SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nəqliyyat “qoçuları” yenə iş başında – Onlar sadəcə geyimlərini dəyişib

Nəqliyyat “qoçuları” yenə iş başında – Onlar sadəcə geyimlərini dəyişib

Tarix:

8-10-2019, 00:52

/ 888 dəfə oxundu.
Nəqliyyat “qoçuları” yenə iş başında – Onlar sadəcə geyimlərini dəyişib

Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Qurum yarananda ümidlər var idi ki, nəhayət, nəqliyyat sahəsində səliqə-sahman yaradılacaq. Lakin gözləntilərin əksi baş verdi.
Yenisabah.az xəbər verir ki, BNA əməkdaşlarının fəaliyyəti ən yaxşı halda nəqliyyat müfəttişlərinin faəliyyətinin təkrarından o yana keçmədi. Onlar da nəqliyyat “qoçuları” kimi vətəndaşlarda narazılıq yaradan addımlar atmağa başladı. Yeri gəldi, gəlmədi cərimələrin yazılması, sürücülərlə kobud rəftar, parkinq edən avtomobillərin evakuatorla “yox”a çıxarılması və s. BNA əməkdaşlarının fəaliyyətində “qırmızı xətlə” keçir. Hətta ictimaiyyət nümayəndələri, deputatlar da bu qurumun qanunsuz əməllərindən dilə gəldi.

Belə anlaşılır ki, Nəqliyyat Nazirliyinin zamanında mövcud olanlar yenə də iş başındadırlar. Onlar sadəcə, əyinlərinə geydikləri formaları dəyişərək BNA-nın uniformasını geyiniblər. Mahiyyət isə dəyişməyib.

Parlamentdə məsələ qaldırılıdı, mediada vətəndaşların, tanınmış şəxslərin şikayətləri dərc edildi, sosial şəbəkələrdə ciddi müzakirələr aparıldı, fəqət BNA bütün bunlara əhəmiyyət vermədi. Bəzi hallarda şikayətçiləri borclu çıxardı, onların haqsız olduğunu sübut etmək üçün fotolar, videolar yaydı. Bu isə onsuz da ölkədə ciddi narazılığın olduğu bir dönəmdə vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarıb. Digər tərəfdən vətəndaşın şikayətinə adekvat cavab vermək əvəzinə onun avtomobilinin fotolarını nömrəsi də görünməklə sosial şəbəkədə yaymaq BNA rəhbərliyinin nəinki qeyri-peşəkar davranışını, hüquq pozuntularına yol verdiyini də ortaya qoydu. Hüquqşünaslar insanların şəxsi əmlaklarının fotolarının ictimailəşdirilməsinin ciddi qanun pozuntusu olduğunu bildirirlər. Xüsusilə bunun bir dövlət qurumu tərəfindən edilməsi məsuliyyəti daha da artırır.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan millət vəkili Fazil Mustafa bildirib ki, BNA ictimaiyyətlə münasibətləri düzgün qurmalıdır. “Vətəndaşları narahat edən məsələlərdə onların da rolu var. Bu baxımdan ictimaiyyətlə açıq münasibətlər qurulmalıdır və daha şəffaf şəkildə xidmət göstərilməlidir.

Hansısa cərimələr hesabına pul qazanmaq siyasəti vətəndaşı narazır. Ona görə də vətəndaşın cibinə girmək yox, həm də maarifləndirmə işi aparılmalıdır. Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyi daha çox bu istiqamətdə fəaliyyət göstərməlidir. Lakin indiki məqamda sözügedən qurumun bu istiqamətdə fəaliyyəti hiss olunmur”, – deyə millət vəkili əlavə edib.

Fazil Mustafa deyib ki, vətəndaşların şikayətlərinə rəğmən BNA rəsmilərinin ironik danışması da yanlışdır. “Həmçinin, onları tənqid edənlərin qayda pozmaları ilə ilə bağlı foto və videolarını yaymaq da uğurlu addım deyil. Bu həm də hüquqi baxımından doğru deyil. Tənqidi sevməmək özlərinin ziyanınadır”, – deyə millər vəkili vurğulayıb.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, vətəndaşlarla BNA arasında gərginlik əsasən parkinq məsələsində yaranır. “Bu problem Bakı Şəhər İcra Hakimiyyətinin də, Baş Dövlət Yol Polisinin də dövründə var idi. Bunun da səbəbi nəqliyyat sahəsində xaotik durumun hökm sürməsidir. Bakı Nəqliyyat Agentliyi bu problemin həlli istiqamətində səylər göstərməlidir. Nəqliyyat sahəsində xaos hökm sürdükcə, vətəndaşlarla Bakı Nəqliyyat Agentliyi arasında gərginlik davam edəcək”, – deyə ekspert vurğulayıb.

Elməddin Muradlının sözlərinə görə, BNA əməkdaşlarının sürücülərlə qaba davranışı barədə hər hansı fakta malik olmasa da, belə şikayətlərlə mediadan tanışdır. Ekspert əlavə edib ki, BNA problemin həllinə çalışırsa, parkinq məsələsi ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. “Məsələn deyirlər ki, zəruri hallarda avtomobil cərimə meydançasına aparıla bilər. Amma bu “zəruri hal”ın nə olduğu izah edilmir. Yaxşı, başa düşdük ki, hansısa vətəndaş avtomobilini dayanacağın qarşısında saxlayıbsa, onu oradan aparmaq olar. Amma axı digər yerlərdə parkinq edən avtomobillərlə bağlı da bu baş verir”.

Şərhlər

XƏBƏR LENTİ