SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Tarix:

18-01-2017, 21:25

/ 1 680 dəfə oxundu.
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun “Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Alim son illər yer elmlərinin müxtəlif istiqamətlər üzrə aparılan elmi tədqiqatlarının vəziyyəti və inkişaf perspektivləri, eləcə də əldə edilmiş əsas elmi nəticələrə dair təqdimatla çıxış edib.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Bölmənin tərkibinə daxil olan elmi müəssisələrə fəaliyyətlərinin səmərəliyini yüksəltmək üçün ortaq mültidissiplinar proqram və layihələrin hazırlanması, magistratura və doktorantura üzrə kadr hazırlığının perspektiv elmi istiqamətlərə uyğun olaraq aparılması və digər məsələlərə dair tapşırıqlar verilib.

İclasda akademik Akif Əlizadə “AMEA-nın professoru” elmi adının təsis edilməsi məsələsi ilə bağlı çıxış edib. Akademik son illər alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin layiqincə qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılması yönündə islahatların həyata keçirildiyini, yeni fəxri ad, diplom və mükafatların təsis edildiyini diqqətə çadırıb. AMEA prezidenti vurğulayıb ki, akademik professor elmi adı milli və beynəlxalq səviyyədə yüksək elmi nailiyyətlər əldə etmiş, uzun illər AMEA-nın əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə təsis olunur.

Məsələ müzakirə olunduqdan sonra yeni elmi ad təsis edilib. Onun Əsasnaməsinin hazırlanması üçün İşçi qrup yaradılıb.

Tədbirdə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemlərinin yaradılması haqqında məsələyə baxılıb. Bununla bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev respublikanın elmi qurumlarında aparılan elmi tədqiqatların təşkili və idarə olunmasında bəzi çətinliklərin yarandığını deyib. Akademik bunun aradan qaldırılması məqsədilə AMEA-da elektron elmin formalaşdırılmasının fəaliyyət planına uyğun olaraq adıçəkilən Şuranın fəaliyyətinə dəstək kimi ölkə üzrə elmi problemlərin və dissertasiya mövzularının reyestrlərinin (informasiya sistemlərinin) yaradılmasının zəruriliyini bildirib. AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradıldığını qeyd edən akademik R.Əliquliyev bu resurslarda müntəzəm olaraq öz əksini tapan məlumatların analizinin elmin idarə olunması məsələlərinin həllinə öz dəstəyini verəcəyini söyləyib. Akademik-katib qeyd edib ki, elmi problemlər və dissertasiya mövzuları haqqında məlumatların yeni yaradılacaq informasiya sistemlərində saxlanılması respublikada elmi-tədqiqatların təşkili, əlaqələndirilməsi, idarə olunması, monitorinqi və qiymətləndirilməsi, büdcə vəsaitlərinin təyinatlı və səmərəli istifadə edilməsi, təkrarçılığın aşkarlanması və aradan qaldırılmasında mühüm rol oynayacaq. Akademik informasiya sistemlərinin AMEA-nın DATA mərkəzində yerləşdirilməsi ilə onların informasiya təhlükəsizliyinin təmin ediləcəyini, eyni zamanda bu sistemlərə onlayn çıxış imkanlarının olacağını da əlavə edib.

Qeyd olunanları nəzərə alaraq Rəyasət Heyəti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərinin yaradılması və bu istiqamətdə müvafiq işlərin görülməsi barədə tapşırıq verib.

Rəyasət Heyəti iclasda Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalı ilə bağlı məsələni də müzakirə edib. Bildirilib ki, sözügedən konsepsiya və portal Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə hazırlanıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən yaradılan bu konsepsiya və veb-portal ötən ilin noyabrında geniş ictimaiyyətə təqdim olunub.

Müzakirə prosesində irəli sürülən fikir və təklifləri nəzərə alaraq, Rəyasət Heyəti Terminologiya Komissiyasının fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması, terminologiya sahəsində milli terminoloji standartların işlənilməsi və s. məsələlərlə bağlı qərar verib.

İclasda AMEA-nın elmi müəssisə və təşkilatlarının Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyəti üzrə hesabatı dinlənilib. Hesabatı məruzə edən akademik Rasim Əliquliyev bildirib ki, ölkəmizdə informasiya cəmiyyətinin hazırki mərhələsində “virtual Azərbaycan”ın formalaşdırılması qarşıya əsas məqsəd kimi qoyulub. Ötən müddət ərzində internet mühitində milli kontentin inkişaf etdirilməsi, xalqımızın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanılması və dünya informasiya məkanında geniş təbliği, elcə də Vikipediya ensiklopediyasında Azərbaycanın milli maraqlarının yüksək səviyyədə qorunması işində AMEA-nın müvafiq müəssisə və təşkilatları tərəfindən səmərəli fəaliyyət həyata keçirilib. Qeyd olunan istiqamətlərdə görülən kompleks işlərdən danışan akademik bu sahədə beynəlxalq təcrübəyə əsaslanaraq elmi-tədqiqat işlərinin aparıldığını, milli maraqlarımıza zidd olan kontentin aşkarlanması üçün müntəzəm monitorinqlərin təşkil olunduğunu, Vikipediyada Azərbaycanın tarixi həqiqətləri, nailiyyətləri, görkəmli şəxsiyyətləri haqqında zəruri məlumatların, eləcə də ensiklopedik elmi biliklərin yerləşdirildiyini bildirib. Məruzəçi həmçinin Vikipediyada işləmək üçün zəruri bilik və vərdişlərin aşılanması məqsədilə müxtəlif qurumların əməkdaşlarına, ali məktəb tələbələrinə təlim kursları keçirildiyini, əhali arasında Vikipediyanın populyarlaşdırılması, alim və mütəxəssislərimizin Vikipediyaya öz töhfələrini vermələri üçün ölkə mediasında təbliğat-təşviqat işləri aparıldığını da vurğulayıb.

Hesabat dinlədikdən sonra təsdiq olunub. Rəyasət Heyəti Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, viki-qrupların fəaliyyətinin maddi-texniki təminatının gücləndirilməsi, AMEA İnformasiya Texnologiyaları İnstitutun Viki Mərkəzi tərəfindən Akademiyanın elmi müəssisə və təşkilatlarında təşkil edilən təlim kurslarının davam etdirilməsi barədə tapşırıqlar verib.

Növbəti məsələ “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı ilə bağlı olub. Bildirilib ki, Azərbaycanın qədim tarixə və zəngin ənənələrə malik xalçaçılıq sənətinin multi­dis­siplinar əsaslarla tədqiqi istiqamətində son zamanlar AMEA-nın müvafiq elmi tədqiqat müəssisələri ilə "Azər­il­mə" MMC arasında əməkdaşlıq münasibətləri genişlənib. Bu əlaqələrin daha da inkişaf etdirilməsi, xalçaçılıq sahəsindəki tədqiqatların elmi nəticələrinin koor­di­na­siyalı şəkildə geniş ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan, rus, ingilis dillə­rin­də nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının AMEA Rəyasət Heyəti və "Azərilmə" MMC-nin birgə təsisçiliyi ilə nəşr edilməsi qərara alınıb. Jurnalın yeni tərkibdə Re­dak­si­ya heyəti təsdiqlənib.

Gündəlikdə əksini tapan digər məsələlər AMEA-nın müşaviri, akademik Qərib Məmmədovun 70 illik, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Seysmostratiqrafiya şöbəsinin rəhbəri, akademik Pərviz Məmmədovun 80 illik, Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyevin isə

70 illik yubileyləri haqqında olub. Azərbaycan elminin inkişafındakı xid­mət­lə­rini nəzərə alaraq alimlərin AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi və yubileylərinə həsr olunmuş elmi konfransların keçirilməsi barədə Rəyasət Heyəti qərarlar verib.

Sonra iclasda Akademiyanın müxbir üzvü Aqil Əliyevin 90 illik yubileyi ilə əlaqədar AMEA, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təkliflərindən ibarət Tədbirlər planı təsdiq edilib.

Tədbirdə həmçinin AMEA-nın Neft və Qaz İnstitutunun Elmi Şurasının yaradılması və Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Rəcəb İsmayıllının Almaniya Federativ Respublikasının Zigen Universitetinə ezam olunması haqqında qərarlar qəbul edilib.

Sonda kadr məsələlərinə baxılıb. Geologiya-mineralogiya üzrə elmlər doktoru Vaqif Qurbanov AMEA-nın Neft və Qaz İnstitutunun elmi işlər üzrə direktor müavini, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova həmin institutunun elmi katibi vəzifəsinə təyin olunublar.
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Şərhlər

XƏBƏR LENTİ