SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » XOŞQƏDƏMİN REKLAM ETDİYİ HƏKİMDƏN DAHA BİR ŞİKAYƏT

XOŞQƏDƏMİN REKLAM ETDİYİ HƏKİMDƏN DAHA BİR ŞİKAYƏT

Tarix:

17-09-2019, 13:54

/ 1 071 dəfə oxundu.
XOŞQƏDƏMİN REKLAM ETDİYİ HƏKİMDƏN DAHA BİR ŞİKAYƏT

Tanınmış ginekoloq həkim Aytən Səfərova ilə bağlı Yenilik.Az redaksiyasına müraciət daxil olub. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Mən Babayeva Mətanət Salman qızı Aytən Səfərovanın xəstəsi olmuşam. Baku Medikal Plazada işləyəndə hər ay yanında olarkən 70 manat pul ödəyirdim. UZİ-də baxanda mənə deyirdi ki, gözəl-göyçək, sapsağlam qızın olacaq, 9 aya qədər heç bir dərman da yazmamışdı ki, ehtiyac yoxdur, uşaq tam sağlamdır. Uşağın ayın axırı doğulacağını desə də, ayın əvvəli yanına gedəndə təlaşla dedi ki, uşaq qidalanmır, uşağı tez əməliyyatla götürməliyik. 2018-ci il martın 5-də uşaq əməliyyatla dünyaya gəldi. Səhəri gün, yəni martın 6-da pediatr İlkanə xanım mənə yaxınlaşıb dedi ki, uşaq Exo olunmalıdır, həm də daun sindromuna görə şübhəliyik, yoxlanmalıdır, genetik analizlər edilməlidir, sən demə uşağın həm ürək qüsuru varmış, həm də daun sindromu ilə doğulubmuş. Ayın 7-də bacım Aytənə yaxınlaşdı ki, “ay xanım, bu nə məsələdir, bəs deyirdin uşaq tam sağlamdır, Aytən isə yenə dedi ki, “uşaq əməliyyata götürdüyüm günə kimi tam sağlam idi, elə şey ola bilməz”. Xəstəxanadan çıxanda tibb bacılarına dedim ki, “Aytəni görmək istəyirəm”, dedilər burda yoxdur. Halbuki bütün xəstələrə deyirlər ki, xəstəxanadan çıxandan 1 ay sonra yoxlanmaq üçün həkimin yanına gəlin. Sonradan bildim ki, artıq Baku Medikal Plazadan işdən çıxarılıbmış. 1 aydan sonra Aytənin yeni iş yeri olan Caspian Hospitala getdim, dedilər müayinə üçün 70 manat ödəməlisən, bidlirdim ki, hər ay Aytənin yanına gedəndə 70 manat vermişəm, indi həmin pullarımı almağa gəlmişəm. Bunu sözgəlişi dedim, çünki o mənə düzgün həkim olmadı, pullarım boşuna getmişdi.

Həmin vaxt qapısının ağzında qəbul üçün növbə gözləyən xeyli adam var idi, mənim dediklərimi eşitməsinlər deyə, tez məni Aytənin yanına buraxdılar. Dedim “mənim başıma bu nə oyun idi açdın, ay Aytən? Savadın yoxdur işləmə, milləti bədbəxt eləmə”. Mənə nə desə yaxşıdır? “Uşağın ürək qüsurludur, get əməliyyat etdir.”

Aytən Səfərova haqqında bir məsələni də deyim ki, yanına gedənləri ancaq keyser əməliyyatına yönəldir, deyir sən də təbii doğuş alınmaz. Reklamlar sayəsində qapısının ağzı xəstə ilə dolu olur, ancaq hər xəstəyə 2 dəqiqə ayırır, qaçhaqaçla işləyir. Son illərdə isə süni mayalanma öyrənib, indi də yanına gedənlərə deyir ki, “səndə təbii yolla uşaq olmaz, süni mayalanma edim”.

Mənim başıma gətirdiyi oyuna görə, istədim hüquqi yollarla onu cəzalandırım, məhkəməyə verim, sonra düşündüm ki, mənə olan artıq olub, nə etsəm bunun övladımın sağlamlığına faydası olmayacaq. Lakin indi son günlər Aytən Səfərova haqqında yazılanları oxuyub mən də öz başıma gələnləri yazdım ki, mənim etdiyim səhvi başqaları etməsin, həkim seçəndə elə həkim seçsinlər ki, bir ömür onun əzabını çəkməsinlər.”

Müraciətdə qeyd olunanlarla bağlı Baku Medikal Plaza-dan mövqe öyrənmək istəsək də zənglərimizə cavab verən olmadı.

Mətanət Babayevanın iddialarına ginekoloq Aytən Səfərovanın mövqeyini öyrənmək üçün Whatsapp vasitəsilə şikayəti olduğu kimi ona göndərdik. Bizi cavablandıran şəxs həkimin köməkçisi olduğunu, həkimin isə əməliyyatda olduğunu bildirdi. Az sonra bizdən şikayətçinin atasının adını soruşdu, sonradan cavab olaraq həmin şəxsin Baku Medikal Plazada əməliyyat olunduğu, imkansız olduğu, tələb olunan 70 manat ödənişi çox vaxt verə bilmədiyi bildirildi. Yazışdığımız şəxs Aytən Səfərova əməliyyatdan çıxandan sonra açıqlama verəcəklərini vəd etsə də təəssüf ki, sonra cavab yazılmadı. Buna baxmayaraq biz istənilən vaxt Aytən Səfərovanın və ya nümayəndəsinin vətəndaşın müraciətilə bağlı mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.

Qeyd edək ki, Aytən Səfərova televiziya verilişlərində, əsasən də Xoşqədəm Baxşəliyevanın aparıcısı olduğu “Səni axtarıram” verilişində “Nömrə 1” ginekoloq kimi reklam olunur.

Xatırladaq ki, Aytən Səfərova ilə bağlı G.Aslanova adlı vətəndaşın da ötən il mediada şikayəti dərc olunmuşdu. Bakı Apellyasiya Məhkəməsinin qərarına görə, A.Səfərova şikayətçiyə 7 min 108 manat 67 qəpik, eləcə də mənəvi zərər kimi 200 manat ödəməlidir. Ayrıca şikayətçinin Aytən Səfərovanın məsuliyyətə cəlb edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə verdiyi digər iddiasına da baxılıb və məhkəmə işin yenidən araşdırılmasına qərar verib. Mediada yayılan xəbərlərə görə, hətta A.Səfərova zərərçəkmiş G.Aslanovaya barışıq təklif edib.

Şərhlər

XƏBƏR LENTİ