqqını yemək hüquqlarını pozmaqla mətbuatda məşhurlaşıblar.

Əldə etdiyimiz məlumata görə, Hesablama Palatası bu 4 qurumun fəaliyyətindəki nöqsanları yuxarı dairələrə məruzə edəcək.

Ümumiyyətlə, Hesablama Palatası məmurlara qarşı “səlib yürüşü”nə başlayıb. Qurum fəaliyyətdə olduğu dövrdən fəallaşıb.

Palata ayrı-ayrı dövlət qurumlarının, nazirliklərin, vəzifəli şəxslərin qüsurlarını açıqlayıb. Heç zaman olmadığı kimi dövlət məmurlarının korrupsiya faktları ifşa edilib.

Onların rəhbərlik etdiyi qurumlarda vəsaitlərin qeyri-şəffaf xərclənməsi, statistik rəqəmlərin açıqlanması artıq mətbuatın araşdırma aparması zərurət qoymayıb. Bu günə kimi belə ifşaedici hesabatlara rast gəlinməyib.

Dövlət qurumlarının rəhbərləri də onların fəaliyyətindəki nöqsanları açıb-ağardan Hesablama Palatası qarşısında susur, həmin faktlara dair heç bir reaksiya vermir, mətbuat səhifələrində münasibət bildirmirlər.

Hesablama Palatasının arxayış şəkildə fəaliyyət göstərməsi, nəticələr barəsində mətbuata press-reliz yollaması bu əməliyyatlarda hansısa incə planın işlədiyinə eyham vurur.

Bu mexanizm mərhələli şəkildə korrupsioner məmurların sıradan çıxarılmasını reallaşdıra bilər. Hakimiyyət artıq qocalmış və çürümüş bir idarəetmə sistemindən qurtuluş yollarını axtarır. Dünyada gedən iqtisadi proseslər, qlobal siyasətin tələbləri və daxildəki narazılıq həmin məmurlardan qurtuluşa ehtiyac yaradıb.

Hakimiyyət onlarla bir yolluq qurtula da bilmir. Çünki təzyiq və təxribat etmək imkanları mümkün görünür. Bu baxımdan Hesablama Palatasının əli ilə ifşa edilən məmurlar tək-tək uzaqlaşdırılacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ