SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » GƏNCƏDƏ: 83 yaşlı qadının küçədə ölüm-dirim savaşı: Bir qab su, quru çörək və ağac altı - FOTOLAR

GƏNCƏDƏ: 83 yaşlı qadının küçədə ölüm-dirim savaşı: Bir qab su, quru çörək və ağac altı - FOTOLAR

Tarix:

19-01-2017, 00:19

/ 2 406 dəfə oxundu.
GƏNCƏDƏ: 83 yaşlı qadının küçədə ölüm-dirim savaşı: Bir qab su, quru çörək və ağac altı - FOTOLAR

“Hər gün bu çarəsizi görürəm. Ürəyim az qalır yerindən qopsun. Deyir ki, donuram...Bəlkə də kiminsə anası, bacısıdır, bilmirəm, amma onun yaşamaq uğrunda mübarizəsini görəndə “hər kəsin sonu belə olar” deyə düşünürəm. Heç olmasa, ömrünün son günlərini rahat yaşaya bilsin”.

Bu sözləri Gəncə şəhər sakini Tünzalə İmanova iki ildir ki, küçələlərdə səfil həyat keçirən kimsəsiz qadın barədə danışarkən deyib.

Onun sözlərinə görə, qışın soyuğunda yaşlı qadının ac-susuz küçədə yaşaması acınacaqlı mənzərədir. Rəsmi qurumlar məsələ ilə bağlı heç bir tədbir görmürlər. T.İmanova problem ictimailəşəndən sonra həmin qurumların hərəkətə keçəcəyinə ümid edir: “Adı Manyadır, 83 yaşı var. Gəncə şəhəri, Cavadxan küçəsi- dalan 1 ünvanında küçədə yaşayır. İki ildir ki, biz bu qadını görürük.

Dəfələrlə danışdırmışıq, özü barədə heç bir məlumat vermir. Yalnız adını və yaşını bilir. Heç bir sənədi yoxdur. Qonşularla dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişik ki, qadın qocalar evinə yerləşdirilsin. Amma nə maraqlanan var, nə də tədbir görən... Sadəcə onu bildirirlər ki, sənədləri olmadığı üçün köməklik edə bilmirlər. Hər gün onu görəndə ürəyim parçalanır. Elə ağlayır ki... Deyir donuram... Əlimdən gələni edirəm, vaxtı-vaxtında yeməyini aparıram.

İsinmək üçün adyal, geyim vermişəm. Gecəni küçədə keçirir. Ordan-burdan kağız-kuğuz tapıb qalayır və ağacın dibində gecələyir. Belə davam edə bilməz axı...Bir çarə qılan, İcra Hakimiyyətindən gəlib aparan yoxdur. Yəqin ki, əvvəllər də hardasa belə səfil həyat keçirib, dilənib, gəlib bura düşüb. Bura Gəncənin ən mərkəz yeridir. İcra hakimiyyəti məgər bu qadının küçədə qalmağını görmür? Üstəlik yerli polis əməkdaşları o qadına kömək etmək əvəzinə, yaşadığı küçədən qovur. Bir neçə dəfə görmüşük ki, polis əməkdaşları qoca qadını yerindən qovub.

O da qaçıb internet kluba girib və polislər gedənə qədər orada gizlənib. Dəhşətlisi isə odur ki, uşaqlar da çarəsizə imkan vermir. Gah onu məsxərəyə qoyurlar, gah da arxasınca daş atırlar... Bir sözlə, ürəkdağlayan mənzərədir”.

Tünzalə İmanova deyir ki, küçədə yaşayan qadın ilk növbədə tibbi müayinədən keçirilməlidir: “Qadın kirin içindədir. Bir adam illərdir ki, yuyunmur, necə olar? İlk növbədə xəstəxanaya yerləşdirilməlidir, üst-başı bit-birənin içindədir. Amma istənilən halda insandır, ona köməklik göstərilməlidir. Hamımız insanıq, heç kim axırının nə olacağını bilmir.

Bir nəfər imkanlı şəxs vardı, arada qadına palto, geyim və gecə köynəkləri gətirmişdi. Küçədə qaldığı üçün həmin geyimləri də yanında saxlayırdı. Sonra dedi ki, həmin geyimləri götürüblər. Hər gün işə gedirəm, amma bir fikrim onun yanında qalır. İş yerimə yaxın küçədə oturur. Tez-tez çay verirəm, yemək bişirib aparıram. Amma bununla iş bitmir axı.. Bu qadının bir sığınacağı olmalıdır. Dövlət qayğısına alınmalıdır. Gəncə Rayon İcra Hakimiyyəti məsələni nəzarətə almalıdır”.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndərsək də, qurum sualları cavabsız qoyub.

cebhe.info

GƏNCƏDƏ: 83 yaşlı qadının küçədə ölüm-dirim savaşı: Bir qab su, quru çörək və ağac altı - FOTOLAR
GƏNCƏDƏ: 83 yaşlı qadının küçədə ölüm-dirim savaşı: Bir qab su, quru çörək və ağac altı - FOTOLAR
GƏNCƏDƏ: 83 yaşlı qadının küçədə ölüm-dirim savaşı: Bir qab su, quru çörək və ağac altı - FOTOLAR
GƏNCƏDƏ: 83 yaşlı qadının küçədə ölüm-dirim savaşı: Bir qab su, quru çörək və ağac altı - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ