SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dövlət qurumları səfərbər oldu:Dövriyyədəki tonlarla leş əti haralarda qarşımıza çıxa bilər?

Dövlət qurumları səfərbər oldu:Dövriyyədəki tonlarla leş əti haralarda qarşımıza çıxa bilər?

Tarix:

14-09-2019, 10:05

/ 820 dəfə oxundu.
Dövlət qurumları səfərbər oldu:Dövriyyədəki tonlarla leş əti haralarda qarşımıza çıxa bilər?

Adil Qeybulla: “Belə leş şəbəkələri adətən kimlərinsə himayəsində olur...
Xəbər verildiyi kimi, Abşeronda mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilib. Daxili İşlər Nazirliyinin məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Əməliyyat zamanı mütəşəkkil dəstə tərkibində birləşən əvvəllər eyni əməllərə görə məhkum olunmuş şəxslərin yaratdığı şəbəkənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər. Toplanmış materiallardan müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.

Belə ki, mütəşəkkil dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. O, qurduğu cinayətkar şəbəkə vasitəsilə rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin əsasən gecə saatlarında daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.

Əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, mütəşəkkil dəstənin rəhbərlərindən biri Əlifxan Rzaxanov Sabirabad rayonunun Xəlfəli kəndində eyni qaydada tədarük məntəqəsi yaradaraq mənşəyi məlum olmayan heyvan ətlərini ətraf rayonlardan toplayaraq Alıbəy Rzaxanova göndərilməsini təşkil edib. Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılaraq mütəşəkkil cinayətkar dəstəyə daxil olan 8 nəfər həbs edilib. Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.

Növbəti tədbir sentyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Suraxanı rayonu ərazisində keçirilib. DİN-dən verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Mürsəlova məxsus quş kəsimi sahəsinə baxış zamanı sanitariya tələblərinə cavab verməyən, natəmiz vəziyyətdə saxlanılan və qida üçün yararsız, çəkisi 996 kiloqram toyuq əti aşkar edilib. Götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Leş ətinin və mənşəyi bəlli olmayan, saxlanma şəraiti düzdün olmayan ətlərin qəbulu insan orqanizmində ciddi fəsadlar yaradır. Bu barədə “Yeni Müsavat”a danışan tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, bu gün istər kolbasa istehsalında, istərsə də, konservləşdirilmiş ət məhsullarının istehsalında mənşəyi bilinməyən, yararsız halda olan ət məhsulları istifadə edilir: “Həmçinin istehlak müddəti bitmiş ət məhsulları yenidən işlənilir. Belə şayiələr də gəzir ki, Azərbaycana idxal olunan ətin əksər hissəsi musson yağışlarında ölən heyvanların ətidir. İstər ölkəyə idxal olunan, istərsə də, istehsal olunan ət və ət məhsullarının keyfiyyət parametrləri haqqında yüksək danışmaq çətindir. Daim eşidirik ki, dönərdən zəhərlənmə oldu, ictimai iaşə müəssisələrində kütləvi zəhərlənmə oldu. Deməli, həmin ərzaq məhsullarının istehsalı, daşınması, saxlanılması, utilizasiyası və bütövlükdə dövriyyəsi proseslərinin pozulması ilə bağlıdır”.

A.Qeybullanın sözlərinə görə, belə leş şəbəkələri adətən kimlərinsə himayəsində olur: “Lakin bəzən son anda hansısa şəkildə onların cinayət əməli aşkarlanır, kimlərsə cəzalanır. Ancaq şəbəkə fəaliyyətinə bəzən davam edir. Təəssüflər olsun ki, ölkədə ət və ət məhsullarının baytarlıq nəzarətindən keçməsi formal xarakter daşıyır. Ətin üzərinə möhür vurulsa da, tərkibi yoxlanılmır. Ona görə son vaxtlar ölkədə brusellyoz, qara yara kimi xəstəliklər artır, hətta bəzən ölümlə nəticələnir. Bu cür ətlərin qəbulu insanlarda müxtəlif xəstəliklərə, o cümlədən zoonoz infeksiyalara səbəb olur. Brusellyoz, Sibir xorası, toksoplazmoz kimi problemlərə gətirib çıxarır”.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən isə “Yeni Müsavat”a bildirildi ki, qurum fəaliyyətə başladığı ilk gündən etibarən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində heyvan sağlamlığının təmin olunması və istehlak üçün yalnız baytarlıq müayinəsindən keçmiş heyvan mənşəli məhsulların istifadəsi ilə bağlı zəruri tədbirlər həyata keçirməkdədir. Bununla bağlı olaraq hüquq-mühafizə orqanları ilə birlikdə mütəmadi şəkildə mənşəyi məlum olmayan, istehlak üçün yararsız heyvan mənşəli məhsulların dövriyyədən çıxarılması istiqamətində ciddi tədbirlər görülür.

Bu sahədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir: “Aşkarlanan qanunsuz hallarla bağlı AQTA tərəfindən kompleks tədbirlərin miqyası genişlənidirilib və qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinə, ictimai iaşə obyektlərinə və heyvan mənşəli məhsulların emalı sahələrinə həyata keçirilən nəzarət tədbirlərinin - reydlərin sayı artırılıb. Bununla bağlı olaraq Agentlik bir daha ictimai iaşə və heyvan mənşəli məhsullarının emalı müəssisələrinin sahiblərinə xəbərdarlıq edərək bildirir ki, baytarlıq nəzarətindən keçməmiş heyvan mənşəli məhsullardan istifadə olunması ilə bağlı hər hansı bir fakt aşkarlandıqda qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək. Eyni zamanda, istehlakçılara tövsiyə olunur ki, ictimai iaşə, satış və digər məkanlarda heyvan mənşəli məhsullar alarkən məhsulun baytarlıq nəzarətindən keçdiyini sübut edən sənədləri tələb etsinlər və mənşəyi məlum olmayan bu tipli qida məhsullarının istehlakına yol verməsinlər”.

Şərhlər

XƏBƏR LENTİ